AZƏRBAYCANLI AKTRİSA: "QİZİM məndən çox ARZULAYIR ki, AİLƏ QURUM" - FOTO
Aktrisa Sonaxanım Əliyevanın Milli.Az-a müsahibəsi. - Sonaxanım, bilirəm ki, iş qrafikiniz gərgindir. Həm toya gedirsiniz, həm də seriala çəkilirsiniz. Bütün bunları necə çatdırırsınız? - Neyləmək olar? Gərək çatdırım da. Könlü balıq istəyənin, quyruğu suda gərək (gülür). Təbii ki, çətindir. Eyni anda insanın beynində bir neçə fikir olur. Həyatda çətin olmayan heç nə yoxdur. Yəqin ki, mənim də alnımın yazısıdır çətinliklər. - Bezmirsiniz təkbaşına bu qədər yükü daşımaqdan? - Bezirəm, həm də çox. Özümlə tək qalanda depressiyaya da düşürəm. Yenə də depressiyadan özüm-özümü çıxarıb, ayağa qalxıram. - Necə? - Sadəcə özümə imkan vermirəm ki, bu hal davam etsin. Özümü ələ alıram. - Hər zaman mənfi rollarda oynayırsınız. Yəqin ki, bu tip rolları özünüzə yaxın bilirsiniz? - Bu tip rolları mən yox, rejissorlar mənə yaxın bilir. - Rejissorlara niyə şərait yaradırsınız bu tip rollarla sizi tanıtsınlar? - Mən aktrisayam, aktrisa mənfi rolları da, müsbət rolları da oynamağı bacarmalıdır. Mənfi rolları oynamaq daha çətindir. - Bu rolların tamaşaçılarda sizə qarşı böyük nifrət qazandırmaqından qorxmursunuz? - Xeyr, əksinə oyun tərzimə dəyər verən tamaşaçılarım daha çoxdur. Mən onlara minnətdaram! - Müsbət rol oynamaq istərdiniz? - Təbii ki, istərdim. Yenə də qismət. - Kiməsə baxıb, mənfi xarakteri götürürsünüz? - Bizim sənətimizin ilk növbədə bir cəhəti var: İnsanları müşahidə etmək! İnsanları müşahidə edirik, lazım olanları da yaddaşa həkk edirik. - "Vicdan haqqı"nın çəkilişləri necə gedir? - Artıq çəkilişlərim demək olar ki, bitib. Bildiyinizə görə finala az qalıb. - Demək ki, "Vicdan haqqı" tamaşaçıları ilə həmişəlik sağollaşır? - Bunu mən yox, rejissorumuz Rövşən İsax deyə bilər. Mən şəxsən istəməzdim ki, serialımız bitsin. 3 il az zaman deyil. Ən azından bütün kollektiv üzvləri ilə doğmalaşmışıq. - Amma serialı iki aktrisa tərk etmişdi. Onların yeri görünürdü? - Onlarla həyatda gözəl münasibətlərimiz var. - Deyirlər ki, Rövşən İsax serialda çəkilən aktrisa və aktyorlara onlarla münasibət saxlamağı qadağan edib. Bu doğrudur? - Xeyr, bu informasiya yanlışdır. Rövşən İsax dərin düşüncəli insandır və heç kimin şəxsi münasibətlərinə müdaxilə etmir. - Bildiyimə görə şəxsi həyatınız uğursuz olub. Ümumiyyətlə, bir qadını həyatda nə sındıra bilər? - Məncə qürurlu qadını sındırmaq olmur. Yalnız övlad dərdi bir qadını sındıra bilər. Onu da düşmənimə belə arzulamıram. - Həyat yoldaşınızla ayrılarkən övladınıza aliment tələb etdiniz, yoxsa? - Xeyr. Buraxdım öz ixtiyarına. Mən heç vaxt aliment tələb etməmişəm. - Qızınıza onun istədiyi xoşbəxtliyi təkbaşına verə bildiniz? - Hələ bu haqda danışmaq tezdir. Qızımın hələ ki, 15 yaşı var. Nə vaxt əlinə sənət verərəm, ailə qurar, bax onda artıq nəsə deyə bilərəm. - Qadınlar ayrılandan sonra özlərini övlada həsr edirlər, bəzən də fikirləşirlər ki, qızım ailə həyatı qursun, sonra özümə vaxt ayıraram. Onda da gec olur... - Çox şükür ki, mənim qızım düşüncəlidir. Məndən çox qızım arzulayır ki, mən ailə həyatı qurum. - Zamanın gecikməsini gözləyirsiniz, yoxsa sizi qane edən biri yoxdur? - Hələ də məni qane edən yoxdur (gülür). Hal-hazırda məni düşündürən yalnız qızımın xoşbəxtliyidir.