Erməni təxribatları artır: Daha bir “dəmir yumruq” zərbəsi qaçılmaz ola bilər

Erməni təxribatları artır: Daha bir “dəmir yumruq” zərbəsi qaçılmaz ola bilər

Xankəndi və ətraf bölgədə rəsmi İrəvanın da dəstəyi ilə erməni separatizmi və terrorizmi yenidən “canlanmağa” başlayıb; Azərbaycanın ən yaxın vaxtlarda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə antiterror əməliyyatlarına qərar vermək məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil…

Cənubi Qafqaz savaşdan yeni çıxıb. Regionda yeni geopolitik situasiya yaranıb. Uzun illərdən sonra nəhayət ki, ilk dəfə yeni quruculuq mərhələsinin başlanması üçün real imkanlar açılıb.

Sülhün və sabitliyin möhkəmlənib, qalıcı olacağı təqdirdə, bu region tezliklə beynəlxalq tranzit bölgəsinə çevrilə bilər. Geoiqtisadi layihələrə sərmayə qoyulma ehtimallı artıb. Bu, bütün regiona və bölgədə maraqları olan nəhəng şirkətlərə külli miqdarda gəlir vəd edir.

Ancaq “erməni faktoru” hazırda bütün bu geoiqtisadi perspektivlərin qarşısında ən ciddi əngəl olaraq qalmaqda davam edir. Hər halda, Cənubi Qafqazda “erməni problemi”nin tam həll edildiyini iddia etmək hələ çox tezdir. Və bu problem yalnız Ermənistanın deyil, ümumiyyətlə, Cənubi Qafqazın gələcək inkişaf perspektivlərini təhlükə altına salır. Və region xalqlarının daha yaxşı həyat şərtlərinə nail olmaq şanslarına əngəl yaradır.

Son vaxtlar regionda gərginliyin artırılmasında “erməni faktoru” ifrat şəkildə ön plana çıxmış kimi görünür. Xankəndiyə geri dönmüş ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində açıq siyasi-psixoloji təxribatlar törətməyə başlayıblar. Üstəlik, gün keçdikcə daha da əl-qol açmağa çalışırlar. Bu, artıq bütün “qırmızı cizgiləri” aldığından növbəti hərbi əməliyyatlara başlamaq üçün ciddi əsaslar yaradır.

arutyunyan-rezil.jpg (15 KB)

Əsas təxribatçı oyunlar Dağlıq Qarabağdakı “erməni icmasının rəhbəri” Araik Arutyunyan tərəfindən törədilir. Bu erməni heç bir hüquqi əsası olmayan qərarlar qəbul edir. Bölgədə “özünümüdafiə ordusu” adlandırdığı terrorçu silahlı dəstələr yaradır. Olmayan “dövlət” üçün idarəçilik strukturlarını formalaşdırır. Erməni separatizminin 33-cü ildönümünü qeyd etmək məqsədilə təxribatçı tədbirlər uydurur.

 

Əlbəttə ki, bütün bunların hamısı hüquqdan kənar davranışlardır. Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabrda və 11 yanvarda imzalanmış anlaşmalara ziddir, həmin sənədlərdən qaynaqlanan öhdəliklərin icrasını əngəlləmək məqsədi daşıyır. Və bu davranışlar yaxın gələcəkdə olduqca, ağır nəticələr verə bilər.

Böyük ehtimalla Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınaraq, özlərini toxunulmaz hiss etməyə başlayıblar. Yəqin ki, Rusiya sülhməramlı qüvvələrinin onların təhlükəsizliyini tam təmin edə biləcəyinə əmindirlər. Halbuki bu qədər arxayın olmaları onlara çox baha başa gələ bilər.

Çünki separatizmi və terrorizmi inkişaf etdirməyə çalışdıqları ərazi Azərbaycan torpaqlarıdır. Rusiya sülhməramlı qüvvələri isə həmin ərazilərdə sadəcə, müvəqqəti yerləşdiriliblər. Azərbaycan anlaşma çərçivəsində zamanı gəldiyində, tələb edərsə, Rusiya sülhməramlı qüvvələri bölgəni qeyd-şərtsiz tərk etməli olacaqlar. O zaman separatçılar törətməkdə olduqları təxribatların cavabını verməkdən yayına bilməyəcəklər.

930254273d1efe19646eb84e321ec334.jpg (132 KB)

Ancaq əslində, rəsmi Bakının erməni separatizminə həmin vaxta qədər səbr göstərəcəyi də qətiyyən inandırıcı deyil. Çünki separatçıların son davranışları artıq Azərbaycanın milli təhlükəsizlik maraqlarını təhdid etməyə başlayıb. Ona görə də, çox yaxın günlərdə rəsmi Bakı bu problemi daha da dərinləşmədən həll etmək barədə qətiyyətli qərar verə bilər.

