27 SENTYABR - TARİX OXUMAQDAN TARİX YAZMAĞA KEÇDİYİMİZ GÜN!

Dünyada itirdiyi əraziləri 30 il keçsə də unutmayan və qaytarmağı bacaran xalqlar çoxdurmu?

Bu ildən 27 sentyabr Azərbaycanda “ANIM GÜNÜ” kimi qeyd edilir və təbii ki, bu günün məhz belə adlandırılması daha düzgündür – şəhidlərimizə, onların ailə üzvlərinə, eləcə də bütünlükdə xalqımızın qan yaddaşına hörmət əlaməti olaraq. Ancaq bu gün həm də millətimizin yaddaşında uzun dövrdən bəri həsrət qaldığı şanlı qələbə tarixi yazmağımızın başlanğıc günü kimi qalacaq.

Haradan haraya gəldik...

Bu millət və dövlət 2020-ci ilin 27 sentyabrına olan durumuna, yəni böyük iradə, qətiyyət, iqtisadi, hərbi və siyasi güc əldə etdiyi günə, hər bir ailənin vətən uğrunda şəhid verməyə hazır olduğu ana qədər olduqca böyük yol keçib. Məhz bu yolda xalq və dövlət olaraq durmadan çalışmağımız, dözdüyümüz məhrumiyyətlər, çəkdiyimiz əziyyətlər bəhrəsini verdi - nəhayət, 1990-cı illərin əvvəllərindəki əzilmiş, aşağılanmış, sahibsiz, hətta bəzən ümidsiz bir xalqdan, dövlətdən bu gün bütün dünyanın barəsində danışdığı, Ukraynadan Gürcüstana qədər xalqların öz siyasi hakimiyyətlərinə nümunə göstərdiyi, Avstraliyadan ABŞ-a qədər orduların təcrübəmizi öyrəndiyi bir məmləkətə çevrildik. Əlbəttə ki, bu nailiyyət xalqın, millətin və dövlətin birgə zəhmətinin bəhrəsidir.

 

 

30 ildən də az vaxtda dikəldik, dirçəldik, gücləndik və haqq-halalımız olanı geri ala bildik. Əslində, 30 il unutmaq üçün kifayət edə biləcək qədər çox, lakin dirçəlmək, güclənmək üçünsə o qədər də böyük olmayan zaman kəsiyidir.

Qoy, bizi sevməyən xarici güclər və xüsusilə də daxildə öz xalqını bəyənməyənlər unutmasınlar ki, dünyada itirdiyi əraziləri unutmamağa və 30 ildən sonra qanı, canı bahasına qaytarmağa çox az sayda xalq nail olub. Rusiyanın “arxa bağçası” hesab edilən MDB məkanında isə bunu yalnız Azərbaycan bacarıb!

“Aprel döyüşləri”- ermənilər ağıllanmaq üçün son şansı necə qaçırdılar?

Hələ Mübariz İbrahimovun misilsiz, dastan olacaq qəhrəmanlığı göstərirdi ki, dünyanın ən böyük gücləri belə hər nə qədər çalışsalar, bu xalq Qarabağın itirilməsilə barışmayacaq.

 

 

2016-cı ilin “aprel döyüşləri” isə həm ermənilər, həm də onların havadarları üçün olduqca güclü bir siqnal idi. Bunu bir çoxları anlamasalar da, Ermənistan rəhbərliyindəki “Qarabağ klanı” qanmamış deyildi.

Ermənistanın o vaxtkı prezidenti, hərbi cani və erməni xalqının bugünkü faciələrinin əsas baiskarlarından olan Serj Sarqsyanın həmin döyüşlərdən sonra savaş bölgəsinə gələndə sifətinə çökmüş ifadə – qorxu, həyacan və qəzəb ondan xəbər verirdi ki, bu cinayətkar da artıq erməniləri yaxın gələcəkdə gözləyən faciəni dərk etmişdi(Həmin kadrlara baxsanız, bu gerçəkliyi görərsiniz).

 

 

Ermənistanda əksər politoloqlar, siyasətçilər bu gün də “Qarabağ klanı”nın hakimiyyəti bilərəkdən, asanlıqla, qansız-qadasız Nikol Paşinyana təhvil verməsini təsadüfi saymırlar. Ermənistanda çoxları hesab edirlər ki, xüsusilə “aprel döyüşləri”ndən sonra sarqsyanlar, koçaryanlar və digər məlum cinayətkar dəstə üzvləri işğal olunmuş torpaqların Azərbaycan tərəfindən geri qaytarılacağı anın elə də uzaqda olmadığını anlamışdılar. Məhz buna görə qarşıda Ermənistanı və erməni xalqını gözləyən acı, alçaldıcı və qaçılmaz məğlubiyyətə görə məsuliyyətdən boyun qaçırmaq üçün hakimiyyəti müvəqqəti də olsa əldən verməyə razılaşdılar.

