Xəbər verdiyimiz kimi bu gün Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür.
Moderator.az-ın əməkdaşı bu münasibətlə Xalq yazıçısı Anar və Xalq şairi Sabir Rüstəmxanlının fikirlərini öyrənib.
Xalq şairi Sabir Rüstəmxanlı Çingiz Abdullayevin ədəbiyyatımızda bir hadisə olduğunu bildirib:
“Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının qeyri-adi bir hadisəsidir. Hər halda bizim ədəbiyyat tariximizdə az-az bənzəri olan bir yazıçıdır. Hansı dildə yazmasından asılı olmayaraq Çingiz Azərbaycanın təmsil edir və dünyada əsərlərinin yayılmasına görə bəlkə də ilk sıralardan birində dayanır. Çünki mən qonşu respublikaların, Rusiyanın mətbəələrinə getmişəm, hətta vilayət mətbəələrinin hər birində onun kitabları çap olunur və dükanlarda satılır. Həmin mağazalarda Çingiz Aytmatov, türk dünyasında Çingiz Dağlı, Azərbaycanın böyük yazıçısı Çingiz Hüseynov var və indi yeni bir Çingizimiz var və bu da Çingiz Abdullayevdir. O, da onlarla bir sırada duran yazıçıdır.
Janr müxtəlifliyi, üslub fərqi var. Bu geniş oxucu kütləsi üçün nəzərdə tutulan macera və yaxud dedektiv ədəbiyyat da ədəbiyyatın bir növüdür. Bu gün bir az da sənədli, publisistikaya yaxındır. Əgər bu qədər geniş diqqəti cəlb edirsə, oxunursa, deməli onu inkar etmək mümkün deyil. Bunun dəyəri, qiyməti verilməlidir. Çingizin bütün əsərlərini oxumağa mənim vaxtım çatmayıb və heç çatmaz da. Amma oxuduğum əsərlərini bəyənmişəm. Süjeti, ədəbi keyfiyyətləri ilə şübhəsiz peşəkar bir qələm sahibinin əsərləridir.
Bütün bunlardan əlavə Çingiz çox gözəl bir insandı, mədəniyyət, ədəbiyyat, sənət xadimidir, qeyrətli bir vətəndaşdır. Təkcə onun son vaxtlar Moskvanın böhtançı televiziyalarının şou verilişlərində Azərbaycanın həmişə əleyhinə danışan Solovyovları necə susdurduğunun şahidi olmuşuq. Orda bir da biz Çingizlə qürur duymuşuq. Çingiz bütün hadisələri izləyən, hər şey haqqında geniş məlumatı olan və hazırcavab, sözünün yerini bilən bir adamdır. Azərbaycan Yazıçılar Birliyində gənclərə qayğı göstərən, onların tədbirlərində iştirak etmək, dinləmək baxımından da Çingiz həmişə seçilib. Biz onun “Ağ mələklər” adlı ilk kitabını “Yazıçı” nəşriyyatında çap etmişdik. O vaxt mənə qəribə gəlmişdi ki, birdən-birə adını eşitmədiyimiz bir adam gəlib ortaya maraqlı roman qoymuşdu. Onda kitab çox geniş yayıldı, satıldı. Amma ağlıma gəlməzdi ki, bu romanın müəllifi sonradan onlarla yox, yüzlərlə roman yazacaq. Çingiz mənim gözümdə həmişə gəncdir, onun roman karvanı, qatarı hələ yoldadır və hələ çox gözəl mənzillərə yetişəcək. Onu ürəkdən təbrik edib, cansağlığı arzulayıram”.
Xalq yazıçısı Anar isə həmişəki kimi qısa danışaraq Çingiz Abdullayevi təbrik edib:
“Çingizi təbrik edirəm. O bizim çox gözəl məşhur yazıçımızdır. Azərbaycan Yazıçılar Birliyinin katibi kimi də çox fəal işləyir. Ona uzun ömür və yeni əsərlər arzu edirəm”.
Fikirlər