“Seçki kampaniyası ƏRƏFƏSİNDƏ Trampın adamları Putinə yaxın şəxslərlə 14 dəfə görüşüblər” - The Washington POST
ABŞ-ın “The Washington Post” qəzetinin məlumatına görə, prezident Donald Tramp iqtidara gələnə qədər Kremlə yaxın adamlar onun çevrəsi ilə ən azı 14 dəfə təmasda olub. Barak Obama dövründə ABŞ-ın Rusiyadakı səfiri olmuş Maykl Makfol həm kontaktların sayını, həm də xarakterini olduqca qeyri-adi hesab edir. 2008-ci ildə keçirilən seçkilərdə Barak Obamanın rəqibi olmuş Con Makkeynin hüquqi məsələlər üzrə müşaviri vəzifəsində çalışan Trevor Potter də seçki kampaniyası boyunca xarici ölkələrin məmurları ilə əlaqədə olduqlarını, lakin bu barədə mütləq Dövlət Departamentinə məlumat verdiklərini söyləyib. “The Washington Post” 2015-ci ilin noyabrında Trampın vəkili Maykl Koenin Rusiya Federasiyasının “etibar edilmiş şəxsi” ilə görüşdüyünü bildirib. Koen bununla bağlı Trampın Rusiya ilə əlaqələrini araşdıran prokuror Robert Müllerə də danışıb. Qəzet həmin şəxsin Rusiyanın tanınmış idmançısı (ağırlıq qaldırma), hökumətlə güclü əlaqələrə malik, hazırda sahibkar kimi fəaliyyət göstərən Dmitri Klokov olduğunu yazır. Klokovun xanımı (Yelena Klokova) isə 2015-ci ilin oktyabrında Donald Trampın qızı İvanka Trampla görüşərək ona Moskvada “Tramp qüllələri”nin tikintisi ilə bağlı hər cür köməklik göstərəcəyini vəd edib. İvanka Tramp isə öz növbəsində həmin qadınla kontakt qurulmasını Maykl Koenə həvalə edibmiş. Müllerin komandası ABŞ prezidentinin seçki qərargahınn keçmiş rəhbəri Pol Manafortla Rusiya kəşfiyyatına yaxın olduğu bilinən Konstantin Kilimniklə qarşılıqlı münasibətlərinə dair sübutlar toplayır. Manafort hətta Kiliminik vasitəsilə seçki kampaniyasının gedişi ilə bağlı Kremlə yaxın biznesmen Oleq Deripaskaya birfinq verməyi də təklif edib. Bundan əlavə Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak Donald Trampın bir neçə müşaviri, o cümlədən bu yaxınlarda vəzifəsindən azad olunan keçmiş ədliyyə naziri Ceff Seşnslə (həmin vaxt Seşns Alabama ştatından senator olub) dəfələrlə görüşüb. Trampın daha bir müşaviri Karter Peyc isə 2016-cı ilin iyununda Moskvada Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç tərəfindən qəbul edildiyini söyləyib. Seçkidən bir neçə ay əvvəl Rusiya Xarici İşlər Nazirliyi ilə sıx bağlı olan “Valday” analtik mərkəzinin proqram direktoru İvan Timofeyev Donald Trampın xarici məsələlər üzə müşaviri Corc Papandopulosla görüşərək, Kremlin sahibinin Donald Trampla görüşünün təşkil oluna biləcəyini söyləyib. Papandopulos sonradan Londonda Putinin qardaşı qızı bildiyi bir qadınla kontakt qurduğunu istintaqa bildirib.