Bağlanıb üzümə bütün qapılar,
Daha bu dünyada kimim var mənim?
Məni sevə-sevə torpaq aparar,
Sən məni torpağa qısqan, gözəlim!
****
Atamın qələmindəndir bu şeir. İllər öncə - 2006-cı il 28 dekabrda, gecə saat 4-də anam üçün yazmışdı. “Ömür-gün yoldaşım Safura xanıma məndən yadigar”, deyə...
Sanki onda hiss etmişdi 32 illik həyat yoldaşını tək, övladlarını atasız, gözüyaşlı qoyub gedəcəyini. Sonunu bilirdi. Özünün də dediyi kimi bağlandı üzünə bütün qapılar. Kimsəsiz qaldı. Yanında ailəsi, canında ağrıları, qəlbində çarəsizliyi vardı sadəcə...
Bu gün Mahal İsmayıloğlunun kiçik qızı mən - Ayan Sadıqova bu yazını atam üçün yazıram. Bu qeydlərimi bir daha bu həyatda görməyəcəyim, qoxusunu, nəfəsini duymayacağım atama, canım jurnalistimə həsr edirəm, həm də ruhunun başımın üstündə olduğunu hiss edərək. Mən bir jurnalist tanıdım. O da atam Mahal İsmayıloğlu...
Lap əvvəldən başlamaq istəyirəm. Mən Sadıqovlar ailəsində böyüyən iki övladdan 11 il sonra dünyaya gəlmis üçüncü uşağam. Bu gün 19 yaşım var. Atamla qeyd etdiyim son doğum günüm 19-cu yaş günüm oldu. 6 ay öncə atamla söhbət edərkən birdən “qızım, mənim 5-6 ay ömrüm qalıb”, dedi. Çox üzüldüm. Sonralar da bir neçə dəfə bunu təkrar etdi. Onu bu fikirdən daşındırmağa çalışsam da sakitcə üzümə baxıb sözlərini başı ilə təkrar edirdi. İnsan öləcəyi zamanı necə hiss edər axı? Necə bilə bilər? Amma o, bilirdi.
Həm ürəyindən, həm də böyrəyindən əziyyət çəkirdi. Dəfələrlə ürək əməliyyatı keçirdi, amma ayağa qalxmağı bacardı. Hər dəfə sağlam şəkildə yanımda durduqca ürəyimlə danışırdım: “Mənim atama heç nə olmaz, o, güclüdür”. İki il bundan öncəsinə kimi - böyrəyi ilə bağlı problemlər baş qaldırana qədər - hər şey çox yaxşı idi.
2014-cü ilin aprel ayı idi. Onu Türkiyəyə yola saldım. Böyrəyində yaranan şişlər səbəbindən sağ böyrəyi artıq funksiyasını itirmişdi və əməliyyat olunaraq götürülməli idi. Türkiyəyə gedişindən 10 gün sonra ad günüm olacaqdı. Yolda ona “biz - ailən hər zaman sənin yanındayıq. Səndən heç nə yox, sadəcə ad günümə hədiyyəm olmağını istəyirəm, ata!” deyə bir mesaj yazdım...
Aradan bir neçə gün keçdi, əməliyyat uğurla başa çatdı, artıq yaxşılaşırdı. Onuncu günün tamamında - aprelin 11-də sübh tezdən saat 06:15-də qapımız döyüldü. Qapını açanda atamı qarşımda gördüm. Həyatda aldığım ən dəyərli hədiyyəm oldu mənim...
Sonra daha bir ili geridə qoyduq. 2015-i qarşiladıq. Yeni il axşamı atam xəstə idi. Bayramdan bir neçə gün sonra onu xəstəxanaya yatırdıq və ürəyindən müalicə olundu. Artıq sağalacağına ümid edirdik ki, eyni xəstəlik daha kəskin şəkildə sol böyrəyində yarandı. Dünyamız yıxıldı. Həkimlər təcili olaraq böyrək köçürülməli olduğunu dedilər. Lakin bunun üçün yüklü miqdarda məbləğ tələb olunurdu. Ailəmizin maddi durumu buna imkan vermirdi. Sadəcə hər ay 500 manat dəyərində dərmanlarını ala bilirdik. Yüzlərlə insana zəng etdi, kömək istədi. Lakin zamanında əl tutduğu, kömək etdiyi şəxslər ondan üz döndərdilər. Beləcə bütün qapılar üzünə bağlandı. Hər bağlanan qapı ilə də ümidləri yox oldu, arzuları puça çıxdı.
