EKS-PREZİDENT YENİDƏN ORTAYA İDDİA QOYDU - MÜSAHİBƏ
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ovqat.com saytına maraqlı müsahibə verib. Eks-prezident bu müsahibəsində Rusiya-Azərbaycan münasibətlərindən tutmuş Qarabağ məsələsinə və öz hakimiyyəti dövründə baş vermiş bir çox hadisələrə qədər münasibətini açıqlayıb. "AzerTaym.az" Strateq.az -a istinadla həmin müsahibəni oxucularına təqdim edir: – Son zamanlar Dağlıq Qarabağ mövzusunda müzakirələrin qızışdığını görürük. Xüsusilə Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan tərəfinin müharibəpərəst ritorikası güclənib. Atəşkəsin pozulması və müharibənin yenidən başlaması perspektivi nə qədər realdır? – Ermənistan hakimiyyətində kimlərin təmsil olunmasından asılı olmayaraq, onların öz iddialarından əl çəkməməsi artıq ənənə halını alıb. Eyni səhnəni Paşınyan rəhbərliyi də nümayış etdirir. Onun daxili auditoriyaya hesablanmış çıxışlarında torpaq iddiasından əl çəkməməsi Ermənistan hakimiyyətinin işğalçılıq siyasətinin davam etdiyindən xəbər verir. Müharibə hələ bitməyib ki, yenidən başlansın, bu cür gərgin vəziyyətin davam etməsi, sülh müqaviləsinin imzalanmaması, Ermənistanın nəinki Qarabağı, hətta ətraf rayonları azad etməməsi, əlbəttə ki, olduqca kövrək atəşkəsin hər zaman pozulmasına, regional təhlükəyə çevriləcək lokal hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. – Azərbaycanda da bir çox siyasi qurumlar müharibə tərəfdarı kimi çıxış edirlər. Sözsüz ki, ərazisi işğala məruz qalan bir ölkənin siyasi partiyalarının bu cür tələblərlə çıxış etməsi gözləniləndir. Sizcə, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayarsa, uğur qazana bilərmi? – Azərbaycan ərazi işğalına məruz qalmadığından bu konfliktin haqlı olan bir tərəfdir. Bütün dünya Ermənistanı aqressor kimi tanıyıb, BMT-nin məlum qətnamələri erməni tərəfi qeyd-şərtsiz işğal etdiyi əraziləri boşaltmağı tələb edir. Bu bizə haqq verir ki, öz torpaqlarımızı geri qaytaraq. Sırf müharibəyə gəldikdə, təbii ki, biz yalnız və yalnız qələbə gətirəcək əməliyyatlara getməliyik. Bunun üçün bütün siyasi vasitələrdən istifadə olunmalıdır. Hesab edirəm ki, hal-hazırda ordumuz bütün əraziləri çox qısa zaman ərzində azad etmək iqtidarındadır. Hərbi potensialımızın güclü olmasını soz zamanlar keçirilmış hərbi paradlar da nümayış etdirir. – Amma gəlin, razılaşaq ki, istər Rusiya, istərsə də Qərb ölkələri birmənalı şəkildə ermənipərəst mövqe sərgiləyirlər. Münaqişənin sülh yoluyla həlli variantı da birbaşa onlardan asılıdır. ATƏT Minsk qrupunda təmsil olunan dövlətlər isə açıq şəkildə Ermənistanın tərəfində dayanırlar. Həm sülh, həm müharibə qapılarının bağlandığı indiki şəraitdə biz nə etməliyik? – Rusiya ilə ATƏT-in Azərbaycan-Ermənistan müharibəsinə münasibətini eyniləşdirmək olmaz. Birincisi, ona görə ki, Rusiya bizim tarixi qonşumuzdur, bizim şimal qonşumuzla coğrafi, iqtisadi, siyasi bağlılığımız Qərbdən çox-çox güclüdür. Bircə onu misal çəkmək yetər ki, milyonlarla soydaşımız Rusiyada ailələrinə çörək pulu qazanır. Hesab etmirəm ki, Rusiya tam şəkildə Ermənistanın maraqlarından çıxış edir. Bəli, Ermənistan bütünlüklə Rusiyadan asılı vəziyyətdədir, hətta sərhədlərini də rus hərbçiləri qoruyur. Lakin