"XOCALI ƏHALİSİ AEROPORT YOLUNA Yeltsinlə görüşmək üçün çıxmışdılar"

"Mən bunları orada Ayaz Mütəllibova desəm də, o, cəsarət edib bunu Yeltsinə deyə bilmədi"

Moderator.az saytında keçmiş prezident Ayaz Mütəllibovun Dağlıq Qarabağda sülhməramlı rus əsgərlərinin yerləşdirilməsi barədə fikrini oxudum, xeyli təəccübləndim. Amma bir tərəfdən Ayaz Mütəllibovun özünün dünyaya baxışını yenidən xatırlayanda, onun bu danışığını normal qəbul etdim. Ayaz Mütəllibov qeyd edir ki; “Dağlıq Qarabağda Rusiya sülh məramlılarının yerləşdirilməsini təhlükəli saymıram”. Vaxtilə, 90 - cı ilin əvvəllərində həmin sülhməramlılar Dağlıq Qarabağda komendatura şəklində öz yerini almışdılar. Çox təəssüf edirəm ki, Ayaz Mütəllibov indi də şəxsi maraqlarını ümumimilli maraqlardan qat-qat üstün tutur və  belə məsuliyyətli bir vaxtda  o, bu  müraciəti ilə nəyəsə eyham vurur, hansısa tapşırığı yerinə yetirir. Mənim  indi bütün tarixi vərəqləyib A. Mütəllibova rus qoşunlarının Azərbaycanın torpaqlarında 1812-ci ildən bu günə qədər törətdiklərini sadalamaq fikrim yoxdur. Amma çox da uzaq olmayan 1988-ci ildən Dağlıq Qarabağ məsələsi Rusiyanın təşəbbüsü və təhriki ilə qaldırılandan sonra, ermənilərin  Azərbaycana növbəti torpaq iddiası başlayandan sonrakı dövrdə baş  verən  bəzi məqamları onun yadına salmaq istəyirəm. 

Qarabağda vəziyyətin gündən-günə gərginləşməsi və bizim əleyhimizə istiqmətləndirilməsi fonunda, Moskvanın sifarişi ilə oturub-duran, bütünlüklə Moskvanın diktəsinə müntəzir olan Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi külli-aləmə bəllidir. Daha doğrusu, Rusiyadan aldıqları tapşırıqları qeyd-şərtsiz yerinə yetirdikləri üçün  hər gün bir faciəmiz baş verir, qarşılaşdığımız fəlakətlərin miqyasları böyüyürdü. 1989-cu ilin iyul ayının axırlarında artıq xeyli qan tökülmüş, Ağdamla Əsgəranın arasında iki nəfər şəhid olmuşdu. İyul ayının sonlarında Moskvadan SSRİ Ali Sovetinin deputatları Şuşaya gəlmişdi. Mən də bir neçə nəfərlə ora getmişdik. Biz ora çatanda xəbər tutduq ki,  Bakıdan Quşçular kəndinə anasını görməyə gələn, Bakı Evtikmə Kombinatının fəhləsi Sərvər Hacıyevi, komendaturaya məxsus rus əsgərləri  evdən götürüb Xankəndinə apararaq ölümcül vəziyyətdə döyüb, sonra gətirib evinin qabağına atıblar. Bu ərəfədə Sərvər Şuşa xəstəxanasında yatırdı. Biz onun yanına getdik, bizə deyirdi ki, komendantın otağında məni döyə-döyə soruşurdular ki, sən hansı tapşırıqla bura gəlmisən? Nədənsə onu öldürmədən (ola bilər ki, öldü bilib) gətirib kəndə atıb getmişdilər. Mən bu hadisə ilə əlaqədar ora gələn deputatlara müraciət etdim. Həm də orada həmin dövrdə komendant olan polkovniki aparıb göstərdim, təəssüf ki, heç bir tədbir görülmədi. 