Həbs olunan YAP-çılar: “İslahat növbəsi hakim partiyaya çatıb”

Həbs olunan YAP-çılar: “İslahat növbəsi hakim partiyaya çatıb”

Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllıda keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan şəhər icra nümayəndəsi Məhərrəm Əhmədov hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının sədr müavinidir. 

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, Məhərrəm Əhmədov bu vəzifəyə 2017-ci ildə, YAP İsmayıllı rayon təşkilatının IX konfransında seçilib.

Bundan əvvəl həbs edilən Ağstafanın icra başçısı Nizaməddin Quliyev uzun müddət YAP-ın Goranboy təşkilatının sədri olub. Onunla birgə həbs edilən birinci müavini Ramiz Tatarov isə hakim partiyanın Ağstafa təşkilatının sədri idi.

YAP-ın qurucularında olan, partiyanın Siyasi Şurasının üzvü Musa Musayev hesab edir ki, baş verənlər artıq hakim partiyada islahatlar aparılmasını zərurətə çevirib. 

Prezident İlham Əliyev 2018-ci ildən bu yana ciddi islahatlar aparır. Nazirlər Kabinetində, Prezident Administrasiyasında, Milli Məclisdə bu islahatların şahidi olduq. Həmçinin, Prezidentin elan etdiyi islahatlar kampaniyası çərçivəsində müxtəlif dövlət qurumlarında dəyişikliklər edilir. Daxili İşlər Nazirliyi buna misal ola bilər. Hesab edirəm ki, artıq növbə Yeni Azərbaycan Partiyasına çatıb”, - deyə Musa Musayev bildirib.

YAP yetkilisinin fikrincə, partiyanın üst icra katibliyində, İdarə Heyəti və Siyasi Şurasında ciddi islahatlara ehtiyac var: “Bunun üçün qurultay keçirilməli və partiyanın üst qurumlarında ishlahatlar aparılmalıdır. Həmçinin, rayon təşkilatlarında ciddi ishlahatlara ehtiyac var. Mən YAP-ın qurucularından biri kimi hesab edirəm ki, islahatlar nəticəsində partiyanın nüfuzuna dəyən zərbələri dəf etmək mümkündür”.

Musa Musayev inanır ki, tez bir zamanda YAP-da ciddi islahatlara start veriləcək. “İnanıram ki, yaxın vaxtlarda qurultay keçiriləcək və partiyada əhəmiyyətli dəyişikliklər olacaq”, - deyə YAP yetkilisi bildirib.

Məmur həbslərinə toxunan Musa Musayev bildirib ki, artıq heç kəs toxunulmaz deyil. O həmçinin həbslərin görüntü xarakteri daşıdığı barədə iddiaları bölüşmədiyini qeyd edib. “Bu həbslər kifayət qədər böyük hadisədir. Tutuanlar heç də xırda məmur deyil. Hərəsi bir rayonun rəhbəridir. Yeri gəlmişkən, baş verənlər göstərir ki, Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsində də islahatlara ehtiyac var. Bu şöbədə hər rayon və şəhər üzrə kuratorlar var. Elə adam var ki, 25 ildir bu vəzifəni daşıyır. Ona görə də bu şöbədə də islahatların aparılması məqsəduyğundur”, - deyə Musa Musayev vurğulayıb.






Fikirlər