Vasif Babayev: “Bədii film çəkməyə cürət etməmişəm” - MÜSAHİBƏ

Sentyabr ayının 16-da 75 yaşı tamam olan tanınmış televiziya və kino rejissoru Vasif Babayev Teleqraf.com-un suallarını cavablandırıb.


- Vasif müəllim, yubileyiniz münasibətilə Sizi təbrik edirik. Necə və kimlərlə keçirdiniz bu günü? 
- Hələ ki, 75 illik yubileyimi keçriməmişəm. Amma qeyd edəcəm. Mənim, yaradıcılığım haqqında yazılan kitabı gözləyirəm, hazırda son mərhələdədir. Ümid edirəm ki, 10 gündən sonra həm kitabımı təqdim edəcəyəm, həm də 75 illik yubileyimi dostlarımın, yoldaşlarımın əhatəsində qeyd edəcəyəm. 


- Bir kitaba sığacaqmı həyatınız, yaradıcılığınız? 
- Kitabda mənim bütün tərcümeyi halım: uşaqlığım, gəncliyim, həyatda və yaradıcılıqda qazandığım təcrübəm, xatirələr əksini tapacaq. Maraqlı bir kitab alınmalıdır, səbirsizliklə gözləyirəm.


- Bu il uzun müddətdir ki, üzərində çalışdığınız və genaral Kərim Kərimovdan bəhs edən “Yüksəliş” sənədli filminizi təqdim etdiniz. Ötən müsahibəmizdə çox gərgin çəkilişlərinizin olduğunu demişdiniz

 

. Təqdimatdan sonra gözlədiyiniz nəticəni ala bildinizmi?
- Həqiqətən, filmimizin çox gərgin çəkiliş prosesləri olub. Biz yalnız Bakı çəkilişləri ilə kifayətlənməmişdik. Filmin bəzi səhnələri Moskvada, Baykonurda çəkildi. Amma sevinirəm ki, filmin nümayişi Nizami Kino Mərkəzində izdihamlı tamaşaçıların əhatəsində baş tutdu. Ondan sonra ANS telekanalı filmi iyul ayının 14-də efirdə nümayiş etdirdi. Niyə məhz ayın 14-ü? Çünki məhz 1969-cu ilin iyulun 14-də Heydər Əliyev cənabları Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. Ona görə bu film məhz həmin tarixdə nümayiş olundu. Ötən günlərdə isə film İnter.az kanalında göstərildi. Onu da deyim ki, filmin Moskvada da təqdimatı olacaq. Bilirsiniz ki, alim-konstruktor, general, Azərbaycan kosmonavtikasının inkişafında mühüm rol oynayan Kərim Kərimovun əsas həyatı Rusiyada keçib. Ona görə Azərbaycan səfirliyinin tərkibində təntənəli yığıncaq olacaq. Sonra sovet kosmonavtlarının və hazırkı kosmonovtların da iştirakı ilə baş tutacaq görüşdə filmi təqdim edəcəyik. Filmdə çox dərin bir fikir var. Bu fikir Azərbaycan kosmonavtikasının üçbucağıdır. Heydər Əliyev cənabları 1973-cü ildə Azərbaycan kosmonavtikasının bünövrəsini qoyub. Film də məhz buna həsr olunub. Prezident İlham Əliyevin sayəsində isə Azərbaycanın ilk kosmik peyki göyə uçdu. Bu da hələ ki sözügedən sahədə gördüyümüz sonuncu böyük iş idi. Heydər Əliyev, Kərim Kərimov və İlham Əliyev - bu üçbucaq filmdə açıq-aşkar əksini tapır. 


