Donald Trampın başı üzərində impiçment kabusu: seçkiqabağı piar, yoxsa...?

Donal Tramp Ağ Evə sahib olandan zaman-zaman gündəmə gələn impiçment ehtimalı artıq real prosesə çevrilməyə başlayır.

Belə ki, sentyabrın 24-də ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat çoxluqdan olan spikeri Nensi Pelosi prezident Trampa qarşı rəsmi impiçment proseduruna başlandığını elan etdi. Əsas kimi Donal Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə iyulun 25-də olmuş telefon danışığı zamanı ABŞ prezidentinin həmkarına təzyiq etdiyi və həmçinin, ABŞ Konqresinin Ukraynaya ayırdığı yardımı 2 ay ərzində gecikdirdiyi göstərilir. İddialara görə, telefon danışığı zamanı Tramp Ukrayna prezidentindən ölkəsinə göstərilən hərbi yardım müqabilində Trampın 2020-ci il seçkilərində opponenti olacağı gözlənilən keçmiş vitse-prezident Cozef Baydenin oğlunun Ukraynadakı biznes fəaliyyətini araşdırmağı istəmişdir. Bu haqda məlumatı Konqresə dövlət qurumlarından birində çalışan və adı açıqlanmayan mənbənin ötürdüyü göstərilir. Prosedur elan olunan kimi Vaşinqtonda siyasi hərarət yenidən yüksəlməyə başladı və bir qayda olaraq, bütün ittihamları və hətta adi tənqidləri də rədd edən prezident Tramp telefon danışığının stenoqramının açıqlanacağını bildirdi. Stenoqramın açıqlanması isə vəziyyəti bir qədər də gərginləşdirdi. Belə ki, Trampın opponentləri administrasiya tərəfindən üzə çıxarılan stenoqramın telefon danışığını tam əks etdirmədiyini bildirməklə yanaşı, eyni zamanda, hətta onun da irəli sürülən ittihamların əsaslı olduğunu təsdiqlədiyini bildirirlər. Qarşı tərəf isə bunun tam əksini iddia edir. Bu da bügünkü ABŞ daxili siyasətinin ifrat qütbləşməsinin təzahürüdür. Belə olduqda "prezident Tramp impiçment olunacaqmı?" sualına cavab tapmaq daha da çətin görünür.

 İmpiçment hansı yolla reallaşdırıla bilər?

Картинки по запросу tramp impiçment

 ABŞ Konstitusiyasına əsasən prezidentə qarşı impiçment Nümayəndələr Palatası tərəfindən başlanılır və qərar çıxarmaq üçün buna adi çoxluğun (50% + 1) səs verməsi kifayət edir. Bundan sonra qərar Senata təqdim olunur ki, bu qurum da faktiki prezidentə dair məhkəmə araşdırması aparır. İmpiçment haqda yekun qərarın çıxarılması üçün bu qurumun üzvlərinin (senatorların) 2/3-nin səs verməsi vacibdir. Yalnız bu halda prezident vəzifəsindən kənarlaşdırılır və onun səlahiyyətlərini vitse-prezident icra edir. Amma burda da maraqlı bir detal var: Nümayəndələr Palatasının təqdim etdiyi qərar Senatın gündəliyinə hətta daxil edilməyə də bilər ki, bu haqda qərarı da Senatdakı çoxluğun lideri olan spiker verir. ABŞ Senatında isə hal-hazırda çoxluq Respublikaçılar Partiyasındadır. Deməli, hətta demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası impiçment qərarı çıxarsa belə, bu qərar respublikaçıların çoxluq təşkil etdiyi Senatdan keçməyə və ya ümumiyyətlə, orada müzakirəyə çıxarılmaya da bilər. Belə hallar isə ABŞ tarixində artıq olub: 1868-ci ildə ABŞ-ın 17-ci prezidenti Endrü Conson (Andrew Johnson), 1998-ci ildə isə 42-ci prezident Bill Klinton (Bill Clinton) haqda Nümayəndələr Palatasında impiçment qərarı qəbul olunsa da, həmin qərarlar Senatda dəstək tapmayıb. 1974-cü ildə impiçmentə məruz qalan digər dövlət başçısı isə ABŞ-ın 37-ci prezidenti Riçard Nikson (Richard Nixon) olub ki, o da qərar səsverməyə çıxarılmazdan əvvəl öz postundan istefa verib. Beləliklə, gördüyümüz kimi, ABŞ tarixində faktiki heç bir prezident impiçment olunmayıb.

