“ERMƏNİSTANLA SÜLH SAZİŞİ İMZALANA BİLƏR, AMMA...” – “Bölgədə situasiyaya Rusiya nəzarət edir”

Son günlər yenidən Ermənistan-Azərbaycan sərhədində atəşkəsin tez-tez pozulduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 26-da və 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bu arada son aylar Azərbaycan tərəfindən Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı bir neçə dəfə istək bildirilsə də, Ermənistan tərəfindən buna heç bir cavab verilməyib.

İyunun 25-də Prezident İlham Əliyev Avropa Birliyinin nümayəndələrini və bu quruma daxil olan Rumıniya, Avstriya, Litva xarici işlər nazirlərini qəbul edərkən bildirib ki, ola bilsin, seçkiqabağı vəziyyət Ermənistan hökumətinə sülh sazişinə dair bəyanatlar vermək üçün çox əlverişli olmayıb: "Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur".

 

 

Siyasi şərhçi Rauf Mirqədirov bildirib ki, sülh sazişi kifayət qədər realdır. Onun sözlərinə görə, Azərbaycan üçün vacib olan amil Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır: "O zaman ciddi bir sual meydana gəlir: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda sənəd razılaşdırılır, hətta ayrıca bənd də salınır ki, Dağlıq Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyır, amma bununla problem həll olunurmu və yaxud gündəmdən çıxırmı? Birmənalı şəkildə demək olar ki, yox!"

R.Mirqədirovun sözlərinə görə, Ermənistan bəyan edə bilər ki, Azərbaycanın ərazi bütövlüyünü də, Dağlıq Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyır: "Amma bugünkü reallıqları, xüsusilə bölgədə Rusiya qoşunlarının tərkibini nəzərə alsaq, söhbət sadə bir şeydən gedir: Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində qalmaq istəyirlərmi? Ermənistan deyəcək ki, bu, Azərbaycanla Dağlıq Qarabağ əhalisinin problemidir, biz tanıyırıq, amma onlar Azərbaycanın tərkibində qalmaq istəmirlər. Beynəlxalq hüquq normalarının birmənalı olmadığını da nəzərə alaq, burda bir neçə prinsip əsas götürülür: ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququ. Onlar sonradan çox sadə şəkildə deyəcəklər ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratlarını təyin etmək hüququnu gerçəkləşdirmək istəyir".

Bəs Azərbaycan ermənilərə hansı statusu verə bilər? Ekspert qeyd edir ki, bu məsələlər daha çox Rusiyanın mövqeyindən asılı olacaq: "Yəni Rusiya nə dərəcədə bu konfliktdən öz maraqları üçün istifadə edəcək. Hazırda həlledici rol nə Bakıdadır, nə də İrəvanda, ruslardadır. Bölgədə situasiyaya Rusiya nəzarət edir".

Siyasi şərhçi vurğulayır ki, Rusiyada fərqli düşüncə tərzi var: "Sadəcə, onlar Azərbaycana öz əraziləri kimi baxır və hesab edirlər ki, Qorbaçov xəyanət edərək SSRİ-ni dağıdıb. İkincisi, Putin faktoru var, o, müəyyən mərhələdə anladı ki, hakimiyyətin təkrar istehsalı naminə yeganə mümkün variant məhz bu düşüncə tərzindən öz maraqları üçün istifadə etməkdir. Bu düşüncə tərzi isə maksimum təcavüz tələb edir. Əgər Paşinyan bu gün tamamilə Putindən asılıdırsa, biz nələrisə ondan yox, Putindən istəməli olacağıq. Çünki Rusiya qoşunları bölgədə yerləşəndən sonra Azərbaycanın Paşinyana təsir imkanları azalıb. Yəni ruslar icazə versələr, nəsə etmək olar, qalan hallarda öz iradəmizlə heç nə edə bilməyəcəyik. Rusiya Paşinyandan nəsə istədiyi üçün əvəzində bizdən də nəsə istəyəcək, situasiyadan asılı olaraq bunun variantları çox ola bilər. Amma hər halda bu, o istiqamətdə olacaq ki, Putinin imperiyanın bərpası rus imperiya torpaqlarının toplayıcı imicini təsdiq etsin. Bu, bizim maraqlarımıza heç cür uyğun deyil".   "AzPolitika.info"

 






Fikirlər