Döyüşlərin nəticəsi FAKTLARLA: Azərbaycanın işğalçı üzərində BÖYÜK ZƏFƏRİ – VİDEO
İyulun 12-də erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat hücumu işğalçı ölkənin ağır məğlubiyyəti ilə nəticələndi. Döyüşlərin başladığı gündən indiyə qədər Ermənistanın yüzlərlə canlı qüvvəsi və hərbi texnikasını məhv edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı baş verənləri dəqiqliklə ictimaiyyətə açıqladı. Dövlət başçısı bildirdi ki, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirib və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı, onlara sarsıdıcı zərbələr endirildi. Ermənistan hərbi bölmələrinin çirkin əməlindən sonra qisas əməliyyatının ikinci fazası başlamış, son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirilmiş, onlarla erməni hərbçi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir; Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Paylaşılan videogörüntülər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilmişdir”, – Prezident bəyan etdi. HƏRBİ CƏBHƏ: erməni hərbi birləşmələrinin təxribat hücumu nəticəsində Ordumuz şəhid verdi, lakin ilk gündə – 12 iyulda düşmən böyük itki verərək, geri otuzduruldu. İyulun 13-də ordumuzun qisas əməliyyatı başlandı. Düşmənin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu Ordumuzun dəqiq atəşi ilə darmadağın edildi.
İyulun 14-də ordumuz iki nöqtə zərbəsi endirdi: erməni hərbi birləşmələrinin dayaq məntəqəsi və uzunmüddətli atəş nöqtəsi məhv edildi. İyulun 15-də dəqiq zərbə ilə düşmənin içində canlı qüvvəsi ilə birlikdə döyüş texnikası, səhra idarəetmə məntəqəsi məhv edildi.
İyulun 16-da düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi, canlı qüvvəsi ilə birlikdə avtomobil texnikası məhv edildi. Həmin gün axşam saatlarında sərrast atəşlə erməni hərbi birləşmələrinin kazarması darmadağın edildi. Bu zərbələrin hər birinin dəqiq görüntüləri var. Nəticədə işğalçı ölkənin təxribat hücumu yüzlərlə hərbiçisini və texnikasını itirməklə nəticələndi.
İtkiləri gizlədən Ermənistan tərəfi 4 hərbi qulluqçusunun öldüyünü, 36-sının yaralandığını açıqlayır. Lakin ordumuzun nöqtə zərbələrinin görüntüləri və ermənilərin sosial şəbəkələrdə yaydığı məlumatlar düşmənin itkilərinin 100 və daha çox olduğunu təsdiqləyir. Ermənistan hakimiyyətinin jurnalistləri Tavuş bölgəsinə buraxmaması, o cümlədən, bölgədə evlərini tərk edərək qaçan ermənilərin qarşısını almaq üçün inzibati tədbirlər görməsi, itkilərlə bağlı məlumatlar yayan müxalif-müstəqil media resurslarını bloklaması da bunun sübutudur.
Ermənistan Tovuz istiqamətində təxribat hücumunun hərbi hədəfi bölgədə strateji yüksəklikləri ələ keçirmək idi, lakin düşmən məqsədinə nail olmadı, əvəzində ordumuz əks-əməliyyatla erməni hərbi birləşmələrinin mövqelərini ələ keçirdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyət tam qaneedicidir. “Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət olunsun”, – dövlət başçısı qeyd edib. Xüsusilə ərazidəki Qaraqaya adlanan strateji yüksəkliyə tam nəzarətin əldə olunması hərbi baxımdan əhəmiyyətlidir.
