Ayaz Mütəllibov: “Nuru Paşanın ala bilmədiyi Kamo və Çaykəndi azad etdik” – MÜSAHİBƏ
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun Publika.az müsahibəsi: – Sentyabrın 26-da Azərbaycanda keçirilən referendum baş tutdu. Sizcə, Konstitusiyaya edilən əlavə və dəyişiklik hansı müsbət nəticələrə gətirib çıxaracaq? – Hər şeydən əvvəl onu qeyd etməliyik ki, 26 sentyabr referendumu geosiyasi zərurətdən irəli gəlib və ölkə rəhbərliyi ölkəni daha operativ idarə etmək üçün bu dəyişikləri edib. Bundan başqa, Konstitusiyamıza yeni maddələr artırılıb və dünyada qəbul olunmuş strukturların yaradılması nəzərdə tutulub. Bütün bunların, yəni 29 dəyişiklik və əlavələrin qəbul olunması həm konstitusiyanı təkmilləşdirəcək, həm də idarəçilik sistemində operativliyi artıracaq. İndiki dövrdə, Prezident İlham Əliyevin dediyi kimi, qeyri-neft dövründə, ölkə iqtisadiyyatının inkişafına yönəldilmiş siyasəti həyata keçirmək üçün bu, çox vacibdir. Əlbəttə ki, effekti olmalıdır. – Ayaz müəllim, bir neçə gündən sonra Azərbaycanın müstəqillik qazanmasının 25 illiyi qeyd olunacaq. Ancaq maraqlı olan məqam odur ki, 1989-cu il sentyabrın 23-də Respublika Ali Sovetinin sessiyası tərəfindən “Azərbaycan SSRİ-nin suverenliyi haqqında” Qanunu və 1991-ci ilin avqustun 30-da Müstəqillik haqqında Bəyannamə qəbul etdiyi halda, nədən Azərbaycanın müstəqilliyinin tarixi 1991-ci il 18 oktyabr tarixindən - Konstitusiya Aktının qəbul olunmasından götürüldü? Halbuki, müstəqillik tariximizin yaşı 1989-cu il sentyabrın 23-ü tarixindən götürülsəydi, o zaman SSRİ-dən ilk ayrılan dövlət Azərbaycan olacaqdı... – Siyasətin belə bir xüsusiyyəti var: gərək vaxtından əvvəl qabağa qaçmayasan. O dövrdə SSRİ-nin tərkibindən çıxmaq qeyri-mümkün idi. Hələ “Pribaltika” respublikaları səslərini çıxartmırdılar. 1989-cu il sentyabrın 23-də Azərbaycan rəhbərliyinin qəbul etdiyi “Azərbaycan SSRİ-in suverenliyi haqqında” Qanun Azərbaycanın SSRİ tərkibində suverenliyindən danışırdı. Tam müstəqillik nəzərdə tutulmurdu. Bununla belə SSRİ rəhbərliyi tərəfindən bu qanun birmənalı qarşılanmadı. Azərbaycana qarşı təzyiq daha da artdı, Qarabağı itirmək təhlükəsi qarşısında qoydu. 20 yanvar hadisələrinə də həmin qanunun nəticəsi kimi baxmalıyıq, çünki Mixail Qorbaçov hökuməti Azərbaycandan intiqam aldı. Odur ki, 1991-ci il avqustun 30-da “Müstəqillik Haqqındada Bəyannamə” qəbul edilsə də, başqa respublikaları qabağa buraxdıq ki, yenidən SSRİ rəhbərliyi Azərbaycana qaşı təxribat edə bilməsin. Ümumiyyətlə, Azərbaycan rəhbərliyi 20 yanvar hadisələrindən sonra daha ehtiyatla tərpənirdi və bununla da faktiki olaraq, Ermənistana qarşı ağıllı siyasət aparırdı. Bir faktı qeyd etmək istəyərdim- 17 mart 1991-ci ildə Ermənistandan fərqli olaraq, Azərbaycan SSRİ-nin saxlanılmasına səs verdi. Bu vaxta qədər Ermənistanın tərəfini saxlayan Mixail Qorbaçov onlardan üz döndərdi və Azərbaycan rəhbərliyinə “erməni silahlı dəstələrinin Azərbaycandan təmizlənməsi məqsədi ilə “Koltso” əməliyyatının keçirilməsi əmrini verdi. Nəticədə, Nuru Paşanın ala bilmədiyi Kamo və Çaykəndi azad etdik. Bundan əlavə, Azərbaycanda olan bütün erməni rayon və kəndlərini boşaltdıq. O dövrün xalq cəbhəsi buna qarşı çıxdı və "Ay aman, Ayaz Mütəllibov Azərbaycandan erməniləri deportasiya edir!" deyə hay-küy qaldırdılar. Onda “demblok” Azərbaycan rəhbərliyinin atdığı bu cür ciddi addımlara qarşı çıxırdı və birbaşa Moskvaya minlərlə teleqramlar göndərirdilər. Odur ki, məni əhatə edən müdrik insanlar - akademik Tofiq İsmayılov, Midhəd Abbasov, Məmməd Əsədov, İsmət