Həbs olunan icra başçısını nə gözləyir? – Ağır CƏZA...

Həbs olunan icra başçısını nə gözləyir? – Ağır cəza...

İrəli sürülən ittihamlar öz təsdiqini taparsa, Neftçalanın vəzifəsindən azad edilən icra başçısı İsmayıl Vəliyevi ağır cəza gözləyir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında qeyd olunur ki, İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə şübhəli bilinir.

"AzerTaym.az"  Oxu.Az-a istinadən bildirir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər kateqoriyasına aiddir.
Cinayət Məcəlləsinin 308-ci maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cəzaları müəyyənləşdirir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə fiziki, hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə nəzərdə tutulur.

Bundan başqa, həmin şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilirlər.

Həmçinin, iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

Bu əməllər ağır nəticələrə səbəb olduqda isə cəzalar daha da ağırlaşır.

Belə ki, ağır nəticələrə səbəb olduqda, əmlakı müsadirə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İsmayıl Vəliyev həm də külli miqdarda rüşvət almaqda təqsirli bilinir. Qeyd edək ki, külli miqdarda rüşvət dedikdə beş min manatdan artıq olan məbləğ başa düşülür.

Cinayət Məcəlləsinə əsasən, külli miqdarda rüşvət alan şəxs səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 179-cu maddəsi isə mənimsəmə ilə bağlıdır. Mənimsəmə və ya israf etmə təqsirkara etibar edilmiş özgə əmlakını talama deməkdir.

Buna görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə cəzalar daha da sərtləşir.

Əgər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

DTX-nin yaydığı məlumatda bildirilib ki, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək, istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Fikirlər