Səfiri Kəlbəcərlə sərhədə gələn, erməni diasporunu dəstəkləyən ABŞ... -Ərəstun Oruclu

Səfiri Kəlbəcərlə sərhədə gələn, erməni diasporunu dəstəkləyən ABŞ...-Ərəstun Oruclu

Güney Qafqazdakı ziddiyyətli məsələlərin həllində “Qafqaz evi” formatında çalışmaq və məsələn, Azərbaycanın Ermənistanla Gürcüstan vasitəsilə  təmas qurmasına nail olmaq gərəkdir...”
 
"Əlbəttə, buna qarşı müqavimət olacaq, böyük güclər mane olmağa çalışacaq. Amma hər bir halda biz buna da çalışmalıyıq...”
 
Xəbər verdiyimiz kimi, Azərbaycandakı səfiri xarici diplomatların son Şuşa səfərinə qatılmayan ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi iyulun 26-da erməni hərbçilərlə birgə  Kəlbəcərlə sərhədə gəldi və tərəfləri Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırdı.  Ertəsi gün – iyulun 27-də isə o, İrəvanda   qəsbkar ölkənin Diaspor İşləri üzrə Baş Komissarı Zare Sinanyanla görüşdü. Və həmin görüşdə xanım L.Treysi “Birləşmiş Ştatlar çoxdankı tərəfdaşı olan erməni diasporunun dinamik səylərini dəstəkləyir”- deyə bildirdi. Bəs görəsən, bütün bunlarla ABŞ dövləti Azərbaycana nə demək istəyir? 
“ABŞ səfirinin  Kəlbəcərlə sərhədə səfəri Minsk qrupunun bərpa cəhdi ilə bağlıdır. Ümumiyyətlə, bu gün  Qarabağ münaqişəsi ətrafında Minsk qrupunun fəaliyyətinin bərpası uğrunda səylər göstərilir. Amma bu məsələyə münasibət elə ABŞ-ın özündə də ziddiyyətlidir”.
 
Bu fikri bəhs etdiyimiz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında hazırda Nyu-Yorkda yaşayan politoloq Ərəstun Oruclu ifadə edib.  
 
“Məsələn, bu günlərdə, səhv etmirəmsə,  Amerikanın “National İnterest” dərgisində bir politoloq bu mövzuda  analitik yazı dərc edib. Həmin yazıda o, Minsk Qrupunun, demək olar ki, tamamilə iflasa uğradığını göstərir və bunun səbəblərini izah edir. Amerikalı politoloq yetərincə əsaslı səbəblər göstərir. Birinci səbəb olaraq ABŞ-ın bu bölgəyə maraq göstərməməsi vurğulanır. Yəni  Ağ Evin xarici siyasətinin diqqət mərkəzində bu bölgə yoxdur. Ikinci səbəb kimi Fransa amili göstərilir. Makron  birmənalı olaraq Ermənistanın mövqeyini dəstəkləyir, açıq şəkildə ermənipərəst bəyanatlar verir. Və başçısı belə bəyanatlar verən ölkənin Minsk qrupunda həmsədr olması qeyri-mümkündür. Üçüncü səbəb kimi isə ABŞ politoloqu Rusiya amilini diqqətə gətirir. Yazıda bildirilir ki, rəsmi Moskva bu münaqişədə faktiki olaraq mediatrdır və eyni zamanda Ermənistanın hərbi və strateji müttəfiqidir”- açıqlamasının ardında bunları söyləyən şərhçi Minsk qrupunun yeni formatının formalaşdırılmasıyla bağlı təkliflərini də verib. 
 
“Sadalanan tezisləri tamamilə ciddi qəbul edirəm. Və arqumentlər kimi də bunlar çox məntiqlidir. Həqiqətən də Azərbaycanın köhnə formatda Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyacı yoxdur. Bu barədə fikrimi əvvəllər də bildirmişəm. İndiki şəraitdə bu qrupun  işi başqa bir formatda təqdim olunmalıdır. Çünki artıq əvvəlki, Minsk qrupunun yaranmağa başladığı 1990-cı illərdəki durum çox dəyişib. Birincisi, həmsədr institutu rotasiya üzrə olmalıdır. Yəni Minsk qrupuna yalnız adları daha çox hallanan həmsədr ölkələr deyil, başqa ölkələr də daxildir. Və həmin ölkələr zaman-zaman rotasiya prinsipi ilə qrupa həmsədrlik etməlidir. 
 