Yuxarıdakı hallara istinad edərək, Donald Trampın impiçmentə məruz qalacağı ehtimalının da minimum olduğunu söyləyə bilərik. O zaman məntiqi sual ortaya çıxır ki, əgər belədirsə, demokratlar niyə bu, üzücü uzun prosedura start verdilər? Sualın əsas cavabı budur ki, demokratlar Donald Trampın prezidentliyi dövründə xeyli laxlamış qanunun aliliyi prinsipini bərpa etməyə və eyni zamanda da prosesdən qarşıdan gələn 2020-ci il seçkiləri üçün istifadə etməyə çalışırlar. Amma burda da risklər yetərincədir. Belə ki, impiçmenti həyata keçirmək mümkün olmayacağı halda (bu ehtimal isə heç də istisna olunmur) bu, Donald Trampın özünə, onun sabit elektoratının isə öz namizədinə inamını xeyli artıra bilər. Belə olduqda demokratların gələn il keçiriləcək prezident seçkilərini növbəti dəfə uduzmaq təhlükəsi qaçılmaz olacaq.

Əlbəttə, nəzəri cəhətdən hansısa respublikaçı senatorların impiçment qərarına səs verə biləcəyi də mümkündür, amma bu halda qərarın qəbul olunması üçün onların sayı ən azı 18 nəfər olmalıdır ki, bu isə praktiki olaraq istisna olunur. Xüsusilə də yuxarıda qeyd etdiyim kimi, ABŞ daxili siyasətinin indiki ifrat qütbləşməsi fonunda.

Картинки по запросу tramp impiçment

Son məlumatlara əsasən, demokratlar impiçment haqda qərarı artıq gələn ay (oktyabrda) Nümayəndələr Palatasında səsverməyə çıxarmağa hazırlaşırlar. Yüksək ehtimalla, burda məqsəd respublikaçıların Senatda qərara "yox" deməsinə nail olmaqdır ki, bu halda da demokratlar öz rəqiblərini açıq-aydın impiçment olunmalı prezidenti qorumaqla ABŞ Konstitusiyasını pozmaqda, ölkənin milli maraqlarına xəyanətdə ittiham edəcəklər. Bu da təbii ki, ancaq siyasi polemika və siyasi piar vasitəsi ola bilər.

 İmpiçment Tramp Administrasiyasını xarici siyasətdə hansısa qəti addımlar atmağa sövq edə bilərmi?

Картинки по запросу tramp impiçment

 Bu gün bəzi ekspertlər bu sualı da verirlər ki, "küncə sıxılan" prezident diqqəti daxili siyasi təlatümlərdən yayındırmaq üçün hansısa hərbi kampaniyalara start verə bilərmi? Nəzəri cəhətdən bu, istisna deyil. Xüsusilə də Donald Trampın əsas müttəfiqləri - Böyük Britaniyanın Baş naziri Boris Consonun və İsrailinin Baş naziri Benyamin Netanyahunun uğursuzluqları bu üçlüyü hansısa "əcinnə ovuna" təhrik edə bilər. Son zamanlar İran ətrafında artan gərginlik, Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumlar belə bir addım üçün real zəmin (daha doğrusu, bəhanə) ola bilər. Amma burda da məsələ göründüyü qədər sadə deyil. ABŞ-ın iştirakı olmadan nə Böyük Britaniyanın, nə İsrailin, nə də ikisinin birlikdə İrana qarşı hər hansı miqyasda hərbi əməliyyatlara əl atması onlara uğur gətirə bilməz. Donald Tramp isə belə bir addımın gələnilki seçkilərdə onun mütləq məğlubiyyətini təmin edəcəyini çox yaxşı anlayır. Görünür elə bu səbəbdən də son bir ayda Ağ Evin sahibi onu İranla hərbi qarşıdurmaya sürükləməyə çalışan iki yaxın komanda üzvünü - Yaxın Şərq üzrə müşaviri Ceyson Qrinblattı və Milli Təhlükəsizlik müşaviri Con Boltonu istefaya yolladı.

Bu günlərdə Beynəlxalq Valyuta Fondunun keçmiş və Avropa Mərkəzi Bankının gələcək prezidenti Kristin Laqard (Christine Lagarde) ABŞ-Çin ticarət müharibəsini qlobal iqtisadiyyatın üzərindən asılmış "böyük qara blud" adlandırdı. Bunu bir çox ekspertlərin dediyi qarşıdan gələn qlobal iqtisadi böhran haqda ilk rəsmi xəbərdarlıq kimi də qəbul etmək olar. İqtisadi böhran şəraitində hərbi xərclərin artırılmasının isə nə demək olduğunun xüsusi izaha ehtiyacı yoxdur.

Deməli, impiçment üzərində qurulan ABŞ-daxili mübarizə də yüksək ehtimalla, elə ölkənin hüdudlarından kənara çıxmayacaq. Düzgün seçilmiş zaman və məkanda təxribatlar törədilməsə əlbəttə. Buna isə heç həmin təxribatların mümkün sifarişçiləri və təşkilatçıları da təminat verə bilməz. Xüsusilə də maraq vektorlarının sürətlə dəyişdiyi bugünkü çoxqütblü dünyada.

Картинки по запросу ərəstun oruclu

Ərəstun Oruclu, siyasi ekspert
 






Fikirlər