AZƏRBAYCAN vursa, Rusiya qarışmaya bilər: Kreml sadəcə, rus sülhməramlılar barədə düşünür
Ermənistan mövcud vəziyyət ilə tədricən barışmağa məcbur olduğunu anlayır. Son baş verənlər də bu reallığı artıq təsdiqləməyə başlayıb. Və bundan sonra rəsmi İrəvanın mövcud reallıqlara uymağa üstünlük verəcəyi qətiyyən istisna deyil. Əslində, rəsmi İrəvanın geopolitik şərtlərin Ermənistan üçün kifayət qədər təhlükəli məzmun daşıdığını nəzərə aldığı da müşahidə olunur. Hər halda, Paşinyan hakimiyyəti rəsmi Bakını qıcıqlandırmaqdan mümkün qədər yayındığı nəzərə çarpır. Və bu, rəsmi İrəvanın Ermənistanı qorumaq taktikasında xüsusi yer tutan məqam təsiri bağışlayır. Məsələ ondadır ki, rəsmi Bakı "Dağlıq Qarabağ problemi" ilə bağlı heç nə eşitmək istəmir. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, bu problem 44 günlük savaş nəticəsində artıq həll edilib, "status" mövzusu da tam şəkildə qapanıb. Paşinyan hakimiyyətinin buna qarşı atmağa cəhd göstərəcəyi istənilən addım rəsmi Bakının sərt reaksiyasına səbəb ola bilər.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti bu önəmli məqama həssas yanaşmağa çalışır. Qondarma "dqr"in ildönümü tədbirlərinə Ermənistan hökumətinin qatılmaması da rəsmi Bakının səbrinin sınağa çəkilməsinin təhlükəli olmasından qaynaqlanır. Halbuki ötən il Ermənistan baş naziri Nikol Paşinyan Şuşanın Cıdır düzündə yallı getmişdi. Bu dəfə erməni baş nazir "dqr" separatçıları onu Xankəndidə gözləyərkən, o, tez-tələsik qısamüddətli məzuniyyətə qaçdı. Ardıncasa, Ermənistandan Xankəndidəki separatçılara sadəcə, əl yelləməklə, kifayətləndi. Məlum oldu ki, Paşinyan hakimiyyəti bundan artığını etməyə qadir deyil. Çünki, Paşinyan hakimiyyətinin başı üzərində Azərbaycanın "dəmir yumruğu" hazır vəziyyətdədir. Və Ermənistanın növbəti "dəmir yumruq" zərbəsinə tab gətirmək şansı da yoxdur. Əslində, Ermənistan cəmiyyətində də artıq bu reallığı bilirlər. Ermənistan parlamentinin deputatı T.Andronik mövcud şituasiyanı rəsmi Bakının tələbi ilə əlaqələndirib: "Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana Qarabağa səfər etməyi qadağan edib". Göründüyü kimi, Ermənistan cəmiyyətində də rəsmi Bakının geopolitik iradəsinin əhəmiyyətini anlayırlar və tədricən "dqr"dən ümidlərini kəsirlər. Eyni əhval-ruhiyyə əslində, elə Xankəndidə də hökm sürür. Hər halda, Araik Arutyunyan və onun separatçı dəstəsi bu il "təntənəli mərasim" keçirtməyə cəsarət etmədilər. Sadəcə, bir neçə "heykəl"in qarşısına gül dəstələri düzməklə kifayətlənməli oldular. Və böyük ehtimalla bunun belə lazım olması barədə erməni separatçılara İrəvandan təlimat gəlmiş də ola bilər.
Belə anlaşılır ki, rəsmi Bakının səbri tükənəcəyi təqdirdə, Ermənistanın separatçılara heç bir dəstək verə bilməyəcəyi Araik Arutyunyana başa salınıb. Çünki, A.Arutyunyanın özünün açıqlamasında da "Bizim əsas məsuliyyətimiz burada yaşamaq və yaratmaqdır" tezisi üzərində qurulub. Və bu, separatçıların da ciddi narahatçılıq içərisində olduğunu göstərir. Məsələ ondadır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfər etsə də, Rusiyadan gələn mesajlar da rəsmi İrəvanı məmnun edə biləcək məzmunda deyil. Rusiya siyasi dairələrində artıq Ermənistanın öz beynəlxalq səviyyədə tanınmış sərhədləri içərisində qalmalı olduğu qənaəti möhkəmlənməyə başlayıb. Yəni, Rusiyada Ermənistanın "xəyali iddialar"na bulaşmağa qətiyyən həvəsli deyillər. Rəsmi İrəvan nə qədər Rusiyaya ümid bəsləsə də, reallıq ondan ibarətdir ki, ikitərəfli və KTMT çərçivəsində olan hərbi müttəfiqlik anlaşmaları yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində keçərlidir. Rusiyalı hərbi ekspert İqor Korotçenko bu reallığı sərhədlərin toxunulmazlıq prinsipi ilə izah edib: "Qarabağ Azərbaycandır. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmət edir. Kreml bu mövqeyini artıq dəfələrlə bəyan edib. Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər çoxmillətli Azərbaycanın de-fakto və de-yure vətəndaşlarıdır. Onların bu reallığı anlamasının və qəbul etməsinin vaxtı artıq çoxdan çatıb". Maraqlıdır ki, rusiyalı hərbi ekspert erməni separatizmini ABŞ-da yaşayan ermənilərin maraqları ilə əlaqələndirib. Onun fikrincə, ermənilər ABŞ-ın Kaliforniya ştatında "Artsax" yaratmaq istəsəydilər, prezident Co Baydenin reaksiyasını görmək maraqlı olardı: "Ermənilər Kaliforniyada "özünütəyinetmə xəyalı"na düşsəydilər, yəqin ki, prezident Co Bayden ABŞ Milli Qvardiyasına dərhal separatçıların məhv olunmasını əmr edərdi. Və bunu edərkən də tamamilə haqlı olardı".
