PAŞİNYAN AMERİKADAN da əliboş dönür - Bakı şans versə...
İrəvana mer seçkilərində qələbədən ruhlanan Ermənistanın baş naziri varlı erməni lobbisinə çağırış etdi; diaspora və Qərb isə işğalçı ölkəyə böyük sərmayə qoymağa tələsmir - tək səbəb; rusiyalı analitik: “Bakıda da Paşinyanın niyyətini yaxşı başa düşürlər...” Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a işgüzar səfəri başa çatır. Dünən o, BMT Baş Məclisinin növbəti sessiyası çərçivəsində ABŞ-dakı nüfuzlu erməni icması və erməni təşkilatlarının aparıcı şəxsləri ilə görüşüb. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, imkanlı ermənilərin “saqqızını” oğurlamaq üçün Paşinyan növbəti alovlu çıxışına başlar-başlamaz, “Ermənistanda tamamən fərqli ab-havanın və atmosferin hökm sürdüyünü” iddia edib. Sentyabrın 23-də İrəvana mer seçkiləri zamanı özünün dəstəklədiyi “Mənim addımım” blokunun 81%-lə qalib gəlməsini xüsusi qeyd edən Paşinyan bunu ölkədə demokratikləşmə yönündə daha bir qələbə kimi gözə soxmağa çalışıb. “Daha Ermənistanda monopoliya və imtiyazlı adamlar yoxdur”, “indi bizim əsas vəzifəmiz ölkəyə investisiya cəlb eləməkdir” deyən erməni baş nazir Amerikanın varlı ermənilərini bu yöndə fəal olmağa çağırıb. ***** Bununla belə, erməni diasporu hələ ki tələsmir, ciddi tərəddüd içindədir. Əsas səbəb də təbii ki, Rusiya amili ilə bağlıdır. Diasporda haqlı olaraq, hesab edirlər ki, “monopoliyasız”, lakin Moskvanın siyasi-hərbi asılılığında olan vassal Ermənistanda böyük sərmayələr bata da bilər. Yəni biznesə qarantiya məsələsi. Bu üzdən xaricdəki imkanlı ermənilər, - elə Qərbin maliyyə mərkəzləri də, - öncə inqilabsonrakı İrəvan-Moskva münasibətlərinin konkret hansı məcrada inkişaf tapacağını, Putin-Paşinyan “dostluğu”nun hara kimi sürəcəyinə əyani şəkildə əmin olmaq istəyirlər. Ayrı sözlə, Paşinyan iqtidarı qarşısında əsas hədəf ölkəyə sərmayə cəlb eləmək yox, Ermənistanın Rusiyadan asılılığını azaltmaqdır. Daha doğrusu, birinci məsələ ikinciyə - geosiyasi seçimə birbaşa bağlıdır. Bu mənada Paşinyanın Amerikadan da əliboş dönəcəyi yəqindir.
Yeri gəlmişkən, ermənipərəst ABŞ konqresmenlərinin və lobbinin cidd-cəhdlərinə rəğmən, N.Paşinyanın prezident Donald Trampla görüşünün baş tutmamasının tək səbəbi budur - Ermənistanın yeni hakimiyyətinin xarici siyasət oriyentasiyasında ciddi dəyişikliyin baş verməməsi, yaxud Paşinyanın qərbyönlü komandasının bunu bacarmaması, Rusiya qarşısında içilən sədaqət andları. Rusiya arealından uzaqlaşmaq isə olduqca risklidir. Xüsusən də növbədənkənar parlament seçkiləri ərəfəsində bu, oturduğun budağı kəsmək kimi bir şey olardı. Çünki söhbət hər şeydən öncə dəyərlərdən gedir - o dəyərlərdən ki, onları Paşinyandan fərqli olaraq, Putin bölüşmür. *****
Seçkilərdən söz düşmüşkən, İrəvana mer seçkilərinin nəticəsindən ruhlanan Paşinyan diasporla görüşdə belə bir ifadə də işlədib ki, erkən parlament seçkiləri artıq qaçılmazdır və o, bacardıqca tez keçirilməlidir. Ekspertlər onun tələskənliyini bir sıra amillərlə izah edirlər. “Paşinyan Ermənistanda erkən parlament seçkilərinə hazırlaşır, amma onun mövqeyi mayda olduğu qədər güclü deyil”. “Yeni Müsavat” xəbər verir ki, bunu axar.az-a rusiyalı tarixçi-alim və analitik Oleq Kuznetsov deyib. “Paşinyan daxili siyasətdə bu ilin yazında xalqına verdiyi vədlərin heç birini yerinə yetirməyib. Əslində iqtidara gəldiyi ilk günlərdən mənə şəxsən məlum idi ki, Paşinyan populist və demaqoqdur, eləcə də dövlət idarəçiliyi və maliyyə siyasəti məsələlərində həvəskardır. O və onun bütün komandası amerikayönümlü qeyri-hökumət təşkilatlarından ortaya çıxan şəxslərdir. Əsas vəzifələri də dövlət quruculuğu deyil, dövləti tənqid etməkdir. Buna görə Ermənistanın mövcud hökuməti tamamilə həvəskar və demaqoqlardan ibarətdir. Bu adamların heç biri ölkədə müsbətə doğru köklü dəyişiklik etmək iqtidarında deyil”, - deyə analitik qeyd edib.
Politoloqun sözlərinə görə, Paşinyan və onun komandası erməni əhalisi arasında öz inamlarını təmin etmək üçün yeganə üsula malikdir: “O, seçki ərəfəsində əhalinin diqqətini daxili problemlərlə qatmalıdır. Kollektiv şüursuzluqdan istifadə edərək kütlənin ona olan sədaqətini itirməsinə yol verməmək fikrindədir. Ona görə də bu gün Dağlıq Qarabağ separatçılarının qeyri-qanuni silahlı qruplaşma komandirlərinin siyasi xələfi kimi o, Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmağa məcburdur. Erməni ordusu çarəsizliyi səbəbindən genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilməz, lakin seçki ərəfəsində öz reytinqini yüksəltmək üçün işğal olunmuş torpaqlarda hər hansı hərbi təxribat həyata keçirə bilər - Paşinyan bunu bacarır”. Kuznetsov bildirib ki, bu gün Qarabağdakı erməni hərbi qüvvələrinin aktivliyi daxili siyasətə hesablanmış və yaxşı planlaşdırılmış nümayişdən başqa bir şey deyil: “Bakıda yüksək idarəçilik səviyyəsində Paşinyanın bu niyyətini yaxşı başa düşürlər”. Onun fikrincə, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çalışır: “Həmçinin Ermənistandakı gərgin daxili siyasi vəziyyət bu uzunmüddətli qarşıdurmanın sülh yolu ilə ədalətli həlli üçün şans verir və buna görə də əminəm ki, növbəti yaza qədər heç bir müharibə olmayacaq”. ***** Bu, rusiyalı tanınmış ekspertin fikridir. İşğalçı tərəfin Bakının daha bir xoşməramlı jestini doğru-düzgün qiymətləndirəcəyini söyləmək isə çətindir. Əksinə, rusiyalı analitikin də vurğuladığı kimi, seçkilər ərəfəsi öz reytinqini artırmaq üçün cəbhədə təxribata belə qol qoya biləcək Paşinyan Bakıdan sərt hərbi cavab ala, 2016-cı ilin “aprel sindromu” həmin cavabın yanında olduqca kiçik görünə bilər...