son zamanlar Yerevanda baş verən hadisələr Moskvanın öz siyasətinə düzəliş etməsinə səbəb olub. Rusiya dövlət və ictimaiyyət xadimlərindən ibarət geniş tərkibli qrupun Qarabağa gəlməsi, Lələtəpəyə çıxıb Azərbaycan əsgərlərinə baş çəkməsi, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha bəyan etməsi qarşı tərəfə göndərilmiş ciddi mesajdır. ATƏT-nin Minsk qrupuna qəldikdə isə, bu qrupa Azərbaycanda etibar, demək olar ki, itib. Ara-sıra bəyanatlar verməklə, monitorinq aparmaqla öz işlərini bitmiş hesab edirlər. Bu, artıq 25 ildir davam edir, xalqın səbr kasası daşıb. Azərbaycana qarşı ikili standartlara son qoyulmalıdır. Ərazı bütövlüyü məsələsində heç bir ayrı-seçkiliyə yol vermək olmaz, siyasi əqidəsindən, vəzifəsindən asılı olmayaraq hamı bu çətin vəziyyətdə dövlətin yanında olmalıdır. Qarabağ dərdindən siyasi oyunlar, hakimiyyət mübarizəsi üçün istifadə etmək xalqımıza qarşı böyük cinayətdir. – Maraqlıdır ki, müharibə ritorikasını mənimsəmiş siyasilərin bir çoxu vaxtilə Sizin komandanızda təmsil olunublar. Bu da istər-istəməz bəzi insanlarda ““Ayaz Mütəllibovun komandası” müharibə istəyir” qənaətini formalaşdırır. Doğrudanmı, “Ayaz Mütəllibovun komandası” indi də mövcuddur? – Fürsətdən istıfadə edərək, saytınız vasitəsilə bir daha bildirirəm: mən Vətənə qayıtdıqdan sonra siyasətlə məşğul olmuram. Bəli, mən siyasətçiyəm, vaxtilə rəhbərliyim altında minlərlə insan fəaliyyət göstərib, onların bir çoxu indi də aktiv siyasətlə məşğul olur və yaxud da yüksək postlar tuturlar. Bundan başqa, sadə insanlar içində də kifayət qədər hörmətimizi saxlayan, ehtiram bəsləyənlər var. Bu şəxslərlə münasibətimiz hal-hazırda qarşılıqlı ehtiram və hörmət, səmimi dostluq, siyasətdənkənar münasibətlər şəklində davam edir. Hamısına təşəkkürümüzü bildiririk. Amma bir halda ki siyasətlə məşğul olmuruq, demək, heç bir komandadan söhbət qedə bilməz. Mən heç bir zaman müharibə tərəfdarı olmamışam. Sülh naminə bütün mümkün variantlardan istifadə olunmalıdır. Vaxtilə mənim tərəfdarım olmuş hər hansı bir siyasətçinin indiki bəyanatlarının mənə heç bir aidiyyatı yoxdur. Bir daha bildirirəm: mən dövlətimin xidmətçisi olmuşam, əgər dövlətim, xalqım ehtiyac duyarsa, yenə də öz təcrübəmlə ona xidmət etməyə hazıram. – Azərbaycanın ilk prezidenti olmusunuz. Sizin və Sizdən sonra gələn eks-prezidentlərin yürütdükləri siyasətlər zaman-zaman müzakirə olunur və bugünkü problemlərin bir çoxu keçmişlərin ayağına yazılır. Mediada bu cür müzakirələrin aparıldığını görəndə hansı hisləri keçirirsiniz? – Ümumiyyətlə, mən həmişə obyektiv tənqid və təhlilin tərəfdarı olmuşam. Təhqir, böhtan, şər bizim yaşam tərzimizə zidd xarakterlidir. Söz, mətbuat azadlığı demokratiyanın təməl prinsiplərindəndir. Hər bir şəxsin bu və ya digər hadisələrə öz münasibətlərini bildirmək hüququ var. Amma böhtan, şər və təxribat dolu informasiyaların yayılması, öz təqsirlərini, günahlarını kiminsə boynuna atmaq yolverilməzdir. Bu bizim bir xalq olaraq mentalitetimizə yaraşmayan xüsusiyyətlərdir. Bu cür yalanların gec-tez bumeranq kimi həmin insanların özünə qayıtmasının dəfələrlə şahidi olmuşuq. – Hər kəs kimi prezidentlər də insandır. İnsanlar isə səhvsiz yaradılmayıblar və