- Vasif müəllim, bildiyim qədər AzTV-də ulu öndər Heydər Əliyevlə bağlı ilk verilişi siz hazırlamısınız. Bu necə baş tutmuşdu?
- Mən televiziyanın bədii rəhbəri və kollegiyanın üzvü idim. Amma rəhbərlik 1992-ci ildə dəyişəndən sonra özüm ərizə yazıb işdən azad olundum və müstəqil proqramımı - “Həftə”ni açdım. 1993-cü il idi. Mənim bir dostum vardı, adı Laçın Ələkbərovdu. O, Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifədə çalışırdı. Bir gün mənə yanaşıb dedi ki, ay Vasif sən də, mən də Heydər Əliyev dövrünün kadrlarıyıq. Gəl, mən sənə bir fakt deyim, gerisini özün düşün, bundan sonra hansı addımı atacağın barədə özün qərar ver. Sən demə, Binə hava limanına Fransa Respublikasından humanitar yardım gətirən “Miraj” markalı hərbi-nəqliyyat təyyarəsi enib. Humanitar yardım şəxsən Heydər Əliyevin nüfuzu sayəsində göndərilir və bu gün, sabah (1993-cü il nəzərdə tutulur - red.) Naxçıvana yola düşəcək. Fransanın o vaxtki səfiri Perrenin Heydər Əliyevə rəğbəti vardı və məhz bu səbəbdən də Naxçıvana humanitar yardım təşkil eləmişdi. Laçın onu da vurğuladı ki, sabah sənin əməkdaşların yanına gəlib deyəcək ki, onları bir neçə günlük buraxasan, amma, hara gedəcəklərini söyləməyəcəklər. Özü də çəkiliş avadanlığı istəyəcəklər. Doğrudan da ertəsi gün jurnalist Nadejda İsmayılova və rejissor Namiq Şirəlibəyov mənə yanaşıb bir neçə günlük getmək istədilər. Hara gedəcəklərini söyləməsələr də, əla bir süjetlə qayıdacaqlarını dedilər. Mən təbii ki, məsələdən xəbərdar idim. Onu da bilirdim ki, bizim əməkdaşlara biletləri Fransanın ölkəmizdəki səfirliyi almışdı. Həmin vaxt artıq nə bədii rəhbər idim, nə də kollegiyanın üzvü. Yeni hakimiyyətlə yola getmədiyim səbəbindən, rəsmən öz xahişimlə istefa vermişdim. Amma buna rəğmən bütün məsuliyyəti öz üzərimə götürdüm. Hətta kamera da verdim. Dörd, ya beş gün keçəndən sonra qayıtdılar. Gördüm ki, üzlərindən sevinc aşıb-daşır. Keçdik montaj otağına, qapını bağlayıb, çəkilən materiallara baxdıq. Namiq və Nadejda Naxçıvanda, Heydər Əliyevlə bağlı reportaj hazırlamışdılar. Humanitar yardım gətirən “Miraj” təyyarəsinin Naxçıvan hava limanına enmə anları anbaan lentə alınmışdı. Heydər Əliyev Naxçıvanın bir neçə məkanlarında, hətta cəbhə bölgələrində lentə alınmışdı. O vaxt blokada Naxçıvana öz təsirini göstərirdi, işıqsızlıq ucbatından evlərin qızınması məqsədilə ağaclar kəsilir, kerosin lampa işığından istifadə edilirdi. Belə qərara gəldik ki, “Həftə” verilişində 8 dəqiqəlik süjet təqdim edək. Bu böyük şəxsiyyət, 1987-ci ildən sonra, yəni Heydər Əliyev Sovet Dövlətinin rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə idi ki, Dövlət Televiziyasında görünəcəkdi. Mən həmin dövrdə rəhbərliyin təzyiqlərinə, çətinliklərlə üzləşməyimə baxmayaraq, nüfuzumdan istifadə edərək, materialı efirə verdim. Azərbaycan xalqı öz liderini ilk dəfə Dövlət Televiziyasının ekranında gördü. Onu da deyim ki, süjet dolğun idi. İstənilən halda mən məsuliyyəti üzərimə götürmüşdüm. Bu material efirə gedəndən düz bir ay sonra Heydər Əliyevin doğum günü, yəni mayın 10-u idi. Biz Heydər Əliyevlə bağlı 10 dəqiqəlik daha bir material efirə hazırladıq və inanın çox çətinliklə onu efirə verdik. Mən yenə də səylərimi cəmləşdirərək, bütün maneələri dəf etməyi bacardım. Heydər Əliyevin istəyi ilə biz süjetin videoyazısını köçürdüb, Naxçıvanın Bakıdakı nümayəndəsi Həsən Zeynalova təqdim etdik. Özü də köçürülmə prosesini gecə həyata keçirdik ki, heç kim bilməsin, duyuq düşməsin.


- İndi hansı layihə üzərində işləyirsiniz?
- Mənim qardaşım, rejissor Arif Babayev 1983-cü ildə rəhmətə gedəndən sonra onun xatirəsinə İçərişəhər haqqında “İçərişəhərin ədəbi nağılı” adlı sənədli bir film çəkdim. O vaxt televiziyanın rəhbərliyi filmin ekranlara çıxmasına icazə vermədi, ancaq film bir müddətdən sonra efirlərdə nümayiş olundu. “Yüksəliş” filmindən sonra oturub fikirləşdim və yenə də bu qənaətə gəldim ki, mənə yaxın mövzu məhz  İçərişəhərdir. İndi İçərişəhər haqqında genişmiqyaslı bir film çəkmək arzusundayam. Film sənədli olsa da mütləq bədii çalarlarla zəngin olacaq. O filmdə İçərişəhər haqqında indiyə qədər deyilməyən sözlər, fikirlər səslənəcək. 


