Xalq artisti Mədəniyyət naziri postunda onu görmək İSTƏYİR
Prezident İlham Əliyev dünən Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad edilməsi ilə əlaqədar sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, mövcud sərəncamdan sonra Mədəniyyət naziri postu boş qalıb. Əbülfəs Qarayevin vəzifədən azad edilməsindən sonra yeni nazirin kim olacağı maraq doğurur. Nazir postuna namizədlər mövzusunda sosial şəbəkədə müxtəlif fikirlər səslənir. BAKU.WS olaraq ölkənin tanınmış mədəniyyət nümayəndəsinə müraciət edərək yeni nazirin kim olması ilə bağlı fikirlərini öyrəndik. Müğənni, Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşovanın fikrincə, yeni nazirin təyin olunması parlament seçkiləri deyil ki, hər vətəndaş öz seçiminə görə fikir bildirsin: "Kadrları seçib təyin etmək birbaşa yalnız ölkə başçısı İlham Əliyevə aid məsələdir. Bu postlarda cənab prezidentin tələblərinə riayət edən şəxslər çalışmalıdır. Azərbaycanda nazir postunu icra edə biləcək bir çox insan var və mənim ürəyimdən çoxları keçir. Əslində nazir olmaq heç də asan vəzifə deyil. Mədəniyyət naziri olmaq ancaq müğənniləri müşahidə etməkdən ibarət deyil. Bu, çox məsuliyyətli və vacib bir vəzifədir və onun səlahiyyətlərinə bir çox sahə daxildir. Lakin mən Bəhram Bağırzadədə nazir olmaq potensialını görürəm. O, çox zəhmətkeş insandır. Dəyişməz həqiqət budur ki, nazir təyin etmək, əlbəttə, ölkə başçısının səlahiyyətlərinə aiddir".