"Facebook”da status yazanların da həbs edildiyi iddia olunur

"Facebook”da status yazanların da həbs edildiyi iddia olunurAvqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsində baş verən müəmmalı ölüm hadisəsindən sonra bir qrup şəhər sakini ilə polis arasında qarşıdurma olmuşdu. Qarşıdurma zamanı hər iki tərəfdən xəsarət alanlar olmuşdu, xeyli sayda aksiya iştirakçısı həbs edilmişdi.

Musavat.com xəbər verir ki, saxlanılanların bir hissəsi artıq sərbəst buraxılıb. Qalanları barəsində isə həbs-qətimkan tədbiri seçilib. Həbs edilənlərdən kənd ağsaqqalı Qismət Vəliyev artıq sərbəst buraxılıb. Sərbəst buraxılanlardan biri isə Ələstum Rəsulovdur. Rəsmi məlumatlarda 21 nəfərin saxlanıldığı qeyd edilsə də, sonradan sərbəst buraxılanların sayı haqda məlumat verilmir.

Azadliq.info-nun yaydığı məlumata görə isə, Mingəçevirdə bir neçə müxalifətçi də həbs edilib. AXCP üzvü Emil Cəfərlinin ailə üzvləri polis bölməsinə çağırılıblar. Onun qardaşı Pərvin Cəfərova 20 sutka həbs cəzası verilib.
Məlumatda bildirilir ki, Emil Cəfərlinin həyat yoldaşı isə işdən çıxarılıb. Bundan başqa, AXCP Gənclər Komitəsi Mingəçevir şəhər şöbəsinin sədri Qara Allahverdiyev də polis bölməsinə çağırılıb.

Mingəçevir Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən musavat.com-a yeni saxlanılanlar və əvvəlcədən saxlanılanlar barədə onlarda məlumatın olmadığı bildirildi.
Müsavat Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli də şəhərdəki son vəziyyətlə bağlı fikirlərini musavat.com ilə bölüşdü.
N.Rüstəmli şəhərdə vəziyyətin normal şəkildə davam etdiyini, lakin polis və xüsusi təyinatlıların nəzarəti gücləndirdiyini dedi. Həbs olunanlar haqda xəbər verilmədiyini deyən N.Rüstəmli bunun insanlarda narazılığa səbəb olduğunu söylədi.

Onu da qeyd edək ki, həbslərlə bağlı yayılan bəzi məlumatlarda bildirilir ki, sosial şəbəkələrdə aksiya ilə bağlı foto və videogörüntülər yayan, sərt tənqidi statuslar yazanlar da həbs edilir.

Bunu N.Rüstəmli də təsdiq etdi. O, öz facebook səhifəsində aksiya ilə bağlı məlumat paylaşan İbrahim Salmanovun həbs edildiyini və haqqında heç bir məlumat verilmədiyini dedi.
İbrahim Salmanov əvvəllər Mingəçevir Dram Teatrının aktyoru olub. O, sosial şəbəkələrdə yazdığı fikirlərə görə işdən çıxarılıb.
Xatırladaq ki, Mingəçevir şəhər sakini Bəhruz Hacıyev avqustun 20-də polis şöbəsinə gətirildikdən 10 dəqiqə sonra ölmüşdü. Rəsmi məlumatda onun intihar etdiyi deyilir. Lakin mərhumun yaxınları B.Hacıyevin öldürüldüyünü iddia edirlər.

Avqustun 22-də B.Hacıyevin dəfnindən sonra bir qrup şəxs şəhər meydanında etiraz aksiyası keçirmişdi və polislə qarşıdurma yaranmışdı. Nəticədə xeyli sayda aksiya iştirakçısı həbs edilmişdi. 10 polis əməkdaşı xəsarət almışdı.
B.Hacıyevin ölümündə günahlandırılan polis baş leytenantı Şahlar Şahlarzadə isə artıq həbs edilib.






Fikirlər