Onu da nəzərə almaq lazımdır ki, polkovnik İqor Korotçenko Rusiyanın dövlət maraqlarını hər şeydən üstün tutan bir hərbi ekspertdir. Bu səbəbdən onun dediklərini müəyyən mənada, Kremlə yaxın siyasi dairələrdə yaranmış ümumi qənaət kimi də qəbul etmək mümkündür. Və bu, rəsmi İrəvan üçün kifayət qədər ciddi xəbərdarlıq mesajı olaraq da dəyərləndirilə bilər. Ancaq Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Markovun mövqeyi daha konkret xarakter daşıyır. Onun fikrincə, Ermənistanın radikal siyasi qüvvələri ölkəni Rusiyanın da iştirakı ilə yeni savaşa çəkməyə çalışırlar: "Daşnaksütyun" və "Sasna Tsrer" kimi erməni ekstremist qruplaşmaları Ermənistan ordusunun məğlubiyyəti ilə hələ də barışmayıblar. Onlar tədricən Ermənistanı yeni müharibəyə çəkib, bunun sayəsində Paşinyan hakimiyyətini devirmək niyyəti güdürlər". Rus politoloq hesab edir ki, erməni ekstemistləri özləri vuruşmaq istəmirlər. Onların əsas planları ermənilərin maraqları uğrunda Rusiya və ya Fransa ordularının yeni savaşa bulaşdırılmasına nail olmaqdan ibarətdir: "Ona görə də erməni ekstremistləri Rusiya və Azərbaycan arasında ziddiyyətlərin yaranmasına da can atırlar". Ancaq rus politoloq bütün bunların son nəticədə Ermənistan üçün faciəvi nəticələr verə biləcəyi qənaətindədir. Onun fikrincə, hansısa mərhələdə rəsmi Bakının səbri tükənə bilər: "Ermənistanın hərbi birləşmələrinin fəaliyyətini dayandırmaq üçün Azərbaycan ordusu erməni qüvvələrinə sarsıdıcı zərbə endirə bilər. Ancaq bunu edərkən, sadəcə, Rusiya sülhməramlı qüvvələrinə zərər verməmək barədə də düşünmək lazım gələcək".
Göründüyü kimi, Kremlə yaxın rus politoloq yaxın gələcək üçün hadisələrin inkişaf istiqamətlərini təsvir etməyə çalışır. Belə anlaşılır ki, o, rəsmi Bakının Xankəndi və ətraf bölgədə hərbi əməliyyatlara başlaya biləcəyinə artıq əmindir. Əgər, belədirsə, onda rus politoloqun Kremldən müəyyən məlumatlar almış ola biləcəyi də qətiyyən istisna deyil. Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, Rusiya Kremlə yaxın rus politoloqların diliylə dolayısı ilə mesajlar verməyə çalışır. Həmin mesajlardan isə belə nəticə çıxarmaq olar ki, Azərbaycan Xankəndi və ətraf bölgədə hərbi əməliyyatlara başlasa, Rusiya sadəcə, müşahidə etməklə kifayətlənə bilər. Çünki, Xankəndi və ətraf bölgə Azərbaycan ərazisidir. Ermənistan isə üçtərəfli anlaşmalara israrla riayət etmir, öz ordusunun tör-töküntülərini bölgədən hələ də çıxartmaylb. Bu isə bölgədə müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinə də artıq ciddi problemlər yaratmağa başlayıb. Azərbaycan ilə münasibətlərini qətiyyən korlamaq istəməyən Kreml isə özünə yaxın rus politoloq vasitəsilə rəsmi Bakıdan yalnız hərbi əməliyyatlara başlayacağı təqdirdə, Rusiya sülhməramlı qüvvələrinə zərər verilməməsini istəyir. Və bu, yaxın vaxtlarda daha ciddi proseslərin başlaya biləcəyindən xəbər verir. /"Yeni Müsavat" Media Qrupu Ermənilər elə vəziyyət yaradıblar ki, Azərbaycan Xankəndi və ətraf bölgədə hərbi əməliyyatlara başlasa, Rusiya sadəcə, müşahidə etməklə kifayətlənə bilər; Mövcud situasiya bölgədə müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinə də artıq ciddi problemlər yaratmağa başlayıb...