44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətə və böyük insan itkisinə baxmayaraq, ermənilərin əksəriyyətinin yenə Paşinyana səs verməsinin səbəblərindən biri də “Qarabağ klanı”nın bu oyununun deşifrə edilməsi idi. Ancaq nə Koçaryan-Sarqsyan cütlüyü, nə də onlardan sonra gələnlər məğlubiyyətin bu qədər sürətlə və dəhşətli ölçülərdə olacağını, Azərbaycanın möhtəşəm zəfər qazanacağını təsəvvür etmirdilər...

“Paşinyan erası”nın başlanğıcı, Qarabağ işğalının sonu

İstər rəsmi səviyyədə, istərsə də cəmiyyətdə və beynəlxalq müstəvidə Qarabağdakı savaşı qaçılmaz edən səbəblərdən biri kimi Nikol Paşinyanın Qarabağa gedərək, “Qarabağ Ermənistandır” deməsi və Şuşada “şıllaq atması”, eləcə də ermənilərin o vaxtkı müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” tezisini səsləndirməsi göstərilir.

 

 

Ona görə də hadisələrə bu günün prizmasından baxanda ağıla ilk gələn şey “yaxşı ki, Paşinyan və komandası həmin səhvləri buraxdı” fikridir. Təbii ki, buna görə hardasa Paşinyana bir “təşəkkür borcumuz” da var. Lakin hər şeyi məhz bu səhvlərə bağlamaq sadəlövhlük olardı. Çünki Azərbaycanın bu savaşa girməsi və qələbə çalmasının daha fundamental və ciddi səbəbləri, əsasları var.

Onların sayı kifayət qədər çoxdur – buraya Azərbaycanın xalq və dövlət olaraq, bir an da Qarabağdan vaz keçməyi ağlının ucundan belə keçirməməsi, ordunun xüsusilə son 15 ilə yaxın müddətdə durmadan gücləndirərək, erməni ordusundan qat-qat üstün duruma gətirməsi, iqtisadi cəhətdən Cənubi Qafqazın ən güclü və stabil dövlətinə çevrilməsi, bütün basqılara rəğmən beynəlxalq arenada öz ölçülərinə görə nüfuz sahibinə çevrilməsi, səbrlə “X saatını” gözləməsi, nəhayət, Türkiyə ilə münasibətlərin ən üstün səviyyəyə qalxması və qardaş ölkənin bu münaqişəyə münasibətdə birmənalı və qətiyyətli mövqe tutması və s. daxildir. Bütün bu sadaladığımız və sadalamadığımız səbəblər Ermənistanı səhv etməyə və məğlub olmağa məhkum etmişdi – İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq.

Tovuz Qarabağdan çox da uzaqda deyilmiş...

Ermənistan ötən ilin iyulunda Tovuz istiqamətində təxribat törədəndə istər yerli, istərsə də xarici KİV-lər xüsusi olaraq bir məqama diqqət yetirirdilər ki, bu bölgə Qarabağdan yüzlərlə kilometr uzaq məsafədə yerləşir və Qərb üçün də strateji əhəmiyyət daşıyan enerji xətlərinin keçdiyi bu gərginlik ocağının Qarabağla əlaqəsi yoxdur. Ancaq cəmi iki ay yarım sonra Qarabağda başlayan savaş göstərdi ki, əslində Tovuz Qarabağdan çox da uzaqda deyilmiş və ermənilərin burada yandırdıqları atəş tezliklə od-alova çevrilərək Qarabağda öz başlarına yağdırılacaq.

 

 

Bəli, məhz Tovuz döyüşləri, oradakı igid oğullarımızın, generalımız Polad Həşimovun şəhadəti və bundan sonra Bakıda və Sumqayıtdakı xalq qəzəbinin, savaş tələbinin nümayişi Qarabağda bizi gözləyən qələbəmizin ilk carçısı oldu – Allahşükür Paşazadənin dediyi kimi, hansısa ayətullahın “fətvası” yox!

Artıq Tovuz döyüşləri havadan kəskin barıt qoxusu gəldiyini göstərirdi. Bu illər ərzində Azərbaycan Qarabağda qələbəyə aparan yolda lazım olan çox şey, bəlkə də hər şey etmişdi. Sanki bircə xalqın qəti iradəsi və savaş tələbi qalırdı, onu da Tovuzdakı hadisələrdən sonra Bakıda baş verənlər ortaya qoydu. Məhz buna görə hakimiyyət Milli Məclisin binasına daxil olan nümayişçilərlə belə, sərt davranmadı. Çünki hər kəs anlayırdı ki, bu, başqa bir mövzudur, spontan reaksiyadır, hətta xalq hərəkatıdır - nə hakimiyyət davası, nə də təxribat deyil...

“Beşinci kolon” ənənəvi rolunu oynaya bilmədi

Savaşın qaçılmaz olduğunu Paşinyan və komandası da gec də olsa anlamışdı. Müharibədən sonra Paşinyan deyirdi ki, müharibəni gözləyirdilər, sadəcə vaxtını dəqiq bilmirdilər. Bu da səbəbsiz deyildi. Çünki Azərbaycan Ordusundakı “beşinci kolon” təcrid olunmuşdu və artıq nə 1990-cı illər nə də 2016-cı ilin apreli deyildi...

