BAKIDA GENERALIN NƏVƏSİNİ OĞURLADILAR - Yeni banda peyda olub…
Mütəşəkkil dəstənin Gürcüstanda isə zəngin biznesmenin xanımını da oğurladığı iddia olunur… Azərbaycan hüquq-mühafizə orqanlarının adam oğurluğu ilə məşğul olan Heydər adlı şəxsi axtarması haqda məlumat var. Sensasion sayıla biləcək məlumata görə, Heydər adam oğurlayan bandanın əsas başçılarından biridir. O və bandanın üzvlərinin bir çoxu Gürcüstan vətəndaşlarıdır. Onlar Bakıda kirayə evlərdə yaşayıblar.
Banda Gürcüstanda bir zəngin biznesmenin xanımını oğurlayıb. Belə məlumat var ki, qadının geri qaytarılması üçün yaxınlarından 4 milyon dollar tələb olunur. “Yeni Müsavat”a verilən məlumatda bildirilir ki, banda üzvlərinin bir çoxu Gürcüstandakı cinayətdən sonra Azərbaycan ərazisinə keçiblər. Oğurladıqları qadının harada saxlanıldığı isə bilinmir. Onu Gürcüstan ərazisindəki gizli ünvanda saxladıqları ehtimal olunur.
Bandanın Azərbaycan ərazisində də fəaliyyətdə olduğunu söyləməyə əsas verən xəbər də var. Belə ki Bakıda baş tutan nişan mərasimlərindən birindən bir uşaq oğurlanıb. Həmin uşağın istefada olan bir generalın nəvəsi olduğu bildirilir. Generalın yaxınlarının hüquq-mühafizə orqanlarına şikayət edib-etmədikləri haqda məlumat yoxdur.
Azərbaycan hüquq-mühafizə orqanları bandanın izinə düşə bilib. Heydərin Sumqayıtda yaşayan qohumları və əmiləri tutulub. Corat və Pirşağı bağlarında da keçirilən xüsusi əməliyyatlar zamanı bandanın bir neçə üzvü yaxalanıb.
Heydər də daxil olmaqla bandanın rəhbərliyində olan bir neçə şəxs qaça bilib. Onların qeyri-leqal yollarla Gürcüstan ərazisinə keçdiyi deyilir. Belə ki Sumqayıtda və bağ massivlərində baş tutan əməliyyatlardan sonra Gürcüstanla həmsərhəd olan Balakən rayonunun ərazisindən banda üzvlərindən biri Gürcüstanda oğurladıqları qadının yaxınları ilə telefonla əlaqə saxlayıb. Telefon danışığının baş tutduğu ərazini müəyyən edən hüquq-mühafizə orqanları dərhal ora yollanıblar. Belə aydın olub ki, banda üzvü Gürcüstana Balakən meşəsindən zəng edib.
Tutulan banda üzvlərindən alınan ifadələrdən belə məlum olub ki, onlar oğurladıqları şəxsləri Heydərə təhvil veriblər. Bundan sonrası haqda isə Heydər onlara hər hansı bir məlumat verməyib. Oğurlanmış şəxslərin saxlanıldığı ünvanlar haqda banda üzvlərində məlumat olmayıb. Ən maraqlı məqamlardan biri isə dəstənin rəhbərliyində “Hacı” adlı şəxsin olmasıdır.
Gələn məlumatlara əsasən söyləmək olar ki, oğurlanan şəxslərin yaxınları ilə danışıqlar “Hacı” vasitəsi ilə aparılıb, Heydər isə oğurlanmış şəxslərin saxlanılması ilə məşğul olub.
Mövzuya qayıdacağıq.