Mütəllibovdan 27 il əvvəl imzaladığı qalmaqallı sənədlə bağlı açıqlama – VİDEO

ayaz mutellibov

27 il bundan əvvəl imzalanmış sənəd qalmaqala səbəb oldu. O zaman Azərbacana rəhbərlik etmiş Ayaz Mütəllibovun imzaladığı sənəddə ermənilərə qarşı isti münasibət, bunun əksi olaraq Ermənistandan qovulmuş azərbaycanlılara qarşı isə etinasızlıq əksini tapıb.

Ölkənin birinci prezidenti, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu – 14-cü katibi Ayaz Mütəllibov, illər öncə imza atdığı sənədlə yenidən gündəmə gəldi. Virtualaz.org saytı “Ayaz Mütəllibovun imzaladığı sensasion sənəd dərc olundu” başlıqlı yazı dərc etdi və Azərbaycan SSR Nazirlər Sovetinin gördüyünüz bu qərarını ortaya qoydu.
Sənəddə çox məqama toxunulub. Millətlərarası münasibətlərin son dərəcə kəskinləşməsi nəticəsində 1988-ci ilin ikinci yarısında azərbaycanlı və erməni vətəndaşların daimi yaşayış yerlərini tərk etməyə məcbur olması, o zaman Ermənistan SSR rəhbərliyinin bütün azərbaycanlı əhalisini respublikadan planlı şəkildə qovması və Qarabağın faktiki işğalına hazırlığı, Azərbaycan rəhbərliyinin passiv müdafiə mövqeyi seçməsi və dırnaqarası sarsılmaz xalqlar dostluğundan danışması əks olunub.
Ən əsası isə sənəddə qeyd olunur ki, 1989-cu ilin may ayına olan vəziyyətə görə görülmüş tədbirlər nəticəsində əvvəllər Azərbaycanı tərk etmiş ermənilərin üçdə bir hissəsi, yəni, 48 min nəfəri respublikaya, öz evlərinə, iş yerlərinə qayıdıblar. Və bu o zaman baş verir ki, Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Sənədi imzalamış Ayaz Mütəllibov bizimlə telefon danışığında hansı səbəbdən belə bir sənədə imza atmasına aydınlıq gətirdi.
“Ermənilər bizə irad tuturdular ki, siz ermənilərə qarşı xüsusi siyasət aparırsınız, deportasiya edirsiniz, qovursunuz. Ancaq bizə indinin özündə də deyirlər ki, biz siyasi yolla məsələni həl etməliyik”, – Ayaz Mütəllibov deyib.
Digər bir məqam isə odur ki, ermənilərin qeydinə qalan Azərbaycanın o zamankı rəhbərliyi yaşamağa yerləri olmayan, Ermənistandan qovulmuş azərbaycanlıların yaşayış yerləri ilə təmin edilməsi problemini nəzərə almadan ancaq daimi yaşayış yerlərini tərk etmiş ermənilərin əmlakına dəyən zərərin miqyası barədə hesabat hazırlayaraq respublikalararası komissiyaya təqdim edilməsinə qərar verib.
Eyni zamanda, bu sənədlər ermənilərin o zaman Azərbaycanda onlara qarşı guya ki, yürüdülmüş izləmə və hətta az qala soyqırımı siyasəti barədə təbliğatını alt-üst edir.
“O zamankı SSRİ ilə işləmək lazım idi. Burada qeyri adi bir şey yoxdur. Heç kim də irad tuta bilməzdi. Bir ölkədə yaşayırdıq. Çaykənd əməliyyatını kim etmişdi. Moskvaya alternativ nə var idi. Mən boynumdan bu məsələni atmıram ki. Bəli, belə bir sənəd də olub, sənəddə müvafiq işlər də aparılıb. Altenativ kimi idi Moskvaya. Əlbəttə ki, biz Qorbaçovla işləyirdik.
Bəlkə də hələ 27 il bundan əvvəl Kremlin diqtəsi ilə yalançı xalqlar dostluğu formulu yaradılmasaydı, bu gün hər şey başqa cür olardı. Nə torpaqlarımız işğal olunardı, nə də günahkar axtarışına çıxılardı.

 






Fikirlər