GÜRCÜSTAN seçki astanasında - Azərbaycanlılar BU İKİ namizəddən hansına SƏS VERƏCƏK?

Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.

Bu barədə qərar Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 14-də keçirilmiş iclasında qəbul olunub.

Oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu”nun dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin yaratdığı “Güc birlikdədir” təşkilatının namizədi Qriqol Vaşadze isə 37,7 faizni toplayıb.

Hazırda Gürcüstanda seçkilərin ikinci turuna hazırlıq necə gedir? Əsasən hansı namizədin şansı daha çoxdur?

Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq həm müxalifətdə, həm də hakimiyyətdə təmsil olunan azərbaycanlı deputatların mövqeyini öyrənməyə çalışıb.
Hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev deyir ki, seçkilərin ikinci turuna hazırlıqlar çox yaxşı formada gedir:

“Tam sərbəst mühitdə seçimlərin ikinci turuna hazırlıq görülür. İkinci tur ölkədə demokratiyanın nə dərəcədə yüksək olmasının nümunəsidir. İkinci turu da demokratik və azad şəkildə keçirəcəyimizə şübhəmiz yoxdur. Əlbəttə, müxalifət düşərgəsi tərəfindən provokasiya xarakterli hallar olacaq və hazırda da olur. Bu cür halları ciddi qəbul etmirik. Eyni zamanda ikinci turda müxalifətin namizədinin heç bir şansı yoxdur. Müstəqil və dəstəklədiyimiz namizəd Salome Zuravaşvilinin qələbə çalacağına şübhə etmirik. Yüksək səslə qalib gələcək”.

Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov bildirib ki, ikinci turda hakimiyyətin şansı sıfırdır.

“Seçkilərə hazırlıqlar çox pis gedir. Dövlət tərəfindən saxtalaşdırma aparılır. Adambaşına 5 pasport düzəltdiriblər. Dünən bunun üstü açıldı. Həmçinin, Saakaşvilinin adamlarına mütəmadi olaraq təzyiqlər olur. Dünən qapılara “Molotov kokteyli”nə qədər atdılar. Bu da onu göstərir ki, qarşı tərəf məğlubiyyətini boynuna alıb. Ona görə də hər fürsətdən istifadə edirlər. Buna baxmayaraq, heç kim geri çəkilmək niyyətində deyil. İkinci turda hakimiyyətin  şansı çox aşağıdır. Çünki şansı olsaydı elə birinci turda qalib gələrdi. Bu da olmadı. İkinci turda Qriqol Vaşadzenin şansı yüksəkdir”.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, ikinci turda sadə səs çoxluğu ilə qalib gələn namizəd prezident seçiləcək.






Fikirlər