bir çox yanlışlar zamanla anlaşılır. Bu gündən keçmişə nəzər salanda hansı məqamlarda səhvə yol verdiyinizi düşünürsünüz? – Əlbəttə ki, prezidentlər, dövlət başçıları bir insan kimi səhv etməyə məhkumdurlar. Səhvsiz yalnız Allahdır. Rəhbərliyim dövründə ən böyük səhvim insanlara inamım və etimadım olub. Etimad göstərib yüksək vəzifələrə irəli çəkdiyim bəzi şəxslərin xəyanəti istər mənə, istərsə xalqa, hətta özlərinə belə çox böyük ziyanlar vurdu. – Qabaqdan Müstəqillik Günü gəlir. Sizin dövrünüzdə bu sənədə imza atılıb. O günləri necə xatırlayırsınız? – O günləri hər dəfə böyük həyəcan və sevinc hissi ilə xatırlayıram. Çoxlarının bu sənədin necə çətinliklə ərsəyə gəldiyinindən xəbəri yoxdur. Böyük bir risk və həyacan dolu zaman kəsiyində yaşayırdıq. Bəziləri deyə bilər ki, o dövrdə respublikalar dalbadal müstəqillik əldə edirdilər. Bəli, bu belə idi, tarixi proses gedirdi. Amma o pespublikalarda 20 yanvar faciəsi yaşanmamışdı. O xalqlara Azərbaycan xalqı kimi ögey münasibət bəslənmirdi. Kommunist partiyasının son qurultayında, yüzlərlə deputatın qarçısında mən az qala qışqırararaq SSRİ rəhbərliyinə, o cümlədən xalqımızın başına qətirilən faciələrdə birbaşa təqsiri olan Qorbaçova deyirdim: “Nə istəyirsiniz bizim xalqdan, nə vermisiniz, ala bilmirsiniz? Siz bir partiya olaraq keçmiş 37 –ci il represiya qurbanları qarşısında öz günahlarınızı boynunuza alırsınız. Amma bu gün gözünüzün qarşısında Azərbaycan xalqı qırılır, diri-diri yandırılır, 200 mindən artıq soydaşımız (o vaxt hələ Qarabağdan qaçqınlarımız yox idi) öz dədə-baba torpağından qovulur, bir anda hər şeydən məhrum olur siz buna göz yumursunuz”. Mənim bu çıxışım o zamanki müxalifət tərəfindən yüksək qiymətləndirilmişdi. Hər zaman SSRİ-nin mərkəzi rəhbərliyi tərəfindən zərbə ilə qarşılaşmaq ehtimalı yüksək idi. Çünki bizim Qarabağ problemimiz var idi, mənfur düşmənlərimiz hər bir addımı bahənə edib xalqımıza qarşı növbəti 20 Yanvar, Sumqayıt kimi faciələri yaşada bilərdilər. Bundan heç kim sığortalanmamışdı. Biz bir xalq olaraq o dövrdə, demək olar ki, təklənmişdik. Allahdan və xalqın birliyindən başqa heç bir köməyimiz yox idi. – Müstəqillik Aktına imza atan deputatlardan bəziləri, o cümlədən sənədi hazırlayan komissiyanın sədri Hacıbaba Əzimov mətbuata verdiyi müsahibəsində akt layihəsinin dəyişdirildiyini bildiriblər. İddialara görə, bu addım Sizin istəyinizlə atılmışdı. Bu informasiya nə dərəcədə doğrudur? Doğrudursa, zərurət nə idi? – Əzimovun komissiya sədri olması yadımdadır, amma nəyi nəzərdə tutduğunu bilmirəm. Çünki bu qanun layihəsinin ətrafında gedən diskussiyalar, fikir mübadilələri parlament tərəfindən yaradılan xüsusi komissiya tərəfindən aparılırdı. Mən onların işinə müdaxilə etmirdim, dəyişiklikləri komissiya edirdi. Lap əgər bu baş vermişdisə də, əsasnamə kimi Əzimovun verdiyi layihə səsverməyə çıxarılmışdı. Əsas məsələ Müstəqillik Aktının qəbul edilməsi idi. Ona da nail olduq. Burda da o zamankı hakimiyyətlə xalq arasında bu Aktın qəbul olunması ilə bağlı yaranmış yekdillik mühüm rol oynamışdı. – Dağlıq Qarabağın itirilməsində o zamankı iqtidarların ləng hərəkət etməsinin, ordu quruculuğuna diqqət ayırmamasının da mühüm rol oynadığı düşünülür. Bu