1989-cu ilin oktyabr ayında Füzuli rayonunun Tuğ kəndində, yanaşı olan iki məktəbdə, Rüstəm adlı bir şagirdi 4 erməni döyüb, sonra bıçaqlayıb öldürmüşdülər. Bu məsələ ilə bağlı həmin kənddən  25 nəfərə yaxın adam, o vaxt, indiki Rəşid Behbudov adına mahnı teatırının yanında yerləşən AXC-nin qərərgahına gəldilər. Mənim dəfələrlə müraciətimə baxmayaraq, o vaxt Nazirlər Kabinetinin sədri olan Ayaz Mütəllibov başda olmaqla, dövlət səviyyəsində heç kim bu adamları qəbul etmirdi. Bundan sonra Polyaniçkoya müraciət etdim. Polyaniçko 25 nəfər Füzuli sakinini qəbul etdi, hətta səhiyyə nazirinə, kənddə poliklinika düzəltməyə, təcili yardım maşını verilməsinə, orada yerləşən iki yanaşı məktəbin də təzəsini azərbaycanlılara, köhnə binanın isə ermənilərə verilməsinə göstəriş verdi. Həmin Rüstəmin də matəm xərclərini təhsil nazirinə tapşıraraq  oradan gələn insanları razı yola saldı. 90-cı ilin 20 yanvar hadisələrindən geniş danışıb hörmətli oxucuların vaxtını almaq istəmirəm, çünki bu hamıya məlumdur. 1991-ci ilin fevral ayında Martuninin Qaradağlı kəndində, kəndin ən hörmətli adamlarından olan Soltan adlı bir nəfəri öldürürlər. Həmin dövrdə rəhmətlik Eldar Bağırovun köməyi ilə onun  hüzrünə getdim. Hüzr yerində hamının  bu hadisədən vahimələndiyini, orada yaşamağın təhlükəli olduğunu söylədiklərini gördüm. Yenə də o dövrdə Azərbaycan rəhbərliyi bu məsələ ilə bağlı heç bir tədbir görmədi. Bu hadisədən qısa müddət sonra Qaradağlı kəndi tərk edildi.
1991-ci ilin sentyabr ayının 8-də cənab Ayaz Mütəllibov ikinci dəfə prezident seçilən günü, yenə Füzuli rayonunun Tuğ kəndində, Rusiyanın sülh məramlı qüvvələri orada ola-ola, kəndin iki sakinini öldürdülər. Həmin dövrdə mən Ali Sovetin deputatı idim və bu məsələ ilə maraqlanmaq üçün ora getdim. Həmin öldürülən şəxsləri dəfn etməyə imkan vermirdilər, komendant deyirdi ki, mənə yuxarıdan heç bir göstəriş verilməyib. Mənim həmin komendantla uzun mübahisəmdən sonra, komendant onları dəfn etməyə göstəriş verdi. Biz həmin rəhmətlikləri dəfn edən vaxt atəş başladı. Onları dəfn edib kənddən çıxanda, camaatın da kəndi tərk etmək istədiyini gördüm. Kənd sakinləri kənddə qalmaq və kəndi qorumaq üçün silah istəyirdilər. Bakıya qayıdanda, keçmiş daxili işlər naziri rəhmətlik Məmməd Əsədovla bu haqda danışdım, o da həmin kəndə 100 ədəd “Karabin” göndərdi (O dövr üçün bu çox böyük kömək idi – R.Q.) 1991-ci il sentyabr ayının 17-18-də B.Yeltsin və N.Nazarbayev Azərbaycana gəlmişdilər. Onlar Bakıdan Xocalıya gəldilər. Həmin vaxt mən də Ağdamdan Xocalıya gəldim, Xocalı əhalisi aeroport yoluna Yeltsinlə görüşmək üçün çıxmışdılar. Çünki Yeltsin ora gedəndə söz vermişdi ki, Xocalıda da, Şuşada da sakinlərlə görüşəcək, amma bir dəqiqə də dayanmadan birbaşa Xankəndinə getdi. Xankəndində ermənilər mitinq keçirirdilər. Orada Ayaz Mütəllibova qarşı böyük hörmətsizlik oldu, və yəqin ki, onun özü də bunu yaxşı xatırlayar. Mən, Fəhmin Hacıyev və Faiq Baxşəliyev Ayaz Mütəllibovun arxasınca gedirdik. Əl-ələ verərək, Ayaz Mütəllibovu sıxışdırmağa çalışan ermənilərdən onu qorumağı bacardıq. Xankəndində olduğumuz müddətdə Azərbaycan jurnalisti Nadejda İsmayılova təhqir olundu, Türkiyədən gələn jurnalist Əhməd Əfəni döydülər və Arif Əliyev adlı operatoru da oğurladılar. Mən bunları orada Ayaz Mütəllibova desəm də, o,  cəsarət edib bunu  Yeltsinə deyə bilmədi. Yeltsin müşavirədən çıxıb, oradan çıxıb birbaşa aeroporta gəldi.  