Ayaz MÜTƏLLİBOV Gəncə və Mingəçevir olayları ilə bağlı ELƏ ŞEYLƏRDƏN DANIŞDI Kİ,...

Eks-prezident: “İmkan vermək olmaz ki, təxribatçı ünsürlər bu dindar insanların inanclarından öz çirkin məqsədləri üçün istifadə etsinlər

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “Yeni Müsavat”a geniş müsahibə verib. Mingəçevirdə baş vermiş qəzadan, Gəncədə baş verən qanlı hadisələrdən və ən vacib problemimiz olan Qarabağ məsələsindən bəhs edən müsahibəni diqqətinizə çatdırırıq:

- Ayaz müəllim, Azərbaycanın ikinci böyük şəhərinin-Gəncənin icra başçısına qarşı sui-qəsd olayını və daha sonra iki polis zabitinin qətlə yetirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Mən bu hadisəni çox böyük üzüntü ilə qarşıladım. Gəncədə şəhid olan polislərimizə Allah rəhmət eləsin! Həlak olan zabitlərimizin ailələrinə səbr diləyirəm. Onlar Azərbaycan övladları, ziyalılarıdır, çox təəssüf ki, belə faciə baş verdi. Allah bizim millətə bir daha belə faciələr göstərməsin. İnanıram ki. tezliklə cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar və cəzalandırılacaqlar.

- Bu hadisədə xarici qüvvələrin əlinin olmasından bəhs olunur. Maraqlıdır ki, həm Rusiya, həm də İrandakı qüvvələrdən danışılır. Siz hansı ehtimala üstünlük verirsiniz?

- Gəncədə baş verənlər böyük faciədir. Səbəbinin nə olmasından asılı olmayaraq, ortada qanlı cinayət hadisəsi var.  Silah işlətmək, qan tökmək vəziyyətdən çıxış yolu deyil, bu son mərhələdə ağır nəticələrə gətirib çıxara bilər. Hadisədə hansısa qüvvələrin əlinin olması  faktının araşdırılması, qeyd etdiyim kimi  təhlükəsizlik  xidmətlərin səlahiyyətlərində olan işdir. Amma bunu əminliklə vurğulayıram ki, bu hadisədən ölkəmizdə sabitliyi pozmaq istəyən, dövlətimizin müstəqilliyini gözü götürməyən mərkəzlər və onların daxildəki əlaltıları maksimum səviyyədə yararlanmağa çalışacaqlar.

Azərbaycan tarixən müxtəlif millətlərin, dini etiqad sahiblərinin bir yerdə, mehriban qonşuluq şəraitində yaşadığı Vətən olub. Müsəlman əhalinin əksər hissəsi şiə inanclı Hz.Əli, Hz.Hüseyn ardıcıllarıdır. Bu insanlara qayğı ilə, onların inanclarına həssaslıqla yanaşmaq lazımdır. Onlarda Azərbaycan vətəndaşları, bu xalqın övladlarıdır. İmkan vermək olmaz ki, təxribatçı ünsürlər bu dindar insanların inanclarından öz çirkin məqsədləri üçün istifadə etsinlər. Axır zamanlar bu cür  istifadə etmək cəhdi aşıq şəkildə özünü büruzə verir.

Qarşıdan Məhərrəm ayı, Aşura mərasimi gəlir. Tarixən bu mərasim əhalinin böyük bir hissəsi tərəfindən ehtiramla keçirilir. Demək olar ki, 100 illər ərzində bizim milli mədəni dini dəyərlərimiz arasında özünəməxsus yer tutub. Olduqca ehtiyatlı davranmaq, məsuliyyətsiz çıxışlar, qızışdırıcı bəyanatlar verməkdən çəkinmək lazımdır! Bu ilk növbədə bəzi məmurlara və millət vəkillərinə aiddir. Təxribatların qarşısı yerindəcə almaq vətəndaşlıq borcumuzdur.

- Ayaz müəllim, Gəncə və Mingəçevir şəhərlərində baş verənlər hadisələr arasında əlaqənin olduğunu düşünürsünüzmü?

 - Gəncə və Mingəçevirdə baş vermiş hadisələri dövlətçiliyimizə və müstəqilliyimizə qarşı zərərli bir hadisələr kimi qiymətləndirirəm! Gərək bu hadisələr baş verməyəydi. Amma təəssüflər olsun ki, obyektiv və subyektiv səbəblər üzündən bunların qarşısı alinmadı. Xüsusən  bu iki hadisənin bir birinin ardınca baş verməsi, haqlı təlaşlara və narahatçılıqlara səbəb oldu. Əhalinin əksər hissəsinə və dövlətimizə işığın sönməsindən ciddi mənəvi və maddi ziyan dəydi. Bu iki hadisə arasında bağlılığa gəldikdə isə, bu əlaqə ola da bilər, olmaya da. Yəqin ki, dövlət rəhbərinin sərəncamı ilə yaradılmış komissiya çox yaxın zamanda hadisəni təhlil edərək ictimaiyyətə açıqlama verəcəklər.