 

 

Ona görə də Azərbaycanın əks-hücum planları barədə heç nə öyrənə bilməmişdilər. Əslində, 27 sentyabr öncəsi təkcə ordudakı deyil, ümumilikdə hakimiyyətin daxilindəki “beşinci kolon” da xeyli zəiflədilmişdi və onun hadisələrin gedişinə təsiri, daxildə təxribat törətmək, xaricdəki mərkəzlərin sifarişlərini yerinə yetirmək və onlara məlumat ötürmək imkanları minimuma endirilmiş, bunu edə biləcək əsas iri fiqurlar oyundan kənarlaşdırılımışdı.

Ermənilərin müharibəni təhlil edən hərbi ekspertlərinin böyük əksəriyyəti Ermənistanın ilk günlərdən məğlubiyyətə uğramasının əsəs səbəblərindən biri kimi həm də kəşfiyyat və hərbi əks-kəşfiyyat sahəsində yetərincə məlumatların əldə olunmaması, erməni kəşfiyyatının bu sahədə Azərbaycandan xeyli geri qalmasını göstərirlər. Sözsüz ki, buna da məhz “beşinci kolon”un mümkün qədər zərərsizləşdirilməsi hesabına nail olunmuşdu.

Nəhayət, 27 sentyabr bizi 10 noyabra – qələbəyə apardı. Doğrudur, hazırda 10 noyabr razılaşmasının bir neçə bəndi yerinə yetirilməmiş qalır – erməni qanunsuz hərbi birləşmələri hələ də Qarabağdadır, Zəngəzur dəhlizi açılmayıb, yollar, komunikasiyalar bağlı olaraq qalır, azərbaycanlı məcburi köçkünlərin Xankəndi, Xocalı da daxil olmaqla, yurd-yuvalarına dönüşünə şərait yaradılmır və s.

 

 

Rusiya isə öz “tarixi missiyasına” uyğun olaraq, qanunsuz erməni hərbi birləşmələrini dirçəltmək üçün dəridən-qabıqdan çıxır, öz kontingentinin sayını razılaşmada göstəriləndən dəfələrlə artıq saya çatdırır və sülhməramlı adıyla bir araya sığmayan saysız-hesabsız əməllər törədir.

Ancaq buna baxmayaraq, Azərbaycan xalqı və dövləti 27 sentyabr-10 noyabr aralığında özünün ölçüləri, dünyadakı güclər nisbəti, geosiyasi maraqların toqquşması və s. nəzərə alındıqda, 86.6 min kvadrat metrlik ərazisi(onun da 20 faizi işğalda idi) və 10 milyona yaxın müsəlman əhalisi ilə, hazırda eyni ölçülərə malik heç bir dünya ölkəsinin(İsraili saymasaq-red.) edə bilməyəcəyini etdi. Və bu gün dövləti sona qədər getməməkdə, qələbəni başa çatdırmamaqda günahlandıranlar ən azı qeyri-səmimidirlər. Çünki bu nailiyyət ordumuzun misilsiz şücaəti, əzmkarlığı, qəhrəmanlığı ilə yanaşı, həm də bizim bildiyimiz və bilmədiyimiz siyasi, geopolitik sədlər aşılaraq, gərgin müzakirələr, qarşıdurmalar, hətta olduqca təhlükəli risklər göz altına alınaraq əldə olunub...

 

Yeni 27 sentyabrlara hazır olan xalq və dövlət

 

Mixeil Saakaşvili Ukrayna televiziyasına açıqlamasında Azərbaycan Prezidentilə bir dialoqunu xatırlatmış və ölkə başçısının Gürcüstan və Azərbaycanın ortaq problemi olan işğal olunmuş torpaqların azad edilməsiylə bağlı ona söylədiyi bir fikrini vurğulamışdı: ”Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hazırlaşmalı, hər gün hazırlaşmalıyıq...” 

 

 

Bunu üzərindən neçə illər keçməsinə baxmayaraq, Saakaşvili unutmayıb, heç kim də unutmalı deyil. Çünki belə 27 sentyabrlar tariximizdə yenə olacaq. Könül istərdi ki, olmasın, şəhid xəbərləri gəlməsin, qan tökülməsin, enerjimiz, imkanlarımız orduya, savaşa, silaha yox, iqtisadi və sosial inkişafa, elmə, təhsilə və s. xərclənsin. Ancaq təəsssüf ki, yerləşdiyimiz region, bir tərəfdən böyük güclərin imperiya maraqları, digər yandan Ermənistan kimi qeyri-adekvat və xəstə təxəyyüllü qonşumuzun olması onu deməyə əsas verir ki, Cənubi Qafqazda istədyimiz və gözlədiyimiz aydın səma, sülh, əməkdaşlıq, qan-qadasız birgəyaşayış erası o qədər də yaxında deyil. Bu səbəbdən istənilən yeni savaşa, yeni 27 sentyabra hazır olmalıyıq – bu dəfə məğrur, qalib və yenilməz xalq və dövlət kimi!  /“AzPolitika.info” 

 

 






Fikirlər