DEPUTAT AYAZ MÜTƏLLİBOVA SƏRT CAVAB VERDİ – “Bu boşboğazlıq onu…”
Jurnalist Eynulla Fətullayevin Milli Məclisin deputatı Rasim Musabəyov haqqında dərc etdiyi tənqidi yazı qalmaqala səbəb olub.
Eynulla Fətullayev yazısında Rasim Musabəyovu siyasi səhnədə tez-tez mövqeyini dəyişdirməkdə, satqınlıqda ittiham edib. Rasim Musabəyov isə E.Fətullayevi sifarişlə yazı yazmaqda qınayıb və onun ölümünün yetişdiyini bildirib.
Tərəflər arasındakı gərginliyi şərh edən eks-prezident Ayaz Mütəllibov isə vaxtilə onun hakimiyyət komandasında yer almış Rasim Musabəyovu səbirsizlikdə, jurnalistin yazdıqlarına dözümsüz yanaşmaqda qınayıb, onu küçə xuliqanı səviyyəsində mübahisə aparmaqda günahlandırıb.
Sabiq prezidentin bu çıxışına Rasim Musabəyovun reaksiyası gecikməyib. Modern.az saytının məlumatına görə Rasim Musabəyov Ayaz Mütəllibova cavabında belə deyib:
“Ayaz Mütəllibov haqqin.az vasitəsi ilə mənə ağıl vermək istədi, məni dözümlü və düzgün olmağa çağırdı. Yaxşı olardı ki, o Xocalı faciəsi ilə bağlı ikibaşlı şərh verməsin və dəqiq ifadə etsin ki, bu hadisənin əsas iştirakçısı olub. Ayaz Mütəllibov prezident İlham Əliyevin humanistliyi sayəsində sakit dayanmaq şərti ilə Azərbaycana qayıdıb. Əgər Ayaz Mütəllibov sağa-sola qiymətləndirmə edəcəksə, bu boşboğazlıqların onu hara aparacağı məlum deyil.
Mütəllibov bildirir ki, vaxtilə mənim məsləhətlərimdən istifadə etməyib. Halbuki, mən onun aparatında müşavir idim. İndi keçmiş zat-alisindən xahiş edirəm ki, məni özünün xoşagəlməz məsləhətlərindən azad etsin”.