“Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında DİPLOMATİK fiasko xofu

Xəzər konvensiyası və Nazarbayev-Putin dialoqu işğalçı ölkədə niyə təlaş yaradıb?; erməni şərhçi: “Azərbaycan bundan mütləq bizə qarşı istifadə edəcək...”

Ötən həftəsonu Qazaxıstanın Aktau şəhərində 5 sahilyanı ölkənin başçıları Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzaladılar.

Sənəd, şübhəsiz ki, Rusiya və Azərbaycan da daxil, sahilyanı dövlətlər arasında iki və çoxtərəfli əlaqələrin genişlənməsinə yeni töhfə verəcək. Bu da Ermənistanda əlavə narahatlıq yaradıb.

Sammitdə dənizin hüquqi statusuna dair qəbul edilən konvensiya ilə bağlı erməni tərəfinin şərhlərindən bunu aydın görmək olar. Düşmən ölkədə xüsusən də “məxməri inqilab”dan sonra İrəvan-Moskva münasibətlərində yaşanan gərginlik fonunda Azərbaycan-Rusiya əlaqələrinin bir az da sıxlaşması və daha anlaşıqlı olmasından dolayı əndişə artıb. Söhbət təbii ki, həm də Qarabağ məsələsində Moskva-Bakı əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsi mümkünlüyündən gedir.

Yalnız iki fakt.

“Rusiya və İran Azərbaycana Xəzər məsələsində güzəştə getdilər”. Bu sözləri özünün facebook səhifəsində Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Armen Aşotyan paylaşıb (axar.az). “Biz əqrəblərlə dolu bankanı xatırladan öz daxili siyasi qazanımızda qaynadığımız vaxtda regionda ciddi geosiyasi dəyişikliklər baş verir. ”Xəzər beşliyi" Aktauda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzaladılar. Azərbaycanı maksimal şəkildə qane edən bölünmə baş verdi. İndi o, Xəzərdə hasilat üçün böyük həcmli araşdırmalar apara və böyük həcmdə enerji daşıyıcısı ixrac edə bilər. Faktiki surətdə Rusiya və İran Azərbaycana böyük enerji daşıyıcıları məsələsində güzəştə razı oldular və əvəzində strateji və uzunmüddətli zəmanət aldılar. Bu da de-fakto qonşularımız arasında mövcud əlaqələri gücləndirəcək. Daxili siyasi gündəmi süni şəkildə gücləndirmək bizə çox baha başa gələ bilər", - deyə erməni yetkinlisi qeyd edib.

Eduard Şarmazanov ile ilgili görsel sonucu

Parlamentin vitse-spikeri Eduard Şarmazanov isə bildirib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə əlaqələri möhkəmlənir (virtualaz.org). İmzalanmış konvensiyaya görə, Azərbaycanın Xəzər şelfində yeni ərazilərə sahib olması onu da narahat edib. Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib: “Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş insidenti misal göstərə bilərəm. Paşinyan heç cür əsaslandıra bilməz ki, KTMT-nin və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Yeni baş nazir bunu belə izah edir ki, vaxtilə Serj Sərkisyan da bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır”.

Bir daha Azərbaycanın diplomatik uğurunu xatırladan Şarmazanov deyib: “Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, habelə çox mühüm qonşumuz İranla sənədlər imzalayır”.

*****

Bu da hamısı deyil. Aktau zirvəsi çərçivəsində Xəzərlə bağlı olmayan, lakin İrəvanın narahatlığına səbəb olan daha bir olay baş verib. Xəbər verildiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə ayrıca görüşü zamanı Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən KTMT baş katibi Yuri Xaçaturovun məsələsini müzakirə etməyi təklif edib.

“Yeni Müsavat” xatırladır ki, general Xaçaturova qarşı 2008-ci ilin 1 mart hadisələrinə görə cinayət işi açılıb. O, dövlət çevrilişi cəhdində ittiham olunur. Xaçaturovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsə də, az sonra Rusiyanın təzyiqi ilə Ermənistan hakimiyyəti onun ölkədən çıxmasına və Moskvaya qayıtmasına icazə verib.

Yuri Xaçaturov ile ilgili görsel sonucu

Yuri Xaçaturovun məsələsini müzakirə etməyi N.Nazarbayev təklif edib. O bildirib ki, ikitərəfli əməkdaşlığa aid olan və müzakirə edilməli məsələlərdən biri də KTMT-nin baş katibinin məsələsidir. “Hansı ki, indi problemə çevrilib” - qazax prezident deyib. Putin isə cavabında bildirib: “KTMT, Avrasiya İqtisadi Birliyi çərçivəsində daha geniş münasibətlərimizə gəldikdə burada çox böyük proqram, böyük gündəm var. Problem xarakterli məsələlər də var və onlardan birinə Siz indi KTMT ilə bağlı toxundunuz”.

