“Diktator Kim və İran ayətullaları artıq gizlənə bilməyəcəklər...” - ABŞ yeni bombanı sınadı...
Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin 96-cı sınaq aviasiya qanadı GBU-72 betondağıdan bunker əleyhinə bomba sınaqlarını tamamlayıb. O, GBU-28-i əvəz etməlidir. 2,3 ton ağırlığında olan bomba JDAM (Joint Direct Attack Munition) təlimat dəsti ilə təchiz ediləcək. Gazeta.ru yeni Amerika silahının effektivliyini araşdırıb. Moderator.az həmin yazını oxucularına təqdim edir. ABŞ Hərbi Hava Qüvvələri potensial düşmənin komanda mərkəzlərinin, yeraltı hərbi komplekslərinin və nüvə obyektlərinin yerləşdiyi bunkerlərə girmək üçün bir vasitə ola biləcək perspektivli GBU-72 bombasını sınaqdan keçirib. 96-cı aviasiya qanadının F-15E Strike Eagle qırıcısı (ABŞ HHQ ”Eqlin” bazası, Florida) lazımi hədəf mühitinin yaradıldığı poliqona 11 kilometr yüksəklikdən GBU-72 Advanced 5K Penetrator bombasını atıb. “Eqlin” bazasının nümayəndələri sınağı “tarixdəki ən böyük” və “inanılmaz dərəcədə uğurlu” adlandırıblar. “GBU-72 bombasının əvəz edəcəyi GBU-28 ilə müqayisədə potensial düşmənin basdırılmış istehkamlarına xeyli çox ziyan vuracağı gözlənilir”, - deyə proqram rəhbəri Ceyms Kalliton bildirib. Bu bombaların hər ikisi daha çox dağıdıcı və deşici xüsusiyyətə malik döyüş sursatıdır - dərinə gedərək yeraltı hədəfə çata bilir və yalnız bundan sonra partlayır. GBU-28 bombasının 30 metrdən çox torpağa və ya 6 metr betona nüfuz edə biləcəyi məlumdur. ABŞ Sandia Milli Laboratoriyalarında aparılan sınaqlar zamanı bu bomba raket arabasına bağlanmışdı. Silahlar dağıldıqdan sonra ümumi qalınlığı 6,7 metr olan dəmir-beton plitələri deşmişdi və hətta daha yarım kilometr uçmaq üçün kifayət qədər kinetik enerjini saxlamışdı. GBU-28 də 2,3 ton ağırlığındadır (bəzi mənbələr onun 1,8 ton olduğunu iddia edir). Silahlı qüvvələrin arsenalına qəbul edildikdən sonra ABŞ Hərbi Hava Qüvvələri ondan İraqdakı yeraltı bunkerləri məhv etmək üçün istifadə etmişdi. GBU-72-nin dəqiq təsir xüsusiyyətləri barədə məlumat verilmir. Çox güman ki, GBU-28 ilə müqayisə oluna bilər və ya ondan daha güclüdür. Eyni zamanda ABŞ Hərbi Hava Qüvvələri komandanlığı yeni bombanın daha dəqiq olacağına xüsusi diqqət yetirir. O, JDAM naviqasiya sistemi və dəyişdirilmiş quyruq qurğusu ilə təchiz edilib. Bu təkmilləşdirmələr bombanı uçuşda idarə etməyə imkan verir. Əvvəllər JDAM-dan istifadə edən bombaların maksimum çəkisi 907 kq idi. JDAM-lı bombalar GPS qəbuledicisi ilə bərabər inteqrasiya olunmuş inersial idarəetmə sistemi ilə hədəfə yönəldilir. İnfraqırmızı və lazer şüaları ilə yönləndirilən bombalardan fərqli olaraq, yer səthi üzərindəki əlverişsiz şərait - duman, güclü qar, tüstü və ya qum fırtınası səbəbindən atmosferin qeyri-şəffaflığı onların istifadəsinə mane olmayacaq. GBU-72 yerə, qaya və ya betona nüfuz etdikdən sonra tam olaraq göstərilən dərinlikdə partlayış təmin edən əlavə bir elektron qoruyucu ilə təchiz edilib. “GBU-72 dairəvi sapmanı bir neçə metrə qədər azalda bilən JDAM avadanlığı ilə birlikdə əvvəllər yalnız nüvə silahları üçün mövcud olan hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verir”, - deyə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat üçün yaydığı açıqlamasında bildirilir. GBU-72 bombası ABŞ-ın qırıcı və bombardmançı təyyarələrini təchiz etmək üçün nəzərdə tutulsa da, Hərbi Hava Qüvvələrinin rəhbərliyi bu tip döyüş sursatının istifadəsi üçün konkret hansı təyyarələrdən istifadə edəcəyini açıqlamır. ABŞ Hərbi Hava Qüvvələri onu 2022-ci ildə almağı planlaşdırır. 125 bombadan ibarət ilk partiyanın dəyəri 36 milyon dollar olacaq. ABŞ Hərbi Hava Qüvvələrinin ən azı 2000 belə bomba alması planlaşdırılır. Tam müqavilənin müddəti hələ ki, açıqlanmayıb. “Perspektivli bunker əleyhinə bombalardan istifadə etmək üçün mümkün hədəflərdən biri Şimali Koreyadır. Bu ölkədə yeraltı nüvə istehsal sahələri, KXDR silahlı qüvvələrinin basdırılmış istehkamları, hərbi və siyasi rəhbərliyin qərargahının yerləşdiyi obyektlər var. Bu, İran üçün də keçərlidir: bu tip aviasiya silahlarının istifadəsi üçün başqa bir ehtimal olunan hədəf məhz İrandır”, - deyə Brukinqs İnstitutunun tədqiqat direktoru, hərbi ekspert Maykl O'Hanlon “Air Force Times” qəzetinə bildirib. “1