Qarabağın hava qapısından verilən MESAJLAR...
Oktyabrın 26-da Azərbaycanda daha bir möhtəşəm hadisə reallaşdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Ərdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu müşayiət edirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında İlham Əliyev şəxsən qarşıladı. Qardaş ölkə liderlərinin səmimi görüşündən sonra tarixi hadisə gerçəkləşdirildi: Ərdoğanın “Ya Alah, bismillah” sözlərini söyləməsindən və Qarabağın hava qapısı olan Füzuli Hava Limanının açılışını bildirən qırmızı lentin kəsilməsindən sonra “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Qarabağın hava yolunun simvolik açarını prezidentlərə təqdim etdi. Bu, həm də o deməkdir ki, illər boyunca Qarabağın açarını başqa ünvanlarda axtaranlar yanılıblar, Qarabağın açarı özümüzdə, əmin əllərdədir, kimsə yanlış fikrə düşməsin! Ərdoğanın Füzuliyə gəlməsi həm dost və qardaş ölkələrə, həm də düşmənlərə, onlara havadarlıq edənlərə yönəlik mesaj oldu: hər kəs öz hesabını götürəcək, şübhəsiz. Bundan sonra Azərbaycanla hesablaşmayanlar özünü layiq olduğu yerdə görəcək.
*** Beləliklə, 26 oktyabr 2021-ci ildə baş verənlər Azərbaycan tarixinə və qələbələrimizin sırasına yazılan möhtəşəm hadisələrdəndir. Bəli, Qarabağın hava qapısı açıldı və qardaş Türkiyənin hörmətli prezidenti Pəcəb Tayyib Ərdoğan Füzuliyə öz təyyarəsi ilə gəldi. Cəmi bircə il öncə belə bir mənzərəni təsəvvür etmək də zor idi. Amma biz Azərbaycan və Türkiyə olaraq, çox çətinlikləri - zorluqları aşdıq və tariximizi yenidən yazdıq. Azərbaycan 44 günlük müharibə ilə Güney Qafqazda bütün dəngələri dəyişdirdi, yeni gerçəklik yaratdı, yeni əməkdaşlıq platformaları və formatları təmin etdi. Azərbaycan 102 il sonra Türkiyəni Güney Qafqazın siyasət və hərb səhnələrinə qaytara bildi - təbii ki, bunu iki prezident bərabər və cəsur siyasət sərgiləyərək həyata keçirdə bildilər. İndi isə bu bərabərlikdən böyük proseslər yaranmaqdadır! Türkiyə liderinin son bir ildə Qarabağa ikinci dəfə səfər etməsi həm də ciddi xəbərdarlıqdır. Bununla Ərdoğan Azərbaycan ərazilərinə göz dikənlərə və onların himayədarlarına qəti sözünü demiş oldu: bir daha bu torpaqlara göz dikməyin, əks halda, Azərbaycanla birlikdə gözlərinizi tökərik! Bu səfərlər həm də Türkiyəni bölgəyə buraxmaq istəməyənlərin də təslimçiliyinin rəsmiləşməsi deməkdir. Türkiyə bütün varlığı ilə Azərbaycandadır, həm də Qarabağdadır! ***
Azərbaycan və Türkiyənin dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun - Zəngəzur dəhlizi - təməlini qoyublar. Prezidentlər əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular. Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular. Bununla da Zəngəzur dəhlizi ilə bağlı erməni tərəfinin müxtəlif vaxtlarda sərgilədiyi qeyri-konstruktiv mövqeyin üstündən birdəfəlik xətt çəkmiş oldular. Zəngəzurdan Naxçıvana, oradan da Türkiyəyə uzanacaq avtomobil yolunun bir hissəsinin təməlinin qoyulması faktı həm də o deməkdir ki, dəhlizin reallaşması Türkiyə üçün də “olmazsa, olmazdır”. Əks halda, Türkiyənin hava və quru yol qapılarının Ermənistan üçün açılması müşkülə dönəcək. Yolu Türkiyə və Azərbaycanın birgə inşası həm də ondan xəbər verir ki, gələcəkdə dəmir yolu və avtomobil yolunun mühafizəsi də birgə həyata keçiriləcək, təbii ki, Rusiyanın da iştirakı ilə. Qeyd edək ki, Zəngəzur dəhlizi - Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Bundan əvvəl həm Azərbaycan, həm də Türkiyə liderləri Zəngəzur dəhlizinin açılacağı ilə bağlı qəti mövqe ifadə etmişdilər. Bu qətiyyətin, iradənin ardınca dəhlizin bir parçası olan yolun təməlinin qoyulması da ali iradənin öz sözünü sonadək deyəcəyindən xəbər verir.