Xatırladaq ki, keçən həftə - avqustun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə bu mövzuda  telefon danışığı aparıb. Məlumatlara görə, rəsmi İrəvan Yuri Xaçaturovun yerinə yenə məhz Ermənistan nümayəndəsinin təyin edilməsinə nail olmağa çalışır. Çünki bu, ondan ötrü indi həm də imic məsələsidir.   

*****

Nazarbayevlə Putin arasında ile ilgili görsel sonucu

Erməni nəşrləri Aktaudakı Nazarbayevlə Putin arasında söhbətdə yer almış bu məqama xüsusi diqqət yönəldib.

“Əslində yeni baş katib məsələsini Xaçaturova qarşı ittiham irəli sürüləndən sonra ilk olaraq Ermənistan qaldırıb. Bu xüsusda bir neçə gün öncə Nursultan Nazarbayevlə telefon danışığı da aparılıb. Maraqlıdır, görəsən, Nazarbayev KTMT baş katibi postu ətrafında yaranan situasiyanı Putinlə hansı kontekstdə müzakirə eləmək niyyətindədir? Paşinyanın gətirdiyi arqumentlər Nazarbayevi inandıra bilibmi, yoxsa KTMT-də Azərbaycanın lobbisti sayılan Astana yaranmış vəziyyətdən Ermənistanı qurumda sədrlikdən məhrum eləmək üçün çalışır?”

xəzər bölüşdürüldü ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am portalında siyasi şərhçi Sərkis Arsruninin məqaləsində deyilir. Müəllif bu xüsusda narahatlıq üçün ciddi əsas görür. “Sirr deyil ki, Xaçaturov baş katib postuna təyin olunanadək Qazaxıstan və Belarus müxtəlif bəhanələrlə uzun müddət bu vəzifəyə Ermənistan nümayəndəsinin təyinatına mane olub. O zaman yekunda Moskvanın sözü keçmişdi. Məhz elə burada yeni  bir intriqa yaranır: əgər Nazarbayev yenə Ermənistanın yeni nümayəndəsinin təyinatına qarşı çıxsa, Putin bu dəfə də Ermənistana kömək edəcəkmi, yoxsa Lavrovun məntiqinə uyğun surətdə nümayişkaranə şəkildə İrəvana qarşı diplomatik demarşa gedəcək? Bir şey demək olar, aydındır ki, Rusiya bu məsələni alver predmetinə çevirəcək. Yəni Kreml bir yandan, Qazaxıstan və Belarusla heç də hamar olmayan münasibətləri aydınlaşdırmaq, digər yandan isə Ermənistana təzyiq məqsədi üçün istifadə edəcək” - yazıda ardınca bildirilir.

Müəllif sonda cavabını özü də bilmədiyi sual qoyur: “KTMT-nin baş katibi postuna yenə Ermənistan nümayəndəsinin təyin edilməsi qarşılığında Moskva Ermənistandan nə tələb edəcək və İrəvan bu postun özündə saxlanması üçün hansısa qiymət ödəməyə hazırdırmı? Sual birmənalı cavaba malik deyil. İş ondadır ki, bir yandan, KTMT baş katibi postu Ermənistan üçün ciddi önəm daşımırsa, başqa yandan, 2020-ci ilədək bu vəzifə Ermənistana məxsusdur və ən azından, reputasiya itkisi problemi yaranacaq - əgər bizim hakimiyyət Xaçaturovun başqa erməni ilə əvəzlənməsi məsələsində uğursuzluğa uğrasa. Bu isə diplomatik fiasko demək olacaq və ondan şəksiz ki, Azərbaycan istifadə eləməyə çalışacaq. Bundan əlavə, əgər Ermənistan başqa ölkənin nümayəndəsinin baş katib postuna təyinatına razılıq verməsə, Ermənistan-Rusiya əlaqələrində böhranın dərinləşməsi üçün daha bir səbəb ortaya çıxacaq”.

Göründüyü kimi, Ermənistanda Rusiyanın İrəvana qarşı mümkün sürprizlərindən dolayı ciddi əndişələr qalır və artmaqdadır...






Fikirlər