Mən onun maşınını saxladaraq, dedim ki, sizin  mədəni və əzabkeş saydığınız həmin ermənilər bizim jurnalist Nadejda İsmayılovanı təhqir edib, bir xarici jurnalisti döyüb və bizimlə gələn Arif Əliyev adlı operatoru oğurlayıblar. Həmin o hadisədən iki gün sonra Yesentukidə Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü olmalı idi. Yeltsin Vilayət Partiya Komitəsinin birinci katibi olan  Petrosyana tərəf dönüb dedi ki, sabaha qədər həmin oğurlanan jurnalist sağ salamat qayıtmasa, Yesentukidəki görüş ləğv olunacaq. Həmin dəqiqə mən Petrosyanın maşınına yaxınlaşıb oturdum. Ardımca da Fəhmin Hacıyev - “səni tək qoya bilmərəm” - deyib yanımda əyləşdi. Petrosyan hara getmək istədiyimizi soruşanda, ona Stepanakertə getdiyimizi söylədim. Petrosyan dedi ki, mən sizin təhlükəsizliyinizə  zəmanət vermirəm. Ona bildirdim ki, bura Azərbaycan torpağıdır və burda mən sizə zəmanət vermirəm. Orada vilayət partiya prokuroru işləyən Bakı rusu var idi, o, bizə söz verdi ki,  sabah saat 9-a kimi həmin Arif Əliyevi Ağdama çatdıracaq. Doğurdan da həmin vaxt onlar Arif Əliyevi Ağdama gətirdilər...
20 noyabrda, həmin sülhməramlı qüvvələrin köməyi ilə, Qarakənd səmasında içərisində Azərbaycanın ən qeyrətli oğulları olan vertolyotumuzu vurdular. O dövrdə Meşəli, Cəmilli, Quşçular və digər  kəndlərimiz, Rus ordusunun sülhməramlı qüvvələrinin köməkliyi ilə işğal olundu. 
Rus sülhmərmlılarının Azərbaycana gəlməsində heç bir təhlükə görməyən Ayaz Mütəllibova bu qısa məqamları niyə xatırlatmağımı yəqin ki oxycular başa düşər. Amma  Mənim özümün başa düşmədiyim bir şey var ki, niyə  A. Mütəllibov yaşının bu ixtiyar çağında, yenə də millətə adamı dəhşətə gətirən bəyanatlar verir. Torpaqlarının 20 %-i işğalda, milyondan çox da qaçqını olan bir ölkəyə Rus sülhməramlıları daha hansı fəlakətləri gətirməli idi ki, Ayaz Mütəllibov bu təhlükəni görsün? Hesab edirəm ki,  bu, Ayaz Mütəllibovun öz iradəsi ilə verilmiş bir açıqlama deyil və  uzun illər himayəsinə sığınıb yaşadığı Rusiyanın qarşısında götürdüyü öhdəliyin bir parçasıdır. Biz hansı əzab əziyyətlərlə 164 il Azərbycanı təpiyi altında əzən bir ordunu çıxardıq. İndi yenidən sülhməramlı adı ilə həmin ordu gəlib ərazimizə girirsə, bu, rus ordusunun təzədən Azərbaycana qayıtması deməkdir, həm də daha uzun müddətə. Mən buna qarşı qəti etiraz edirəm və A. Mütəllibovu da bu cür məsələlər haqqında danışanda ehtiyyatlı və ən əsası da məsuliyyətli olmağa çağırıram. Bu şəxs, bütün doğruları və yanlışları ilə müstəqil Azərbaycanın ilk prezidenti olub və hazırda da eks-prezidentlik ststusunda qanunla müəyyən olunmuş imtiyazlarla yaşamaqdadır. Bu imtiyazlara, o, müstəqil Azərbaycanın eks-prezidenti kimi sahibləndiyi üçün, əvvəla çörək yediyi qaba tüpürmək və zamanında prezident kimi içdiyi anda xəyanət etmək haqqına sahib deyil.
AzerTaym.az






Fikirlər