Rövşən Əkbərov özü ilə kimləri “İÇƏRİ” aparacaq? - Sürpriz ADLAR...

Rövşən Əkbərov özü ilə kimləri “içəri” aparacaq? - Sürpriz adlar

Sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərovun həbsi ətrafında başlayan müzakirələr davam edir. Hazırda ən çox bu sual maraq doğurur: Rövşən Əkbərov 20 il məsuliyyətdən necə kənarda qala bilib?

  Milli Qəhrəman Rövşən Əkbərov martın 15-də həbs edilib. Ona rəsmi ittiham irəli sürülüb. Baş Prokurorluğun yaydığı məlumatda Əkbərovun Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunu 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürüldüyü bildirilir. Qeyd olunur ki, faktla bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmış, bir sıra istintaq tədbirləri yerinə yetirilmiş, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilmiş, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır.

Qeyd edək ki, 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan sonar nələrin baş vediyi ictimaiyyətə məlumdur. Belə ki, 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmiş və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yazının əvvəlinə qayıdaq. Hazırda hər kəsi Rövşən Əkbərovun məsuliyyətdən necə yayındığı düşündürür. Əslində, bununla bağlı xeyli ehtimal mövcuddur. Müşahidəçilər hesab edirlər ki, Rövşən Əkbərov Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “çətiri” altına olduğu üçün onu həbs etmək mümkün olmayıb. 

Bəs qanunların aliliyini təmin etməli olan orqanlar hara baxıblar? O vaxtkı Baş prokuror Zakir Qaralov Rövşən Əkbərovun toz basmış qovluğunu niyə bir dəfə vərəqləməyib? Ukraynanın hüquq-mühafizə orqanlarının israr etməsinə baxmayaraq, niyə generalın ifadəsi alınmayıb? 

Qeyd edək ki, mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva dəfələrlə o vaxtkı baş Prokuror zakir Qaralovun qəbulunda olub. Səmayə Əliyeva ötən gün mətbuata verdiyi açıqlamasında deyib ki, Zakir Qaralov hər dəfə onu acılayaraq, kabinetindən qovub.

Rövşən Əkbərovun 20 il məsuliyyətdən kənarda qalmasının tək günahkarı Zakir Qaralov deyil. Mətbuatdan da məlum olduğu kimi, mərhum Elçin Əliyevin anası dəfələrlə respublikanın hərbi prokuroru Xanlar Vəliyevin də qəbulunda olub. Buna baxmayaraq, hərbi prokuror korpus komandirinin məsuliyyətə cəlb olunması istiqamətində heç bir addım atmayıb. Əksinə, bu quruma ünvanlanan müraciətləri ört-basdır edib. Hansı ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilmiş, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. Bu fakt hüquqi məsuliyyət yaradır. Çünki təqsirləndirilən şəxs qismində cəlb edilməli olan adamın kimliyi barədə Ukraynanın hüquq-mühafizə orqanları Zakir Qaralovun və Xanlar Vəliyevin rəhbərlik etdiyi qurumlara yetərincə fakt təqdim edib. Sadəcə, onlar sözügedən cinayətin açılmaması üçün hər hansı bir addım atmayıblar. Faktların təhlili onu deməyə əsas verir ki, Rövşən Əkbərovun “içəri”də tək qalmaması üçün hüquqi baza mövcuddur. Bu isə o deməkdir ki, istintaq hərəkətləri obyektiv aparılacağı təqdirdə, Zakir Qaralovun və Xanlar Vəliyevin məsuliyyətdən kənarda qalması mümkün olmayacaq. 






Fikirlər