Belə ki, Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və ermənilərin geniş separatizm, terrorizm fəaliyyətinə başladığı bölgədə antiterror əməliyyatlarına başlaması üçün bütün hüquqi əsaslar artıq yaranıb. Rəsmi Bakı qərar verəcəyi təqdirdə isə buna kimsə etiraz edə bilməz. Çünki, Azərbaycan öz ərazilərində terrorçuluq fəaliyyətinin qarşısını almaqda suveren hüquqlara sahibdir.

Rusiya sülhməramlı qüvvələri də həmin ərazilərdə 10 noyabr və 11 yanvar anlaşmalarının icrası üçün yerləşdirilib. Həmin anlaşmaların pozulmasına yönəlik istənilən təxribat cəhdinə qarşı rus sülhməramlıların da Azərbaycan ordusuna dəstək verməsi qaçılmazdır.

Hər halda, rus sülhməramlıların əsas işi bölgədə yerləşən dinc ermənilərin təhlükəsizliyini təmin etməkdir. Terrorçuluq və separatizm fəaliyyətinə göz yummaq isə yolverilməzdir. Və bu baxımdan, rus sülhməramlıların bu təhlükəli meyllərə qarşı daha həssas davranması da vacibdir.

rus-sulhmeramli.jpg (44 KB)

Digər tərəfdən, Ermənistan tərəfindən də bölgəyə qanunsuz müdaxilə cəhdləri müşahidə edilməkdədir. Xüsusilə də, bölgəyə erməni rəsmi şəxslərin səfər etməsi yolverilməzdir. Bu, anlaşmalara zidd olmaqla yanaşı, yeni silahlı münaqişəyə də səbəb ola bilər.

Xüsusilə də, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanın son davranışları yeni savaş üçün hüquqi əsaslar yaradır. Belə ki, qəribə də olsa, o, bölgədə erməni separatçılarına “özünümüdafiə ordusu” qurmaq niyyətinə düşüb: “Hər şeydən əvvəl “artsax” əhalisinin təhlükəsizliyini oradakı özünümüdafiə ordusu təmin etməlidir. Əlbəttə ki, onun döyüş hazırlığını bərpa etmək və modernləşdirmək baxımından, görüləsi çox iş var. Amma istənilən halda bu işləri görmək lazımdır”.

Göründüyü kimi, açıq-aşkar hərbi-siyasi təxribatlara cəhd göstərilir. Ermənistan hansı beynəlxalq hüquqa dayanaraq, Azərbaycan ərazisində ordu qurmağa cəsarət göstərə bilər? Rəsmi İrəvan Azərbaycanın buna verəcəyi sərt reaksiya qarşısında duruş gətirməyə hazırdırmı?

Xatırladaq ki, cəmisi bir neçə ay əvvəl Ermənistanın keçmiş müdafiə naziri David Tonayan “yeni müharibə, yeni torpaqlar” şüarı ilə lovğalanırdı. Baş nazir Nikol Paşinyan Cıdır düzündə yallı gedirdi. Və Azərbaycanın səbrini sınağa çəkirdilər.

Düzdür, rəsmi Bakı uzun müddət bütün bunlara səbrli münasibət göstərməyə çalışdı. Ancaq ermənilər rəsmi Bakının səbrindən yanlış nəticə çıxardaraq, daha da azğınlaşdılar. Və rəsmi Bakının səbrini daşıdılar.

5f724bbd0f25441b44de9b57.jpg (89 KB)

Nəticəsi də hər kəsə, elə ermənilərin özlərinə də məlumdur. Amma yenə də rəsmi Bakının səbri ilə “çiling-ağac” oynayırlar. Bu baxımdan, növbəti dəfə “dəmir yumruq”la üzləşə biləcəklərini də qətiyyən diqqətdən qaçırmamalıdırlar.

Digər tərəfdən, Ermənistan özü hazırda ordusuz qalıb. İndi rəsmi İrəvan ilk növbədə özünə ordu qurmaq barədə düşünməlidir. Hətta bu ölkənin normal sərhəd qoşunları belə, yoxdur. Və Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur.

Belə vəziyyətdə olan bir ölkənin müdafiə nazirinin Azərbaycan ərazisində yaşayan ermənilərə “özünümüdafiə ordusu” yaratmaq niyyətindən danışması məntiqsiz və gülünc olmaqla yanaşı, həm də sayıqlama təsiri bağışlayır.

Ancaq belə sayıqlamalar və təxribatçı davranışlar hərbi əməliyyatların bərpasına da səbəb ola bilər. Rusiya mətbuatında ermənilərin Xankəndidə ordu yığması barədə məlumatların yer alması isə vəziyyətin ciddiliyindən xəbər verir.

Ona görə də, yaxın vaxtlarda rəsmi Bakının bölgədə antiterror əməliyyatlarına qərar vermək məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. Belə anlaşılır ki, region “erməni faktoru”ndan xilas etmək üçün daha bir “dəmir yumruq” zərbəsinə ehtiyac var.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat” Media Qrupu






Fikirlər