Ayaz Mütəllibov - Etibar Məmmədov DAVASI -ağır ittihamlar

Ayaz Mütəllibov - Etibar Məmmədov davası-ağır ittihamlar

Keçmiş prezidentlə AMİP liderinin savaşına AXC İdarə Heyətinin sabiq üzvləri də reaksiya verdi 

 

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı müzakirələrdə keçmiş prezident Ayaz Mütəllibovla AMİP lideri Etibar Məmmədov arasında kəskin fikir toqquşması baş verib.
 
Qeyd edək ki, AMİP liderinin faciənin ildönümü günü modern.az saytında “Aydınlıq” qəzetinin 1992-ci il, 17 aprel tarixli buraxılışına verdiyi müsahibə yayımlanıb. E.Məmmədov həmin müsahibədə  bildirib ki, həbs edilməsi üçün ilk növbədə AXC İdarə Heyətindən, sonra isə Ayaz Mütəllibovdan razılıq alınıbmış.  Xatırladaq ki, Etibar Məmmədov 1990-cı ilin 26 yanvarından 1 noyabrına qədər Moskvanın Lefortovo zindanında məhbus həyatı yaşayıb.
 
Eks-prezident isə E.Məmmədovun dediklərini təkzib edib. “Həbsinə razılıq verməyim barədə Etibar Məmmədovun söylədikləri tam yalandır. Elə bir şey olmayıb, ola da bilməzdi, çünki bu, mənim prinsipimə uyğun deyildi”. Bunu moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib. A.Mütəllibov deyib ki, Etibar Məmmədov o həbsi KQB-nin həyata keçirdiyini çox gözəl bilir:“Bilmirəm, bu məsələni indi nə məqsədlə gündəmə gətiriblər. Etibar Məmmədov o vaxt bu fikirləri deməklə özünə xal qazanmaq istəyib. Etibar Məmmədov bilir, çox gözəl bilir ki, o həbsi Moskvanın KQB-si həyata keçirib”.  Eks-prezident maraqlı bir məqama da toxunub: “Respublikada Ali Sovetə seçkilər keçirilməli idi. Rəhim Qazıyevla Etibar Məmmədov seçkidə iştirak edə bilməyəcəklərinə görə narahat idilər. O zaman onların qohumları mənə müraciət etdilər ki, hal-qəziyyə belədir. Onları buraxmağı məndən xahiş etdilər. Mən də dedim ki, çalışaram və çox güman həll edə bilərəm. Həll olundu və ikisi də seçkilərdə iştirak etdi, Ali Sovetin tərkibinə düşdülər. Bundan danışsınlar da. Bu nanəciblər bundan niyə danışmırlar?  Bəyan edirəm ki, Ayaz Mütəllibovun respublikanın rəhbər vəzifələrində çalışdığı zamanlarda heç kim cəzalandırılmayıb, heç kimi türməyə basmamışıq. Moskva KQB-sinin həbs etdirdiklərini də buraxdırmışıq. Şəxsən mənim sayəmdə”. 
 
Etibar Məmmədov “Aydınlıq” qəzetinin 1992-ci il, 17 aprel tarixli buraxılışına verdiyi müsahibədə Hikmət Hacızadəni onun həbsinə razılıq verməkdə ittiham edir: “Mənim mətbuat konfransımdan sonra Hikmət Hacızadə Moskvaya zəng edib bildirib ki, Etibar Məmmədovun danışıqlar aparmağa heç bir səlahiyyəti yoxdur, onunla danışıqlar aparılmasın. Çox keçmədən müstəntiqin də etiraf etdiyi kimi, AXC İdarə Heyətinin belə münasibətindən sonra həbs olunmağım qərara alınıbmış. Beləliklə, mənim həbs edilməyim üçün ilk növbədə AXC İdarə Heyətindən, sonra isə Ayaz Mütəllibovdan razılıq alınıbmış. Bu da bəllidir ki, məni 9 ay yarım həbsdə saxlamaqda məqsəd milli hərəkatı zəiflətmək idi”. 
 