İkinci prinsip  ondan ibarətdir ki, Minsk qrupu iki ölkə arasında sülh barədə danışıqlar prosesini geniş formatda, bütün üzvlərin iştirakıyla müzakirə etməlidir.
 
Üçüncüsü və ən başlıcası isə budur ki, Minsk qrupu(yenə deyirəm, yalnız həmsədlər deyil, bütün üzvlər) məsələnin həlli üzrə fəaliyyətə başlamamışdan öncə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və problemin istənilən halda ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağını qəti bildirməlidir...
 
Əgər sadalanan prinsiplər üzrə yanaşma olmayacaqsa, o halda Minsk Qrupu Azərbaycana qətiyyən gərək deyil. Bu qurum onsuz da 27 ildə öz missiyasını yerinə yetirə bilmədi və bu səbəbdən də ikinci Qarabağ müharibəsi baş verdi. Bundan sonra eyni format və yanaşma ilə nəyi həll edəcəklə? Növbəti 30 ilə uzadacaqlar iki ölkə arasında danışıqlar prosesini və sülh yaranmasını? Bu halda da Azərbaycan ətrafında, onun torpaqları ətrafında yenə də geo-siyasi çəkişmələri qızışacaqdır. Başqa heç bir şey...” –deyə  Ərəstun Oruclu fikrini izah edib.
 
“O ki qaldı ABŞ səfirinin sözügdən bəyanatına, bəllidir ki, Ağ Evin xarici siyasəti Paşinyanı dəstəkləyir. Və həmin dəstəyin əsas məqsədi əslində Ermənistanı Azərbaycana qarşı qoymaq yox, Paşinyanı Rusiya qarşısında tək buraxmamaqdır ki, Moskva özünün Güney Qafqazdakı planlarını həyata keçirə bilməsin. Bilirik ki, illər öncədən dediyimiz kimi, bizim region faktiki olaraq böyük siyasi oyunçuların toqquşma meydanına çevrilib. Bu səbəbdən də bölgədəki ziddiyyətli məsələlərin həllində “Qafqaz evi” formatında çalışmaq və məsələn, Azərbaycanın Ermənistanla Gürcüstan vasitəsilə bir təmas qurmasına nail olmaq gərəkdir. Belə düşünürəm ki, bu, mümkündür. Əlbəttə, buna qarşı müqavimət olacaq, böyük güclər mane olmağa çalışacaq. Amma hər bir halda biz buna da çalışmalıyıq” - deyə politoloq daha bir təklif irəli sürüb.
 
Həmsöhbətimiz  Ağ Evin Ermənistan təmsilçisinin  ABŞ dövlətinin erməni diasporunu dəstəkləməsi barədəki açıqlamasına da özünəməxsus münasibət bildirib.
 
“ABŞ-ın Ermənistandakı səfirinin  həmin ölkənin Diaspor İşləri üzrə Baş Komissarı Zare Sinanyanla görüşünə gəldikdə, bu da təsadüfi deyil. Bilirsiz ki, Amerikada güclü erməni diasporu var və rəsmi Vaşinqton da Ermənistan siyasətində həmin diasporun təsirindən yararlanmağa çalışır. Bu da anlaşılandır. Məsələn,  ABŞ-da yaşayan bir çox erməni fəallar, o cümlədən Jirayr Libaridyan, Riçard Kirakosyan və digərləri birmənalı  şəkildə siyasətlərini Ermənistanı Rusiya təsirindən çıxarmağa yönəldiblər.  Və onların vəzifəsi bütün erməni diasporunu bu istiqamətdə səfərbər etməkdir. Bu da Ağ Ev  üçün çox vacib məsələdir. Çünki, öncə dediyimiz kimi, Ermənistan siyasətində əsas təsir rıçaqlarından biri məhz diaspordur”- deyə Ərəstun Oruclu vurğulayıb.
 
Sultan Laçın






Fikirlər