"MEHDİYEV DƏ İSTİNTAQA CƏLB OLUNA BİLƏR...” - “Yəqin, istintaq zamanı müəyyən olunacaq ki...”

"Hesablama Palatası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar akademiya tərəfindən "Şərq-Qərb” ASC-yə ödənilib".

Bu, "Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında öz əksini tapıb.

"Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib",-deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, “Şərq-Qərb” səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin nəzarətində olduğu bildirilir. AMEA prezidentinin müəllifi olduğu kitabların əsasən bu ASC tərəfindən nəşr edilməsi də bununla bağlanır.

İndi Hesablama Palatasının hesabatından aydın olur ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olduqdan sonra quruma ayrılan pulları “Şərq-Qərb” ASC-yə “axıdıb” və nəticədə 10 milyon manatlıq borc yaranıb.

Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixdən AMEA-nın prezidentidir. Hesablama Palatasının aşkar etdiyi qanunsuzluqlar da məhz onun fəaliyyət dövrünü əhatə edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən qeyd edilənlərlə bağlı bildirilib ki, təqdim olunan faktlarla bağlı artıq cinayət işi açılıb.

“Milli Elmlər Akademiyasının fəaliyyətinə gəldikdə isə qeyd edirik ki, aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır. İstintaqın nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək”, - deyə Baş Prokurorluqdan bildirilib.

Maraqlıdır, bu cinayət işinin istintaqına AMEA rəhbərliyi, o cümlədən qurumun prezidenti Ramiz Mehdiyev də cəlb edilə bilərmi?

 

 

Hüquqşünas, vəkil Bəhruz Bayramov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, Mehdiyevin prosesə cəlb edilməsi istintaqın əhatə dairəsindən asılıdır: "Hesablama Palatasının müraciəti korrupsiya əməlinin araşdırılması ilə bağlıdır. Prokurorluqda da təqdim olunan fakt üzrə cinayət işi başlanıb. Yəqin, isntaq zamanı müəyyən olunacaq ki, bu cinayət işi kimlər tərəfindən törədilib, başqa şəxslərin orada iştirakı, rolu olubmu. İstintaq orqanı qərara gəlsə ki, Ramiz Mehdiyevin də hadisədə iştirakı var, o zaman AMEA prezidenti də istintaqa cəlb edilə bilər".  

 

 






Fikirlər