- Arif Babayevi yada saldınız, bu bir həqiqətdir ki, ondan sonra Azərbaycan kinosunda heç kim İçərişəhər mövzusuna onun qədər isti, doğma münasibət sərgiləmədi... 
- Bəli, təəssüf edirəm ki, Arif Babayevdən nə əvvəl, nə də sonra İçərişəhəri Azərbaycan kinosunda layiqincə heç kim əks etdirə bilməyib. Mən çəkəcəyim sənədli filmi qardaşım Arifə, bir də bakılılara həsr etmək istəyirəm. İçərişəhər mənim kökümdür.  


- Heç vaxt bədii film çəkmək istəyiniz olmayıb?
- Gənclik vaxtlarımda ürəyimdən keçib, amma cürət etməmişəm. Bu illər ərzində böyük, balaca ekran işlərindən nə çəkmişəmsə hamısına məsuliyyətlə yanaşmışam. Arif Babayevdən aldığım dərs, enerjidən çıxış edərək hər zaman çalışırdım ki, yaratdığım hər bir ekran əsəri onun adına layiq olsun. Ona görə bədii film çəkməyə cəsarət etməmişəm. Amma kifayət qədər də televiziya verilişləri, sənədli filmlər çəkmişəm.


- Azərbaycan kinosunun ən möhtəşəm vaxtlarına şahid olan biri kimi kinomuzun bu gününü necə xarakterizə edərsiniz?
- 50,60,70, 80-ci illərdə çəkilən filmlərə indi də beş-on dəfə baxırıq və hər dəfə də həzz alırıq. Bu filmlər kommunist rejimində, sovet sisteminin ən ağrılı vaxtlarında çəkilib. O vaxtlar hər şeyi çəkməyə icazə vermirdilər, amma baxın, necə gözəl sənət əsərləri yaranıb. Möhkəm senzura şəraitində çəkilməsinə baxmayaraq uzun illərdir ki, hər birimizin qəlbində özünə yer edib. İndi senzura yoxdur, kim necə istəyir film çəkir. Bəs niyə indiki filmlər o filmlərə oxşamır?


- Niyə oxşamır?
- Heç yanından da keçə bilmirlər. Niyə indiki filmlər onların yolunu, uğurunu davam etdirmir? İndi çəkilən filmlər bizim kinomuza layiq deyil. Buna təəssüflənirəm. 


- Bəs səbəb nədir?
- Ola bilər çəkənlər gənc rejissorlardır, püxtələşməyiblər. Hələ onlarda professionallıq yaranmayıb. Bəlkə yolları, tədrisləri düz deyil. Bəlkə onlara dərs deyən müəllimlər düzgün yolda deyillər. Səbəbləri zaman göstərəcək. 


- Son dövrlər çəkilən filmlərə baxmısınız?
- Mədəniyyət və Turizm Nazirliyində 2007-2011-ci illərdə ssenari komissiyasının üzvü olmuşam. Bəzi ssenariləri oxumuşam, fikrimi bildirmişəm. Hətta onu da deyim ki, bəzi ssenariləri oxuyanda fikirləşmişəm ki, görəsən hansı rejissor belə gözəl ssenarini çəkə bilər. Sonra çəkirdilər və baxırdın ki, layiqincə alınmayıb. Səbəb hələ bilinmir. Bunu yaxın gələcək göstərəcək. Amma onu da deyim ki, Azərbaycan dövləti kinonun inkişafı üçün əlindən gələni edir. Hörmətli Prezidentimiz mədəniyyətin başqa qollarına necə diqqət, qayğı göstərirsə, kinoya da eyni sevgiylə yanaşır. 


- Bu illər ərzində diqqətinizi çəkən filmlər olmayıb?
- “Çölçü” filmi dünyanın 25 dövlətində göstərilib, 10-a yaxın baş mükafat alıb. Elçin Musaoğlunun çəkdiyi “Nabat” filmi də uğurlu filmlərimizdəndir. Bir çox festivallarda nümayiş olundu, mükafatlar qazandı. Azərbaycan kinosuna, bu sahədə xidmət göstərən rejissorlara, ssenaristlərə, operatorlara yaşıl işıq yandırılıb. Hesab edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq. 


- Bəs sənədli film sahəsində vəziyyət necədir?
- Çox istərdim ki, siz “Yüksəliş” filminə baxasınız. Baxın, görün Azərbaycanda bu janrda film çəkilib ya yox. 


- Tammetrajlı film sahəsində fasiləmiz çox oldu, kadrlarımız azaldı, amma sənədli film heç vaxt “axsamadı”.
- Elə sənədli filmləri də gənclər çəkirlər. Amma ümid edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq.

 






Fikirlər