Niyaz Niftiyevlə bağlı Prezidentə müraciət etdilər ...
Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvləri həbsdə olan tanınmış jurnalist, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri işləmiş Niyaz Niftiyevlə bağlı Prezident İlham Əliyevə və Baş Prokurorluğa müraciət ünvanlayıblar. "AzerTaym.az" bildirir ki, müraciəti İşçi Qrupun üzvləri-hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva və Əvəz Həsənov imzalayıblar. Müraciətdə Niyaz Niftiyevin fəaliyyəti barədə məlumat verilib, onun dövlət qarşısında xidmətlərindən nümunələr göstərilib. Eyni zamanda, Niyaz Niftiyevin həbsinə səbəb olan, mübahisəli görünən məqamların ədalətli araşdırılacağına inam ehtiva olunub. Hüquq müdafiəçiləri Niyaz Niftiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə, humanist qərarın qəbul edilməsinə dəstək göstərilməsini istəyiblər. Redaksiya qeydi: Məlumat üçün bildiririk ki, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri işləmiş Niftiyev Niyaz Məmmədəli oğlu Binəqədi qəsəbə Bələdiyyəsinin digər təmsilçiləri - Nəsibova Mətanət Hüseyn qızı və Abışov Sahib Abdulla oğlu ilə birlikdə Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilirlər. Niyaz Niftiyevlə birlikdə ittham olunan şəxslərdən biri-Mətanət Nəsibova (06 aprel 2020-ci ilədək Bələdiyyə sədri işləyib) barəsində həbslə bağlı olmayan qətimkan tədbiri, Sahib Abışovla bağlı isə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, Niyaz Niftiyev barəsində ən ağır qətimkan tədbiri seçilib. 16 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə, CM-nin 139-1.1 və 320.1-ci maddələri ilə cinayət işi başlanıb. 17 aprel 2020-ci il tarixdə Niyaz Niftiyev CM-nin 139-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və müstəntiq tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Niyaz Niftiyev itthamla razılaşmayaraq ifadəsində bildirib ki, təkcə sədr seçildiyi 7 aprel 2020-ci ildən, 14 aprel 2020-ci il tarixədək, şəxsən borclanmaya gedərək, Binəqədi qəsəbə Bələdiyyəsi adından qəsəbə sakinlərinin tibbi ləvazimatlarla təminat, məişət tullantıları ilə bağlı problemlərin həlli məqsədilə 1783 manat vəsait xərcləyib. Bu faktı təstiq edən 7 ədəd “pulun Bələdiyyədən və şəxsən Niyaz Niftiyevdən alınması haqqında” qəbz, həmçinin vəsaitin hansı sahələrə xərclədiyibarədə fotolar və videolar istintaq orqanına təqdim edilib. Yəni Niyaz Niftiyev öz hesabına 1783 manat vəsait xərclədiyi halda 214 manata tamah salması barədə ittiham edilir. İbtidai istintaq dövründə Niyaz Niftiyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi və həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiriylə əvəz edilməsinə dair vəsatətlə 18 aprel 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, 11 iyul 2020-ci il tarixdə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilib, qərarlardan apellyasiya şikayətləri verilib. Bütün hallarda vəsatətlər və şikayətlər təmin edilməyib. Bundan başqa, 19 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Niyaz Niftiyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatət təmin edilməyib. 19 fevral 2021-ci il tarixdən bu günə kimi dəfələrlə məhkəmə iclasları təyin olunsa da, müxtəlif səbəblərdən məhkəmə iclaslarının keçirilməsi baş tutmayıb. Xatırladaq ki, daha öncə bir qrup ziyalı, jurnalist tərəfindən Niyaz Niftiyevlə bağlı ölkə başçısına müraciət olunub. Bundan başqa, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Niyaz Niftiyevin 1 ildən artıq müddətdə istintaq təcridxanasında saxlanılmasına etiraz edib. Bildirib ki, Niyaz Niftiyev tanınmış jurnalist, müsbət imicli şəxsdi, məhkəmə onun indiyə kimi olan fəaliyyətini, xidmətlərini nəzərə almalıdır.