Makronun gecikən Ermənistan səfəri - Bakının əngəli, yoxsa Paris “valı” dəyişir?

Fransa da daxil, “Minsk üçlüsü” yeni status-kvonu qəbul etmək zorundadır; həmsədrlər yenə bölgəyə səfərə hazırlaşır; bu, onların son səfəri də ola bilər, əgər...

Vətən müharibəsindəki böyük Zəfərimizin ilk ildönümü yaxınlaşdıqca bölgə ətrafında siyasi-diplomatik fəallıq da artır. Saatlar təzədən tutuşdurulur, dost-müttəfiqlər bir daha dəqiqləşdirilir. Paralel surətdə toqquşan mövqelərin uzlaşdırılmasına cəhdlər edilir. ATƏT-in üzdəniraq Minsk Qrupunun həmsədrlərinin gözlənilən bölgə səfərini də bu gəlişmələr kontekstində dəyərləndirmək lazım gəlir.

Belə görünür ki, onlar, xüsusən də Fransa artıq çıxıb getməkdə olan qatarın heç olmasa, axırıncı “vaqonu”na özlərini atmağa çalışırlar. Çünki ötən bir illik zaman kəsiyi göstərdi ki, “üçlüyün” Bakıya qarşı ortaq, yaxud əlahiddə təhdidlərinə rəğmən, Azərbaycan dövləti öz prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil. Eyni zamanda rəsmi Bakı həmsədrlər üçün cızdığı “qırmızı xətti” sonuncuların keçməsinə izn və imkan verməyəcək. Buna onlar tam əmin oldular.

Qırmızı xətt isə “status” məsələsidir. Yəni Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü, daxili inzibati-ərazi bölgüsünü kimsə ilə müzakirə edəsi deyil. Boşuna vaxt itirməsinlər. Bu yuridik çərçivədə isə nə qədər istəyir danışa, müzakirə apara bilərlər. Bir də yaxşı olar, 27 ildir himayə elədikləri “mədəni” ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri, vandallıqları gedib öz gözləri ilə görsünlər. Görəcəklərmi, görmək istəyəcəklərmi? Bir azdan biləcəyik...          

*****

ATƏT-in Minsk qrupu həmsədr ölkələri nümayəndə heyətləri rəhbərlərinin birgə bəyanatı - Azərbaycanda ABŞ səfirliyi

“Üçlük”də ölkəmizə qarşı ən ədalətsiz mövqedə dayanan isə Fransadır. Onun prezidenti Emmanuel Makron və parlamentidir. Heç təsadüfi deyil ki, hələ 2-ci Qarabağ savaşından illər öncə (2018, oktyabr) Frankofoniyanın İrəvan sammitinə qatılan Makron hətta baş nazir Nikol Paşinyanla rəqs eləsə də, buradan-bura Bakıya “xala xətrinə” baş çəkməmişdi. Halbuki onun sələfi Fransua Olland saxta “soyqırımı” iddiasının 100-cü ildönümü ilə bağlı (2015) İrəvanda olsa da, Bakıya da gəlmiş, buradan öz vətəninə uçmuşdu.

Bu ilin iyununda isə Paşinyan Fransaya işgüzar səfəri çərçivəsində E.Makronla görüşmüş və öz Facebook səhifəsində etdiyi paylaşımda yazmışdı ki, Makronun Ermənistana səfəri çoxdan planlaşdırılıb və pandemiya da daxil olmaqla, bir sıra səbəblərdən təxirə salınıb. “O, (Makron - red.) dəvəti təsdiqlədi və bu payızda İrəvana gələcək”, - Paşinyan sevinclə anons eləmişdi.