iddialarla razısınızmı? – Məsuliyyəti kiminsə boynuna atmaq ciddi fikir deyil. Mənim rəhbərliyim dövrü ilə sonraki dövrləri eyniləşdirmək düzgün olmazdı. O dövrdə respublikaların müstəqil hərəkət etməsi, ordu yaratması qeyri-mümkün idi. Bu, birbaşa SSRİ qanunvericiliyinə zidd idi. Bu ona bənzəyir ki, Rusiya kimi bir dövlətdə hansısa bir subyekt, məsələn Yakutiya öz müstəqil ordusunu yaratmaq istəyir. Sizcə, buna imkan verərlərmi? Bu halda hansı ordu qurulucuğundan söhbət qedə bilər? Bizim 1991-ci ildə yaratdığımız milli ordu, demək olar ki, qeyri-leqal idi. Öz hesabımıza min bir çətinliklə ordu strukturları formalaşdırırdıq, o da Moskvanın ciddi maneləri ilə. Bir yandan da müxalif qüvvələr mitinqlərlə Müdafiə Nazirliyini iflic vəziyyətinə salırdılar. Demək olar ki, hərbi qurum kimi ciddi, müharibə vəziyyətinə uyğun olaraq qapalı formada işləməyə məcbur olan Müdafiə Nazirliyi hərbdən başı çıxmayan şəxslərin açıq-aşkar təzyiqi və təxribatı altında fəaliyyət göstərirdi. Mən SSRİ dağılandan cəmisi iki ay sonra hakimiyyətdən uzaqlaşdırıldım. 300 il ordusu olmayan bir xalq iki aya ordu qura bilməzdi. Bu həqiqətdən uzaq, heç bir məntiqə sığmayan iddialardır. – O vaxt bir çox qərarların Moskva tərəfindən verildiyi sirr deyil. Ümumiyyətlə, Moskvanın təzyiqlərilə çoxmu üzləşirdiniz? – SSRİ-də bütün qərarları Kreml verirdi. 20 Yanvarda Bakıya qoşun yeridib vətəndaşlarımızı qanına qəltan edəndə kiminsə rəyini nəzərə almışdılarmı? Mən hakimiyyətə 20 Yanvar faciəsindən sonra gəldim. Vətəndaşları güllə-boran olmuş, sənayesi, iqtisadiyyatı iflic vəziyyətində, insanları mənəvi cəhətdən sarsılmış, ümiddən düşmüş bir ölkəyə rəhbərlik etməyə, demək olar ki, məcbur oldum. Hamımızda mərkəzi dövlətə qarşı nifrət və inciklik var idi. Belə bir şəraitdə Qorbaçovla işləmək olduqca əzablı bir iş idi. Amma xalqımızın gələcəyi naminə, insanları depresiyyadan çıxartmaqdan ötrü, 20 Yanvar faciəsi kimi müsibətlərin təkrarlanmaması naminə buna getməyə məcbur idik. Dünyada bir neçə ölkədən başqa bütün ölkələr 20 Yanvarı SSRİ-nin daxili işi hesab edirdilər. Təzyiqlərə, manelərə baxmayaraq, Moskva ilə işləməyə, gələcəyi qurmağa məhkum idik. – Hakimiyyətiniz illərində Azərbaycanın müstəqilliyinin indiki qədər möhkəmlənəcəyinə inanırdınızmı? – SSRİ zamanında müstəqillik arzusu Azərbaycan ziyalıların əksəriyyətinin qəlbində bu və ya digər formada yaşayıb. Bəziləri bunu dilə gətirib, bəziləri qizlədib. Həmişə qəlbimizdə müstəqilliyə nail olacağımıza inam hissi olub. Xarici səfərlərin birində məni müşayiət edən qrupun üzvü olan Bəxtiyar Vahabzadə pıçıltı ilə məndən soruşdu: “Ayaz müəllim, görəsən, biz nə vaxt müstəqil olacağıq?” Dedim: “Bəxtiyar, tələsmə, səbrlə hərəkət etsək, o gün mütləq gələcək”. İndi bayrağımız BMT-nin qarşısında dalğalanır. Sevinirəm ki, mənim də bu işdə xidmətlərim olub. – Azərbaycanın indiki hakimiyyətinə tövsiyyəniz? – Müstəqillik varsa, demək, hakimiyyət qarşısında bu və ya digər problemlərin çıxması labüddür. Hesab edirəm ki, Prezident İlham Əliyev kifayət qədər təcrübəli, uzaqgörən bir siyasətçi kimi qarşıya çıxan problemlərin məsuliyyətini düzgün qiymətləndirərək, lazımi tədbirləri operativ şəkildə həyata keçirir. Heydər Oğuz