Atasızlığa addım-addım yaxınlaşdığımı hiss etmirdim, xəbərim yox idi. Daha sonra “Bakı 2015” Avropa Oyunları başladı. 18 000 könüllünün biri də mən oldum. Bakı Su İdman Sarayı qonaq qarşılama vəzifəsində çalışdım. Dövlətim üçün əlimdən gələn köməyin ən yaxşısını etməyə çalışdım ki, xarici qonaqlarımız bizdən narazı qalmasın, Azərbaycan haqqında bir mənfi söz belə işlədə bilməsinlər.
Bu gün Bakı Slavyan Universitetinin Filologiya (fransız dili üzrə) fakültəsinin 3-cü kurs tələbəsiyəm. Bacardıqca yaxşı oxumağa, savadlı bir şəxs olmağa çalışıram. Bunu yalnızca özüm üçün yox, həm də atamın adı və Azərbaycanım üçün edirəm. Mən 19 yaşlı gənc qız olaraq dövlətim üçün nəsə etməyə çalışıram. Əlimdən gələni əsirgəmirəm, əsirgəməyəcəm də - əməllərimlə, işimlə, əxlaqımla, namusumla. Bəs, atamın öz qələmi ilə xidmət etdiyi bu dövlətin ali kürsülərində oturan yüksək çinli məmurları bizim üçün nə etdilər? Onlara üz tutduq, əl açdıq. Amma atamın səsini nə özləri eşitmək istədilər, nə də eşitdirdilər.
Düşünürəm ki, neçə-neçə xəstə insanın yenidən sağlam həyata qayıtması üçün köməyini əsirgəməyən cənab Prezidentim niyə soyuqqanlı oldu, şəfqətini əsirgədi? Bəlkə də atamın köməyə ehtiyacı olduğunu hörmətli Prezidentimə bildirmədilər. Yoxsa prezidentimiz İlham Əliyev Mahal İsmayıloğlu kimi qələm sahibini, illərlə jurnalistikada külüng vuran, yazıları ilə Azərbaycana xidmət edən bir mətbuat nümayəndəsini diqqətdən kənarda saxlamazdı. Ailəm mənim kiçik dövlətim, atam isə dövlət başçım idi. İndi bu dövlətim başsız qaldı...
Mən bu həyatda çox acı daddım. Ən dəhşəti, ən ağrılı atasızlıq imiş ki, onu da bu gün yaşayıram. Mən onun kiçik övladı olaraq gözlərim önündə əridiyini, yox olduğunu seyr etdim. Atam bir dəfə öldü, mən onunla hər gün öldüm- dirildim. Bir övlad üçün həyatda bundan acı nə ola bilər? Daha acısı varmış bilmirdim.
Artıq Avropa Oyunları bitmişdi, atam gəlib yanımda oturdu və “qızım, mən yox olub gedirəm, son çarəm sənsən, mənə kömək et, yalvarıram”, - dedi. Əli yerdən-göydən üzülmüş, ümidini itirmiş sevimli atamın çarəsiz baxışlarını hələ də unuda bilmirəm. Səsi hələ də qulaqlarımdadı. Atamın o andakı səsi, sözləri heç vaxt ağlımdan çıxmayacaq.
Əlimdən gələn tək şey atam üçün yardım toplamaq idi. Oyunlar zamanı tanışdığım 70-ə yaxın dostumla birlikdə onun üçün yardım toplamağa çalışdıq. Həyatda ilk və son dəfə atam üçün qürurumu heçə saydım və bu yola baş vurdum. Şüarım “Atam üçün həyat, ailəm üçün gələcək istəyirəm”, oldu. İnternetdə yüzlərlə səhifədə, sosial şəbəkələrdə paylaşdıq məlumatı. Atam lazım olan məbləğin toplanacağına və sağalacağına çox ümid bəsləyirdi. Çünki yaşamaq istəyirdi…
Banka gedib hesabımı yoxladım “cəmi bir manat var” dedilər. Əlim-qolum sınıb yanıma düşdü. Cəmi 50 metr yol gedə bildim. Axundov adına kitabxananın yanındakı parkda iki saat yerdə oturdum. Ürəyim boşalana qədər ağladım. Düşündüm ki, evə gedib atamın üzünə necə baxacam? Onun az da olsa qalmış ümidinin bir daha qırılıb çilik-çilik olmasına dözə biləcəyəmmi? Sürünə-sürünə evə getdim. Olanları anama danışdım, atamın üzünə çıxa bilmədim. Mənim əvəzimə anam “Mahal, heç nə alınmadı, kömək edən yoxdur”, deyə bildi. Həyat gözündə qaraldı. Niyə? Niyə axı, kimsə səsimizi eşitmədi? Eşidənlər də əhəmiyyət vermədilər. Atamın həyatı, ailəmin gələcəyi beləcə məhv olub getdi. Və təxminən on iki gün sonra atam 28 avqust 2015- ci il tarixdə bu amansız dünya ilə vidalaşdı. Saat 11:56-da Respublika Klinik Xəstəxanasının hemodializ şöbəsində dializin bitməsinə beş dəqiqə qalmış gözlərini əbədi olaraq yumdu. O an... həyatımın mənasına acı qatmış həmin anda mənfur ölüm atamı əlimdən aldı...