Lakin payızın ortasında olsaq da, Makrondan xəbər-ətər yoxdur. Düşünmürük ki, bu yalnız pandemiya ilə bağlıdır. Əvvəla, Fransa prezidenti İrəvana təşrif buyursa, bu dəfə Bakıya da gəlməlidir, çünki bayırda indi 2018 yox, 2021-ci ildir. İkincisi, Fransa hələ də özünü həmsədrlərdən biri, yəni vasitəçi sayır. Vasitəçi isə qərəzsiz olmalıdır. Əks təqdirdə, vasitəçilikdən könüllü imtina eləməlidir. Belə qərarı həm də elementar siyasi etika tələb edir. Əfsus ki, bunu rəsmi Parisin simasında görmürük. Hərçənd xeyrimizə olan bəzi pozitiv gəlişmələr, siqnallar da var.

*****

Fransa Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min avro ayırıb - son xeberler

Məsələn, Fransa işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi işində bizimlə əməkdaşlıq eləməyə başlayıb. Artıq bu mövzuda Bakıda səfir Zakari Qrosla müzakirələr də aparılıb və ilkin razılıq əldə olunub. Ötən həftə isə Fransadan nüfuzlu bir nümayəndə heyəti ölkəmizdə olmuş, görüşlər keçirmişdi. Müzakirə mövzularından biri də minalarla bağlı idi.

Söhbət Fransanın Piyada əleyhinə minaların məhv edilməsi üzrə milli komissiyasının (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərindən gedir. Müdafiə naziri Zakir Həsənovla görüşdə cənab Çeşnel Vətən müharibəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra rəhbərlik etdiyi komissiya tərəfindən azad edilən ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə lazımi köməklik göstərməyə hazır olduqlarını qeyd eləmişdi.

Bütövlükdə hiss olunur ki, rəsmi Paris də Bakının 44 günlük müharibədə öz möhtəşəm qələbəsi ilə yaratdığı yeni status-kvonu ağrılı olsa da, qəbul eləməyə başlayıb. Doğrudur, Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı Fransa prezidentinin təbrik məktubunu görmədik, halbuki sentyabrın 21-də Ermənistanın saxta müstəqilliyinin 30-cu ili ilə əlaqədar o, bu ölkənin rəhbərliyinə məxsusi təbrik ünvanlamışdı. Azərbaycana gələndə isə Paris yalnız Bakıdakı səfirliyin quru təbrik paylaşımı ilə kifayətləndi. Düzdür, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) Müstəqillik Günü (28 May) deyil. Bununla belə, fərqli yanaşma ortadadır...

*****

Makron “kiçik bacı”nın fransız vəkili rolunda - "İki sahil"

Bu da aydındır ki, Ermənistan Fransadakı güclü erməni lobbisinin varlığı və xristian amilinə görə Ermənistanı həmişə özünə “bir köynək” yaxın biləcək, nəinki bölgənin açar dövləti Azərbaycanı. Ermənistan Fransanın “kiçik bacısı” yarlığını boşuna daşımır ki.

Lakin Fransa uzaqda, “kiçik bacı” isə Azərbaycanın qonşuluğundadır. Yəni özünü abırlı, ağıllı aparmaq, bizimlə dil tapmaq zorundadır ki, dinc-sakit şəraitdə yaşaya bilsin, vaxtaşırı cəzalanmasın. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya düşməsini diktə edir.

Demək, fransızların ermənilərə ən böyük yaxşılığı iki qonşu ölkənin barışığına kömək eləmək ola bilər ki, bu da Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasından keçir. Fransa öz gəzəyən “bacı”sının başına bu yöndə nə qədər tez ağıl qoysa, hamı üçün, o cümlədən Fransa üçün bir o qədər faydalı və ən düzgün yol olar. Elə ümumən həmsədr ölkələr üçün də!

Bu mənada həmsədrlərin bölgəyə səfəri sonuncu da ola bilər. Onlar “özlərini” ya yandıracaqlar, ya da nəhayət, 27 ildə ilk dəfə olaraq faydalı bir işin qulpundan yapışmalı olacaqlar. Əks halda, status kimi, Minsk Qrupunun da taleyinə “gorbagorluq” yazılacaq...

“Yeni Müsavat”

 
 






Fikirlər