“DEYƏSƏN, BİR AZ YAŞLANIB” – Etibar Məmmədov Ofeliya Sənaniyə cavab verdi
Tanınmış diktor Ofeliya Sənani 20 Yanvar xatirələrini olke.az saytıyla bölüşüb. O, Milli Azadlıq Hərəkatının liderlərindən olan Etibar Məmmədovla bağlı da ittiham səsləndirib: “Gördük ki, aləm qarışıb bir-birinə, hamı təşviş içindədir, girirlər-çıxırlar. Bir neçə dəqiqədən sonra insanlar televiziyanın aşağı darvazasının ağzına yığışdılar. Darvazanı sındırırdılar ki, bizə bir məlumat verin. Etibar Məmmədov da maşınla bayraq əlində gəzirdi, ruporla qışqırırdı ki, camaat, bayıra çıxın, rus tankları üstümüzə gələcək. Axı camaat boş əllə necə çıxsın tankın qarşısına? Ziyalı ailələrin hamısı gizləndi”. Teleqraf.com məsələyə aydınlıq gətirmək üçün AMİP liderinin özüylə əlaqə saxlayıb. Etibar bəy Ofeliya Sənaninin dediklərini təkzib edib: “Deyəsən, Ofeliya Sənani bir az yaşlanıb, məni kiminləsə səhv salır. Heç məni əlində bayraq maşınla gəzən, kimisə harasa çağıran görmüsünüz? Danışanda mənim eləyə biləcəyim bir şeydən danışmaq lazımdır”.