- Siz uzun illər Azərbaycan hökumətinə rəhbərlik etmiş, ölkə təsərrüfatından xəbəri olan, üstəlik, ölkənin birinci şəxsi-prezidenti olmuş şəxssiniz. Bu mənada Azərbaycanı elektrik enerjisi ilə təmin edən Mingəçevirdə bir blokun sıradan çıxması nəticəsində ölkənin qaranlığa qərq olması faktını necə dəyərləndirirsiniz?

“Biz də müəyyən müddət qaranlıqda qaldıq, amma panikaya düşmədik”

- Birmənalı şəkildə ölkənin bir anın içində zülmətə düşməsini faciə kimi qiymətləndirirəm! Bizim ailə də o çətinliyi yaşadı, müəyyən müddət qaranlıqda qaldıq, amma panikaya düşmədik, əmin idik ki, işıq tez bərpa olunacaq. Minlərlə insan metroda və digər yerlərdə əziyyətlə qarşılaşdı. Nəzərə alsaq ki, o cür istidə havalandırılmayan bir yerdə qalmaq nə deməkdir, hadisənin mürəkkəbliyini başa düşərik. Şükürlər olsun ki, hər şey salamatlıqla başa çatdı, dövlətimiz tez bir zamanda operativ şəkildə problemi aradan qaldırdı. Faciənin miqyasına nəzər salsaq, görərik ki, belə situasiyada vəziyyətdən çıxmaq o qədər də asan deyil. Yeri gəlmişkən, mən o faciəni əhali ilə çiyin- çiyinə keçirmiş polis işçilərinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, metro  və kommunal xidmət işçilərinin zəhmətlərini qeyd etmək istərdim. Məhz onların çevik fəaliyyətlərinin nəticəsində böyük faciələrdən uzaq olduq! Bu əsl qəhrəmanlıq idi! Prezident başda olmaqla bütün dövlət xalqın yanında idi. Məhz bu fəaliyyətin nəticəsində düşmənlər sevinmədi!

Ölkəyə  vaxtilə rəhbərlik etmiş bir şəxs kimi soruşursunuzsa, onu deyə bilərəm ki, rəhbərliyin həyəcanını dillə ifadə etmək mümkün deyil, heç bir rəhbərlik istəməz ki, onun xalqı faciə yaşasın. Bu baxımdan indiki iqtidar da istisna deyil. Hər bir dövlətdə problemlər yaşanır, təbii fəlakətlər olur bu qaçılmazdır. Hətta bu gün tez-tez misal gətirdiyimiz Qərb və Avropada da. Amma gəlin razılaşaq ki, obyektiv və subyektiv səbəblərə görə problemlərin olmasına  baxmayaraq, Azərbaycan bir çox sahələrdə onları qabaqlayır. Elə bir neçə il bundan qabaq dəhşətli sel basqınlarını, Kür çayının daşmasını xatırlayaq. Qarşısı alınmasaydı, Azərbaycanın tən yarısını su basacaqdı. Onda kim idi təqsirkar? O boyda fəlakətdə bir adamın burnu belə qanamadı. Biz yaxşı işləri tez unuduruq. Nə isə...

- Enerji olayında təxribat izindən danışmaq olarmı?

- Təxribat ehtimalını istisna etmək olmaz. Gəlin tələsməyək. Bizdə bu işlə məşğul olan qurumlar, nazirliklər var: DİN, Təhlükəsizlik xidməti və başqaları.

- Vaxtaşırı belə ehtimallar səslənir ki, Azərbaycanı Suriya, Liviyaya döndərmək istəyən qüvvələr var. Sizcə, bunlar hansı qüvvələrdir və onlar Azərbaycandan nə istəyirlər?

- Bu ehtimal yox, mən deyərdim ki, kimlərinsə arzusu, məqsədidir. Qeyd etdiyim kimi, bu qüvvələrin məqsədi dövlətimizi zəiflətmək, stabilliyi pozmaq, son nəticədə mərkəzi hakimiyyəti özündən asılı, idarə olunan bir struktura çevirmək. Zəif hakimiyyət vasitəsilə bütöv bir xalqı öz məqsədləri üçün istifadə etmək! Budur Suriya və digər müsəlman dövlətlərində aparılan müasir siyasət!

- Prezident İlham Əliyev son müşavirələrdə məmurlara növbəti xəbərdarlıqlarını etdi. Siz bu xəbərdarlıqların ardınca hansı addımları gözləyirsiniz?