Eks-prezident Ayaz Mütəllibov isə Etibar Məmmədovu bu yanaşmasına görə nanəciblikdə ittiham edib. Modern.az-a açıqlamasında  AMİP lideri bunları bildirib: “O adam başını itirib, olmayan şeylərdən danışır. Mən heç zaman heç kimə azad olunmaq üçün müraciət etməmişəm. Əksinə, Ayaz Mütəllibov və onun kimiləri həbsdə olduğum zaman (Lefortovada-red.)  məndən xahiş edirdilər ki, Bakıda sakitliyin yaranması üçün xalqa müraciət edim. Onlar özlərinə şərait yaratmaq üçün dəfələrlə yanıma adam göndərmişdilər”. E.Məmmədovun sözlərinə görə, milli azadlıq hərəkatının üzvlərinin həbsdən azad olunmasında A.Mütəllibovun heç bir rolu olmayıb. “Ayaz Mütəllibov özünü zəif prezident kimi göstərdi, zəif prezident xalqına heç bir xidməti olmayan şəxs kimi tarixdə qaldı. Ona görə də onun danışmağa heç bir haqqı yoxdur. Susub yerində otursa və üzüsulu bu dünyadan getsə, daha yaxşı olar”-AMİP lideri deyib.
AMİP funksioneri Əli Orucov isə eks-prezident Ayaz Mütəllibovun Etibar Məmmədov haqqında səsləndirdiyi ittihamlara etirazını yazılı şəkiləd moderator. az-a göndərib. Ə.Orucov bildirib: “Ayaz Mütəllibovun Etibar Məmmədovu Lefertovo zindanından azad etdirməsi və deputat seçdirməsi ilə bağlı mətbuata verdiyi son açıqlamaları sayıqlama və yalandan başqa bir şey deyil. Azərbaycana rus qoşunlarını çağıraraq Bakıda və digər bölgələrimizdə qanlı qırğınlar törədilməsində, eləcə də Xocalı faciəsində birbaşa məsuliyyət daşıyan bir şəxsin utanıb qızarmadan, həyasızcasına cəmiyyət qarşısına çıxıb nəsə söyləməsi onu göstərir ki, həqiqətən də dünyanın sonu yaxınlaşmaqdadır.
Bir ayağı gorda olan Ayaz Mütəllibov hələ də Azərbaycan xalqına düşmən münasibətindən nəinki əl çəkməyib, hətta daha da artırıb. Özü də çox yaxşı anlayır ki, onu bu ağır, rəzil, acınacaqlı duruma salan xalqın ona sonsuz nifrəti və lənətidir. Xalq tərəfindən lənətlənən insana isə əlavə nəsə demək artıq olardı. 
Maraqlıdır ki, mərhum prezident H. Əliyevin hakimiyyəti dövründə barəsində cinayət işi qaldırılaraq, axtarışa verilən, istintaqdan qaçaraq Moskvada gizlənən Ayaz Mütəllibova necə olur ki, birdən-birə Azərbaycanda peyda olur? Eks-prezident statusu ona da şamil olunur və bu gün hakimiyyətə güclü təsirləri olan məlum qüvvələrin hər cür qayğısı ilə əhatələnib.  Sonra da mövcud iqtidar özlərini bütün sahələr üzrə H. Əliyevin davamçıları kimi cəmiyyətə təqdim edirlər.
 
Zamanın özü ən ədalətli hakimdir. Bu onu göstərir ki, milli faciələrimizin törədilməsində kimlərin rolu nədən ibarət olub..."
E.Məmmədovun və Ə.Orucovun səsləndirdiyi sərt ittihamlara A.Mütəllibovun münasibətini öyrənmək istədik. Lakin israrlı zənglərimizə baxmayaraq, eks-prezident telefonu açmadı. 
Mütəllibov-Məmmədov davası ilə bağlı AXC İdarə Heyətinin keçmiş üzvlərinin də münasibətini soruşduq. Təəssüf ki, adı hallandırılan Hikmət Hacızadə ilə danışa bilmədik. 
 
AXC İdarə Heyətinin üzvü olmuş Pənah Hüseyn bildirdi ki, bu məsələyə vaxtilə aydınlıq gətirilib: “AXC-nin İdarə Heyətinin bu məsələdə iştirak etməsi barədə deyilənlər həqiqətə uyğun deyil. Digər məsələlərə isə Ayaz Mütəllibov özü cavab verə bilər”.
 
AXC İdarə Heyətinin sabiq üzvü Sülhəddin Əkbər isə Azərbaycan hakimiyyətinin bu prosesdə iştirakını mümkün saydı: “Həmin dövrdə hələ SSRİ dağılmamışdı, mövcud idi və Azərbaycan hakimiyyəti də Moskva ilə, Kremllə sıx koordinasiya şəraitində işləyirdi. Təbii ki, siyasi həbslərdən yerli siyasi hakimiyyətin xəbərinin olmaması qeyri-mümkün idi”. 
 
Cavid TURAN






Fikirlər