Ali Baş Komandanın da bəyan etdiyi kimi, baş verən toqquşmalarda əldə etdiyimiz hərbi üstünlük Azərbaycan Ordusunun növbəti şanlı qələbəsidir. İNFORMASİYA CƏBHƏSİ: Ermənistanın bu təxribat hücumunun arxasında xaricə və daxilə hesablanmış təbliğat hədəfi var idi. Xarici seqmentdə Azərbaycanı Ermənistan sərhədinə hücum edən “təcavüzkar” kimi göstərmək və ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə birbaşa təsir edən beynəlxalq səviyyədəki güclənən nüfuzunu zədələmək. Lakin məkrli oyun baş tutmadı. Ermənistanın bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərmək cəhdinin heç bir məntiqə sığmadığını bildirən Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı hərbi məqsədi və planı yoxdur: “Ermənistan dırnaqarası “Azərbaycan diversiyası” iddiasını əsaslandırmaq cəhdi cəfəngiyyatdır. Azərbaycanın hərbi postu artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilər həlak olub. Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı, onlara sarsıdıcı zərbələr endirildi”. Toqquşmaların ilk günündən etibarən beynəlxalq KİV-də “Ermənistan Azərbaycana sərhədinə hücum etdi” manşetləri yayıldı. Ermənilər də informasiya cəbhəsində məğlub olduqlarını etiraf edirlər. Bununla yanaşı, işğalçı ölkənin absurd olan “Azərbaycan Ordusu UAZ-la hücum edib” iddiası ironiya ilə qarşılandı. Misal üçün, Rusiyanın məşhur teleaparıcısı Vladimir Solovyov “Vladimir Solovyovla axşam” verilişində belə deyir: “Biz ciddi insanlarıq! Hansı UAZ-dan söhbət gedə bilər? Azərbaycan Ordusu yüksək səviyyədə təchiz olunub, onların ən yeni döyüş texnikaları var. Hərbi texnikaya, döyüşçülərin hazırlanmasına, ön zərbə xəttinə böyük pullar yatırılıb. Nə “Uazik”? Nə hücum? Əgər Azərbaycan Ordusu sərhədi yarmağa cəhd göstərirdisə, onda niyə “Uazik”lə? Bu heç vaxt ola bilməz! Belə bir şey mümkün deyil. “Uazik”lə hücüma keçirlər? Sərhədi qırmaq üçün, hücum etmək üçün “Uazik”lə getməyi təsəvvür etmək mümkün deyil”. Ermənistanın müttəfiqi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri ilə yanaşı, beynəlxalq ictimaiyyət də “UAZ iddiasını” gülüşlə qarşılayır. Daxili seqmentə hesablanmış təbliğatda da Ermənistan çətin vəziyyətə düşdü. İşğalçı ölkənin mövcud hakimiyyətinin bu təxribat hücumunda əsas hədəflərindən biri COVİD-19 pandemiyasının ölkəni acınacaqlı günə salması ilə daha da şiddətlənən sosial narazılığı yatırmaq, cəmiyyəti “xarici düşmən” obrazı ətrafında birləşdirmək idi. Bu, baxımdan döyüşlərin getdiyi vaxt “Azərbaycan bizə hücum edir”, “Azərbaycanın mövqelərini ələ keçirdik”, “Azərbaycanı məğlub etdik” iddialları tirajlanır, saxta görüntülər erməni ictimaiyyətinə sırınırdı. Lakin ermənilər Paşinyan hakimiyyətinin təbliğat maşınına inanmadı. Qəzet Ermənistan hakimiyyətinin “Azərbaycan hücuma keçdi” iddiasını da təkzib edir və qeyd edir ki, “Azərbaycan müharibəyə başlamağı düşünürdüsə, niyə Qarabağı yox, Tavuşu vurdu?”. Nikol Paşinyan hakimiyyətinin erməni ictimaiyyətinə hesablanmış hədəfləri də alt-üst oldu. Xüsusilə Tavuş bölgəsindəki ermənilərin evlərini tərk etməsi, İrəvanda insanların hökumət binası önündə keçirdiyi aksiyalar, erməni hərbiçilərin döyüş mövqelərindən qaçdığını əks etdirən görüntülər işğalçı ölkənin çətin vəziyyətə düşüyünü təsdiqləyir. DİPLOMATİK CƏBHƏ: Döyüşlərin ilk günündən beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Prezident İlham Əliyev də bildirib ki, Türkiyə, Pakistan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini dəstəkləyib. “Bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. Ermənistana kim dəstək göstərdi? Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır”. Ümumilikdə 130-dan çox ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın təcavüzkar siyasətini pisləyən mövqe nümayiş etdirdi. Prezident İlham Əliyev Ermənistanın KTMT-dan yardım istəməsinə münasibət bildirərkən deyib: “Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi. KTMT-nin buna nə dəxli var? Azərbaycan Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Bu addım onun acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər”. Döyüşlərin başladığı ilk gündən indiyə qədər baş verənlərin təhlili Ermənistanın heç bir hədəfinə nail ola bilmədiyini təsdiqləyir: – Azərbaycan mövqelərini ələ keçirə bilmədi, əvəzində strateji yüksəkliklər ordumuz tərəfindən götürüldü və bu, Ermənistanın bir sıra yaşayış məntəqələrinə nəzarət etmək imkanı verir; – İşğalçı ölkənin təxribat hücumu yüzlərlə hərbiçisini və hərbi texnikasını itirməklə nəticələndi; – Azərbaycanı hücum edən tərəf kimi göstərmək cəhdləri baş tutmadı, dünya yenidən Ermənistanın təcavüzkar olduğunu gördü; – Ermənistan cəmiyyətinə hesablanmış “xarici düşmən” təbliğatı və “biz qalib gəldik” iddiaları ermənilər tərəfindən qəbul edilmədi; – KTMT-dən dəstək almaq və təşkilatın Azərbaycana qarşı çıxmaq cəhdi də baş tutmadı; Azərbaycan işğalçı ölkə üzərində növbəti dəfə böyük qələbə qazandı. (publika.az)
İyulun 12-dən başlanan hadisələrin inkişafı, hərbi, informasiya və diplomatiya cəbhəsində baş verənlər Azərbaycanın Ermənistan üzərində qələbəsini faktlarla təsdiqləyir.
“Ermənistanın səsi” saytı yazır ki, “Euronews” telekanalı da daxil olmaqla bütün beynəlxalq KİV Azərbaycan tərəfinin yaydığı “Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar” məlumatını yayımladı: “Biz informasiya cəbhəsində məğlub oluruq, budur, bütün dünya Ermənistanın atəşkəsi pozduğunu oxuyur”.
Ermənistanın məşhur “İravunk” qəzeti yazır: “Hər şey Azərbaycana məxsus UAZ-ının erməni mövqelərinə çatanda vurulduğu fərziyyəsi ilə başladı. Bazar günündən başlayaraq, internetdə erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərini tutması barədə şaiyələr yayılır. Dünən bu şaiyələr daha da çoxaldı və müxtəlif xəritələr yayıldı. Sonra foto ortaya çıxdı və iddia olundu ki, bu, Ermənistan silahlı qüvvələrin tərəfindən tutulmuş Azərbaycan mövqeyində çəkilib. Bu açıqlamalar qəribədir, xüsusilə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara da kəskin ziddir. Nazir Davud Tonoyan Azərbaycan UAZ-nın erməni mövqelərinə yaxınlaşması nəticəsində baş verən hadisələri hökumətin iclasında təqdim etdi. Üstəlik bildirildi ki, erməni qüvvələri hətta azərbaycanlılara geri qayıtmaları üçün xəbərdarlıq edib, lakin onlar mövqeyimizi atəşə tutub, bizimkilər də cavab verib. Başqa sözlə, nazir əslində qüvvələrimizin yalnız müdafiə olunduğunu bildirdi. Həm də Azərbaycanın mövqelərini götürdüyümüz deyilir. Müdafiə olunan zaman bunu necə etmək mümkündür? Axı əraziləri tutmaq üçün hücum etməlisən”.
“İravunk” həm də yazır ki, Nikol Paşinyan daxili problemlərə və Qarabağ danışıqlarında üzləşəcəyi reallığa görə bu hücumu təşkil etdi.
Ermənistanı kim dəstəklədi? Birmənalı olaraq heç kim. Hətta işğalçı ölkənin sərhəd tərxibatı ilə üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) almaq istədiyi dəstək də gəlmədi. KTMT əvvəlcə iclas təyin etdi, sonra bu iclası qeyri-müəyyən vaxta təxirə saldı, daha sonra ümumiyyətlə iclas qərarını ləğv etdi.
Ermənistan faktiki olaraq diplomatik cəbhədə də məğlub oldu.