"Ordumuz bizim qürurumuz, fəxrimiz, xoşbəxtliyimizdir. Biz hər şeyə görə, həyatımıza görə, bu gözəl günümüzə görə məhz zəfər dolu ordumuza və prezidentimizə borcluyuq. Var olsun xalqımız, ordumuz və prezidentimiz. Mən çox xoşbəxtəm ki, bu ölkənin övladıyam, bizim qəhrəman oğullarımız var, mən bu gün şəhidlərimizi yad etmək istəyirəm, onların ruhu qarşısında baş əyib, valideynlərinin əllərindən öpürəm. Biz onların hesabına gözəl günlər yaşayırıq. Bizim arzularımız çin oldu, Şuşada Cıdır düzündə xalqımız yallı getdi. Bundan gözəl nə ola bilər? Bu xoş günləri Allah bizə nəsib etdi, min dəfə şükür edirəm.
Mənim iki xalamın övladları da - Niftəliyev Elmir və Hüseynli Təbriz müharibədə iştirak etdi, prezident onları medalla mükafatlandırdı. Buna görə də çox xoşbəxtik. Ailəmiz adından cənab prezidentimizə təşəkkürümüzü bildiririk. Mən bütün qəhrəman övladlarımızla fəxr edirəm, həyatın bütün gözəllikləri onlar üçün olsun. Biz bu gün sakit yaşayırıqsa, ölkəmizdə rahat gəziriksə bunu onlara borcluyuq. Allah ordumuzu, xalqımızı, prezidentimizi qorusun".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Hüsniyyə Mürvətova deyib. Sənətçi daha sonra əlavə edib.
"Amaliya xanımın yaratdığı Bakı Bələdiyyə teatrı ordu qarşısında çıxış edən sənət ocağıdır. Elə buna görə də bizə "Ordu teatrı" deyirlər. Amaliya xanımın sağlığından biz həmişə ordumuzun qarşısında çıxışlar etmişik. İndi də bu ən-ənəni davam etdiririk. Elə vaxt olub ki, konsert proqramı ilə getmişik, mən həm də orada oxumuşam, həm şeir demişəm, həm də tamaşa oynamışam. Daha çox Abdulla Qurbaninin "Türk sancağı" tamaşası ilə çıxış etmişik. Müxtəlif repertuarla tamaşalar oynamışıq. Əsgərlər qarşısında son çıxışımız "Çingiz dastanı" (Abdulla Qurbani) əsərinin tamaşası olub. Bu əsər bizim Milli Qəhrəmanımız Çingiz Qurbanova həsr olunub. Müharibə dövründə mən özüm də əsgərlərimizlə görüşə getdim. O zaman mən tam başqa hisslər keçirirdim, təsəvvür edin, bizim döyüşə göndərdiyimiz əsgərlərin hansısa qayıdacaq, hansısa şəhid olacaqdı..Bir tərəfdən sevinirdim, bir tərəfdən də ürəyim kədərlə dolu idi. Allaha yalvarırdım ki, hər biri sağ-salamat qayıdıb gəlsin. Müharibə dövründə də gecə-gündüz dualarım onlarla idi və çox sevinirəm ki, əsgərlərimiz bizə qələbə sevincini yaşatdılar" - deyə aktrisa bildirib.
Fikirlər