Vəziyyəti ağırlaşan zaman ona oksigen vermədilər. Şoka girdiyi andan son nəfəsini verdiyi məqama qədər hər saniyəsinin, çırpınışlarının şahidi oldum. Xəstəxananın həyətə açılan pəncərəsindən baxırdım. Üzünü örtdülər atamın. Ölümündən 3 dəqiqə sonra yanına getdim. Atamın cansız bədəni ilə aramda bir addım məsafə vardı. O mənzərə dəhşət idi... Açdım üzünü baxdım, baxdım, son dəfə öpdüm, qoxladım. Qoxusunu içimə çəkdim, amma doymadım. “Getmə, nə olar, ata, aç gözlərini”, deyə yalvardım, fəryad etdim. Amma getdi. Atam fəryadımı duydumu, görəsən? Duydusa bəs niyə getdi? Ölümündən 40 dəqiqə sonra illərdir sol biləyində gəzdirdiyi saatı dayandı. Yalnızca mən yox, əşyaları belə yoxluğunu hiss etdi. Artıq 10 gün keçdi. Bu gün o, yanımda yoxdu, bu gün atasızam. Geriyə sadəcə əşyaları və mənə buraxdığı “yetim” adı qaldı.
Atamın mənə ən böyük mirası nəsihətləri, kəlmələridi. Özünlə birlikdə gülüşlərimi, xoşbəxtliyimi alıb apardın, Ata. Söz vermişdin həmişə yanımda olacağına. Sənə səslənirəm, Mahal İsmayıloğlu, sənə! Adına, sanına yaraşdımı 19 yaşlı qızını, ailəni gözüyaşlı buraxıb getmək? Yaraşdımı?! Mən daha kimə ata deyəcəm? Kiminlə dərdləşəcəm? Dərslərimlə bağlı bilmədiklərimi kimdən soruşacam? Kim hər imtahandan çıxdıqda “necə keçdi, qızım, neçə aldın” deyə soruşacaq? Bişirdiyim yeməkləri kim yeyəcək? Daha məndən kim çay, su istəyəcək? Ata deyib kimin qulluğunda duracam mən, Mahal İsmayıloğlu?
Qabaqdan çiskinli, soyuq payız, ardınca da şaxtalı qış gəlir. Məzar evin soyuq olacaq, ata, üşüməyəcəksənmi? İnana bilmirəm, bacara bilmirəm, yoxluğunu qəbul edə bilmirəm. Mən sənin qızınam, bilirəm, güclü olmalıyam. Amma heç nə sənə olan özləmimi məndən ala bilmir. Darıxıram, ata, çox darıxıram. Zarafatlarına, səsinə, gülüşünə, öpüşünə, qayğına, diqqətinə tamarzı qalmışam. Səni istəyirəm, təsəllim, arxam, dayağım, ümidim, bu günüm, gələcəyim Atam, səni istəyirəm! Eşidirsənmi, məni, fəryadım sənə çatırmı? Hardasan, mənim tək dünyam, tək həyatım olan sevimli Atam?..
Zamanında əl tutduğun, amma bu gün səni - Mahal İsmayıloğlunu tanımayanları qınayıram.
Bağışlamayacam imkanı çatdığı halda telefonu üzünə bağlayanları. Bağışlamayacam çörəyini yeyib sənə arxa çevirənləri. BAĞIŞLAMAYACAM! Vaxtilə atamın başına fırlanan və hələ də vəzifə başında oturanlar, məni atasiz qoyanlar, sizə səslənirəm: həyatı bilmək olmaz. Heç kim deyə bilməz ki, xoşbəxtlik quşu sabah kimin başına qonacaq. 10 gün əvvələ qədər mənim gələcəyim sizlərdən asılı idi. Bir gün də sizin övladlarınızın, nəvə-nəticələrinizin gələcəyi məndən və dostlarımdan asılı ola bilər. Unutmayın!
Özüm də daxil olmaqla geridə qalanlara Mahal İsmayıloğlu kimi şərəfli son diləyirəm. Mənim gözəl, sevimli Atam, sənin Ayan Mahalqızı deyə bir qızın var. Özünü yaşada bilmədim, amma adını yaşadacam, sənə, adına layiq övlad olacam. Mən ki, varam adına zərrə qədər də söz qondurmaram. Gözün arxada qalmasın. Yerin cənnət, ruhun şad olsun, canım atam!
Ayan Mahalqızı
(musavat.com)