“Nazpəri Marksdırmı, Lenindirmi?” - Xalq artisti ilə bağlı ŞOK sözlər
Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qadınlarla bağlı açıqlaması qalmaqala səbəb olub. “Qızımın olmasını çox istəyərdim. Xasiyyətim pisdir deyə, yəqin ki, Allah verməyib. Qız uşağına qarşı çox qısqancam. Onu bir dəqiqə də nəzarətsiz buraxma. Bəlkə də universitetə getməyə də qoymazdım. Rəfiqələrinin olmasına, gəzməsinə icazə verməzdim”, - deyən müğənninin sözləri müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə onu qadınların təhsil almasına qarşı çıxmaqda ittiham ediblər. Məsələ ilə bağlı tibb elmləri namizədi Rəşid Mahmudovla əlaqə saxladıq. “Yeni Sabah”a R. Mahmudov qadınların oxumağının, savadlı olmasının vacibliyini qeyd edib: “Bir artist deyibsə, nə olacaq? O, Marksdırmı, Lenindirmi, Engelsdirmi, Stalindirmi ki, ondan sitat gətirirlər? Bu saat oğlanlardan çox qızları oxutmaq lazımdır, qızlar anadır. Uşağa tərbiyə verən, bütün övladları böyüdən də anadır. Ana savadlı olmalıdır ki, övladına tərbiyə verə bilsin, ağıl versin, övladını inkişaf etdirə bilsin. Nə qız, nə oğlan? Gülməli şeylərdir bunlar. Cəmiyyət hara gedir, mən bilmirəm. Bir onu bilirəm ki, birinci kişilər bilsinlər, bizim bütün millət bilsin ki, qadın savadlı olmalıdır. Ona görə də qadını oxutmaq lazımdır. Necə yəni, qadını oxutmaq olmaz? Nədir, Fatmanisə olacaq qadın? 21-ci əsrdir. Sadəcə ayıbdır. Çox ayıbdır. Onu kim deyirsə, deməli onun özü də oxumayıb. Demirəm ki, oxumayanlar pisdir. Bizim nənələrimiz, analarımız olub ki, onlar da oxumayıb. Mənim anam da oxumayıb, 6 uşağı olub, kəndçi olub. Amma o savadsız qadın 6 uşağın 6-nı da oxudub, ali təhsil verib. Bunları demək ayıb şeydir. Birinci qızlar oxumalıdır. Mən buradan millətimə səslənirəm, övladlar içərisində birinci qızları oxutdurun! Qızları savadlı edin, o ana olacaq. Onun savadlı olması millətimizin savadlı olmasıdır. Bizim başımıza nə bəlalar gəlirsə, hamısı savadsızlığımızın ucbatından gəlir. Qızlara ali təhsil vermək lazımdır. Oxumaq üçün hara istəyirsə, qoy oraya getsin. Lap xaricdə oxusunlar, fərq etməz. Ayıbdır. Belə şeyləri heç gündəmə çıxarmaq lazım deyil. Bizim millət bilməlidir ki, qadın kişidən savadlı olar. Kişi fəhlə də işləyə bilər, hər şey ola bilər, amma qadın mütləq savadlı olmalıdır”. Mövzu ilə bağlı təhsil eksperti, əməkdar müəllim Asif Cahangirovla da əlaqə saxladıq. O, xanım ifaçının səhv dediyini bildirib: “Bu mənim üçün çox primitiv məsələdir. Bir axmaqlıqdır edib. Bunu sensasiya etmək lazım deyil. Deyib, deyib də, cəhənnəmə desin. Əlbəttə ki, səhv edib. Heç bir şey etməyib ki, bir sözdür də deyib, ağzından çıxıb. Özü də başa düşür ki, səhv edib”.