Qayıbov və başqaları daha ehtiyatlı hərəkət etməyi və hər qərarı vaxtında verməyi tövsiyə edirdilər. Odur ki, ay yarım keçsə də vaxtında, oktyabrın 18-də bu Akta imza atdım. – 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”na imza atan şəxs olmusunuz. Ancaq nədənsə sizin adınız Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxan şəxs kimi daha çox hallandırılır... – Tarixin gözəl bir qanunauyğunluğu var. İllər keçdikcə kimin kim, nəyin nə olduğunu ortaya çıxarır. Mənim adımı Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxan şəxs kimi hallandıranlar, tarix qarşısında özlərinin kimliyinı anlamırlar. Siyasi məqsədlərə xidmət edirlər və tarixi saxtalaşdırırlar. Bütün dünya məni Azərbaycanın müstəqillik aktına imza atmış bir siyasi xadim kimi tanıyır. Opponentlərim istəsələr də, istəməsələr də bu, belədir. Yalan üzərində nə qurulursa, kartdan düzəldilmiş evciyi xatırladır. Bir balaca tərpənən kimi dağılır. Allah qoysa, tarix hər şeyi öz yerinə qoyacaq... – Azərbaycan Ali Sovetində SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi məsələsi müzakirəyə çıxarılan zaman siz sessiyada çıxış edərək, deputatlardan referendumun keçirilməsinə səs vermələrini xahiş etmişdiz. Ancaq həmin vaxtı “Demblok” üzvləri belə bir qərarın qəbul edilməsini xalqa, 20 yanvar şəhidlərinin ruhuna xəyanət olduğunu bəyan edərək, buna qarşı çıxdılar. Hətta, buna görə sizi “xəyanətkar” adlandırırdılar. O dövrdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsinə zərurət nə idi? – Az öncə 17 mart referendumunun keçirilməsi səbəblərini qeyd etdim. Mənim komandam bilirdi ki, Ermənistan referenduma getməyəcək, biz getsək, Moskva Ermənistanı cəzalandıra bilər. Bu baxımdan, biz ermənilərin etmədiyini etdik ki, Azərbaycanda erməni rayon və kəndlərini tərki-silah etdik. Mənim komandam “Demblok”dan fərqli olaraq, SSRİ-nin dağılacağını görürdü. Odur ki, martın 17-də SSRİ-nin saxlanılması ilə bağlı referenduma getməyimiz məntiqə uyğun idi. Bu döyüşdə biz Ermənistanı udduq. Həmin il aprelin əvvəllərini, Yerevanın Zvartnos aeroportunu yadınıza salın. Ruslar uçuş xəttini tutmuş erməniləri darmadağın etdilər, aeroport yolunda tanklar və “BTR”lər maşınları əzdilər. Bundan sonra ermənilər ruslara qarşı getmədilər. – Ayaz müəllim, sizin adınız Azərbaycanın müstəqilliyinə qarşı olmaqla bağlı məsələdə də hallandırılır. Bu, 1991-ci ilin 8 sentyabr prezident seçkiləri ərəfəsində keçirdiyiniz görüşlə bağlıdır. İddia edirlər ki, həmin görüş zamanı siz sevinərək “Azərbaycan müstəqillik qazanmaqla Dağlıq Qarabağ da öz müstəqilliyini əldə etdi” deyə çıxış etmişiniz. Doğrudan da, həmin vaxtı belə bir çıxışınız olubmu? – Ağ yalandır. Heç vaxt belə çıxışım olmayıb. Bu yalanı yayanlar 8 sentyabr 1991-ci ildə keçirilən prezident seçkilərini xalqın gözündən salmaq məqsədi güdür. 8 sentyabr seçkisinə getməyimin səbəbi o idi ki, mən parlament tərəfindən 1995-ci ilə qədər Prezident seçilmişdim, buna baxmayaraq, demokratiyanın inkişafı naminə mən növbədənkənar seçkiyə getmək qərarına gəldim. İstəyirdim ki, məni xalqım seçsin. Odur ki, dünya ictimaiyyətinin gözündə demokratik dəyərlərə arxalanan növbədənkənar seçkilərə getmişdim. Bu seçkilərdə müxalifətin iştirakı da təmin olunmuşdu. Bunun müqabilində xalqın adından danışan “demblok” seçkini boykot etmək taktikasını seçdi. Bu seçkilərdə iştirak üçün namizədlərini irəli sürmədilər. Bundan sonra onların tutduğu yol Prezident seçkilərini tanımamaq və silahlı üsyan yolu ilə hakimiyyətə gəlmək oldu. Nəticədə, Azərbaycan xalqı Qarabağı itirdi.