Qafar Çaxmaqlı Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Türkiyə prezidentinin hər səfərində ölkələrimizin qardaşlıq və hərbi anlamda strateji münasibətlərinə yeni çalarlar gəlir: “İndiki həssas dönəmdə Türkiyə dövlət başçısının Qarabağa səfərində önəmli mesajların verildiyi şəksizdir. Şübhəsiz, həm müharibə dövründə, istərsə də ondan sonrakı dövrdə şəxsən Ərdoğanın rolu çox olmuşdur. Ən önəmli məsələlərdən biri odur ki, regional kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasında bu səfər dünyaya önəmli mesaj deməkdir. Həm də bu səfər Türkiyə prezidentinin təklif etdiyi 3+3 formatının həyata keçirilməsində qərarlılığının nümayişidir. Füzuli hava limanına bu səviyyədə uçuşun gerçəkləşməsi də artıq bir mesajdır və onun əhəmiyyəti ölçüyəgəlməz dərəcədədir”. Ekspert hesab edir ki, Türkiyə Prezidenti Azərbaycan lideri ilə birgə beynəlxalq ictimaiyyətə bir daha sülh mesajı vermiş oldu.
Q.Çaxmaqlının sözlərinə görə, Zəngəzur dəhlizinin təməlinin atılması o deməkdir ki, bu işin dönüşü yoxdur: “Ermənilər bunu anlamalıdırlar. Rusiyanın özünün də bu dəhlizin açılması maraqlarına uyğundur. Bölgənin əsas aktyorlarından biri Rusiyadır və hesab edirəm ki, bu iş razılaşma ilə edilib. Ermənistanın manipulyasiya mövzusu etdiyi Hindistan-İran-Ermənistan-Gürcüstan-Avropa proyekti perspektivsizdir”.
Vüqar Bayramov Deputat Vüqar Bayramov Türkiyə liderinin açılış törəninə gəlməsini ciddi hadisə kimi səciyyələndirir. Eyni zamanda deputat hava limanının böyük iqtisadi əhəmiyyət kəsb etdiyi qənaətindədir: “Füzuli Beynəlxalq Hava Limanı ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabalığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanının əhəmiyyəti daha da artacaq. Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcək. Əvvəla, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər yolu da hazırdır və bu da o deməkdir, xarici və yerli nümayəndələr hava limanı vasitəsilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklər. İkincisi, Füzuli Beynəlxalq Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhfə vermiş olacaq”.
Elxan Şükürlü Politoloq Elxan Şükürlü Ərdoğanın Füzuli səfərini olduqca böyük hadisə hesab edir: “Rəsmi açılış mərasimi bütün dünyaya Şuşa Bəyannaməsi ilə möhkəmləndirilən Türkiyə-Azərbaycan ittifaqının gələcək hədəflərinin vahidliyinin növbəti aydın mesajı, eyni zamanda hər iki ölkənin içdəki-çöldəki düşmənlərinə tərs bir şapalaq oldu. Beləliklə, 26 oktyabr 2021-ci il Türkiyə və Azərbaycanın qardaşlığının daha bir rəmzinə çevrildi, şərəfli tariximizə qızıl hərflərlə yazıldı. Türkiyə və Azərbaycan, bütün Türk dünyası üçün xeyirli, uğurlu olsun! Elşad PAŞASOY,Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər; Zəngəzur dəhlizindən keçəcək avtomobil yolunun təməli qoyuldu
“Yeni Müsavat”