Bu gün MİLLİ MUSİQİ GÜNÜdür ...
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. "AzerTaym.az" bildirir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Üzeyir Hacıbəyli 1908-ci il yanvarın 18-də Bakıda H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü.Hacıbəylinin "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Ü.Hacıbəyli milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü.Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub. Qeyd edək ki, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalın ilk konsertlərindən biri Şuşa şəhərində açıq havada keçiriləcək. Sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.