Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası üzvləri arasında yüksək çinli sabiq məmurlar hələ də qalmaqdadırlar. Onlar prezidentin sərəncamı ilə vəzifələrindən azad olunsalar da, YAP-ın Siyasi Şurasından çıxarılmayıblar.
BakuPost.az hakim partiyanın rəsmi saytına istinadən araşdırıb ki, sabiq rabitə naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri Əli Abbasov, Prezident Administrasiyasının humanitar şöbəsinin rəhbəri olmuş Fatma Abdullazadə YAP Siyasi Şurasında üzv olaraq qalırlar.
Eyni zamanda müxtəlif cinayətlərdə ittiham olunmuş, bir müddət əvvəl oğlunun qatili olan Lamiyə Quliyeva ilə gündəmə gəlmiş Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov, Fətullah Gülən şəbəkəsinin iqtidardakı baş fiquru elan edilmiş və Prezident Administrasiyasında şöbə müdiri vəzifəsindən qovulmuş, sonrada hətta ölkədən getməsi barədə təkzib edilməyən xəbərlər yayılmış Elnur Aslanov da YAP-ın Siyasi Şurasının üzvləridir.
Həmçinin, Azərbaycan MTN-nin keçmiş şefi, KQB generalı Vaqif Hüseynov, sabiq deputat Asəf Hacıyev, eks-təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor Misir Mərdanov, məşhur "91”lərdən olan Musa Musayev, Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov da hakim partiyanın Siyasi Şurası üzvü olaraq qalırlar.
Hakim partiyanın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev BakuPost.az-a açıqlamasında bildirib ki, vəzifəsindən uzaqlaşdırılan şəxslərin YAP-ın Siyasi Şurasında qalmasında təəccüblü heç nə yoxdur: "Qeyd olunan şəxslər sadəcə vəzifələrindən uzaqlaşdırılıblar. Heç biri haqqında hansısa cinayət əməli və ya məhkəmə qərarı yoxdur. Onlar sadəcə hökumətdə, dövlətdə tutduqları vəzifələrdən kənarlaşdırılıblar”.
YAP sözçüsü əlavə edib ki, Siyasi Şura partiyanın qurultayında formalaşır, əgər partiya üzvləri istəsələr müəyyən dəyişikliklər ola bilər.