- O müşavirəni mən də izlədim. Prezidentin narahatçılığı başa düşüləndir, hardasa səhlənkarlıqlar, kimlərinsə məsuliyyətsizliyi  bu hadisələrə səbəb olub. Amma yenə də şükür olsun ki, böyük itkilərlə üz-üzə qalmadıq, düşməni sevindirmədik! Vəziyyət tam şəkildə prezidentin nəzarətindədir, əminəm ki, bu faciələrin təkrar olunmaması üçün o əlindən gələni edəcək. Qəzaya səbəb olan amillər komissiya tərəfindən araşdırılır, öz işində səhlənkarlıq edənlər təbii ki, cəzalanacaq. Yəqin ki, yaxın vaxtlarda komissiya  öz işini tamamlayacaq.

- Azərbaycan ən yüksək səviyyədə NATO sammitində iştirak edir. Ermənistan da israrla Qərbə doğru istiqamət götürüb. Necə bilirsiniz, Rusiya bu prosesə necə reaksiya verəcək? Sürprizləri ola bilərmi?

- Son hadisələr onu deməyə əsas verir ki, geosiyasi vəziyyət dəyişmək üzrədir. Ermənistan özü bilər hara gedir kimə qoşulur. Azərbaycanın isə NATO-ya  inteqrasiyasına ehtiyacı yoxdur. Bu çox ciddi məsələdir, ümumiyyətlə, biz çalışmalıyıq ki böyük güclərin arasında durmayaq. Bizim üçün əsas məsələ ondan ibarətdir ki, böyük güclərdən kim nəyə qadirdir? Qarabağ məsələsini götürək, kim bu məsələni təkbaşına həll edə bilər?  Ancaq Rusiya münaqişəni təkbaşına həll edə bilər. Açıq danışmaq lazımdır, ötən 25 ildə Azərbaycan Rusiya ilə heç zaman hesablaşmayıb. Bunun da səbəbi var. Biz Qarabağa görə Rusiyadan incik olmuşuq. Bu boşluğu da Ermənistan dolduraraq bizə qarşı istifadə edib. Amma bu gün Ermənistan Rusiyadan üz döndərib. İndi də biz bu boşluqdan yararlanmalıyıq. Düzdür, daxildən də bizim Rusiya ilə yaxınlaşmağımıza qarşı çıxan qüvvələr tapılacaq. Müxalifət hər zaman olur. Biz Rusiya ilə daha sıx əməkdaşlıq etməliyik. Necə ki, indiyədək Ermənistan Rusiyadan bizə qarşı istifadə edib, indi də biz Rusiyadan istifadə edib torpaqlarımızı geri qaytarmalıyıq. Bunun da yolu Rusiya ilə yaxınlaşmaqdan keçir. Son 25 ildə buraxdığımız səhvləri göz qabağına gətirməliyik. Bu baxımdan yeni münasibətlər yaratmalıyıq. Bu gün dünyanı idarə edən böyük dövlətlərdir. Bunların arasında Rusiyanın öz rolu var.

- Paşinyan hökuməti ilə aparılacaq Qarabağ danışıqlarından müsbət nəticə gözləyirsinizmi? Qarabağda savaşın alovlanmasını demək olarmı, yoxsa böyük güclər buna imkan verməyəcək apreldəki kimi?

- “Qarabağ respublikası” qondarma olduğu kimi, bu məsələ üzərində qurulmuş erməni siyasəti də qondarmadır. İnanmıram ki, bu və ya digər erməni rəhbəri bizim kimi müstəqil siyasət yeritsin. Yəqin yenə də növbəti dəfə kiminsə əlində təzyiq alətinə çevriləcəklər. Heç nəyə məhəl qoymadan öz siyasətimizi aparmalıyıq. Çox yaxın zamanda bu siyasət öz müsbət nəticəsini verəcək. Elə aparılan uzaq görən siyasətin nəticəsidir ki, ermənilər öz cinayətkar Sərkisyan hakimiyyətini devirdilər. Qarabağda cinayətlərə imza atmış quldurlardan bəziləri hətta həbs olunmaqdadır. Yeri gəlmişkən, onlardan bəziləri Çaykənd əməliyyatında həbs olunub Bakıya gətirilmişdi. O ki, qaldı müharibə variantına, son nöqtəyə qədər sülh danışıqlarından istifadə etmək lazımdır. Çünki bütün müharibələrin sonu danışıqlara gətirib çıxarır. Yox, əgər danışıqlar nəticəsiz qalarsa, Azərbaycan öz torpaqlarını Ali Baş Komandanın əmri ilə müharibə yolu azad etmək hüququnu özündə saxlayır. Bu bizim torpaqlarımızdır, babalarımızdan miras qalmış Vətənimizdir!  Əks halda, bu müstəqilliyi qazanmaq və suveren Dövlətimizi qorumaq yolunda canlarını vermiş həmvətənlərimizin ruhu bizi bağışlamaz. Və heç bir qüvvə bizi tutduğumuz bu haqq yoldan döndərmək hüququna malik deyil!  “Yeni Müsavat”

 
 






Fikirlər