YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN O DEPUTATLAR DANIŞDI - "Bir də gördüm ki, səsvermə sona çatdı”

Ötən gün parlamentdə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsinə dair prezidentə müraciət qəbul edilib. Prezident isə bu müraciət əsasında Konstitusiya Məhkəməsinə müraciət edərək orada göstərilən əsaslarla parlamentin buraxılmasının konstitusiyaya uyğunluğunu araşdırmağı istəyib.

Milli Məclisin buraxılması və yeni seçkilərin təyin edilməsi barədə prezidentə ünvanlanan müraciətə 99 deputat səs verib. Səsvermənin nəticələrinə əsasən 1 nəfər müraciətin əleyhinə çıxıb, 1 deputat bitərəf qalıb, daha 1-i səsvermədə iştirak etməyib.

Bu gün isə sosial şəbəkələrdə qərarın əleyhinə səs verən şəxsin Milli Məclisin Regional məsələlər komitəsinin sədri deputat Arif Rəhimzadənin olduğu ilə bağlı məlumat yayılıb. Buna səbəb kimi isə, ötən gün iclasda Arif Rəhimzadənin qərar layihəsindəki bəzi cümlələrə etiraz etməsi göstərilir. Belə ki, o, çıxışında qeyd edib ki, layihədə parlamentin buraxılması sözü işlədilməsin. Əvəzində isə, növbədənkənar seçkilərə gedilmə sözü yer alsın.

Arif Rəhimzadə isə deyib ki, («Qafqazinfo”) qərar layihəsinin əleyhinə səs verməyib: “Səsverməyə çata bilmədim. Mənim sualım var idi, onu verirdim. Spikerlə danışdığıma görə, səsverməyə çata bilmədim. Bir də gördüm ki, səsvermə sona çatdı”.

Bitərəf qalan deputat isə Rasim Musabəyov olub. O, xəbəri təsdiqləyib: “Parlamentdə Yeni Azərbaycan Partiyasının çoxluğu var. Onların təşəbbüsünün həyata keçirilməsi üçün heç də bitərəflərə və ya dəstəyə ehtiyacları yoxdur. Odur ki, iclasın sonuna kimi, hakim partiyadan növbədənkənar seçkilərin zərurəti ilə bağlı izahatlar eşitmədim. Ona görə də bitərəf qaldım”.

Kimin qərar layihəsinin əleyhinə səsverməsi isə hələ ki, məlum deyil.






Fikirlər