Laçın dəhlizi bağlansa, erməni terrorizmi boğulacaq: Ruslar göz yumur, rəsmi Bakı qəti qərar verəcək...
Ermənistanın dövlət siyasətində terror-diversiya fəaliyyətinin planlaşdırılması və idarə olunması xüsusi yer tutur. Rəsmi İrəvanın son davranışları da bunu təsdiqləyir. Və artıq terror-diversiya fəaliyyətinin gücləndirildiyi də açıq-aşkar nəzərə çarpır. Bu fəaliyyətin açıq müstəviyə keçirilməsinə isə bir müddət öncə ABŞ-da azadlığa buraxılmış erməni terrorçunun Ermənistana gətirilərək, bu beynəlxalq cinayəkara sığınacaq verilməsi ilə başlanılıb. ASALA erməni terror təşkilatının üzvü olan, Türkiyə diplomatlarına qarşı qətllər törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Ambuk Sasunyan indi Ermənistanın "fəxri vətəndaşı"dır. Və bu, özünü dünyada "demokratiyanın beşiyi" kimi təqdim etməyə çalışın ABŞ-da fəaliyyət göstərən erməni diasporunun lobbiçilik fəaliyyəti sayəsində mümkün olub. Belə görünür ki, ABŞ-ın "demokratiya beşiyi" erməni terrorçu-diversantları heç də pis yırğalamır. Ermənistan mətbuatı isə həmin erməni terrorçunu hələ də "qəhrəman" kimi təqdim etməkdədir. Yəqin ki, İrəvanda terrorçu Qaregin Njdenin heykəlinin yanında tezliklə bu cinayətkara da abidə qoyulacaq.
Söhbət heykəllərdən düşmüşkən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisində ucaldılmış bir abidə də diqqəti çəkir. Xankəndi və ətraf bölgədə "sülhməramlı missiya"nın icrasına başlamasının ildönümündə Rusiya həmin ərazidə öz əsgərinə abidə ucaltdı. Abidədə bölgəyə guya sülh gətirmiş rus əsgəri və ona sığınmış azyaşlı erməni qız təsir olunub. Qeyd etmək lazımdır ki, belə bir abidənin ucaldılması, Rusiyanın Azərbaycana qarşı hərbi-siyasi cəhətdən, yumşaq desək, ən azından qeyri-etik davranması anlamına gəlir. Çünki, Azərbaycan ordusu ermənilərdən fərqli olaraq, uşaqlarla və dinc əhali ilə vuruşmur. Yəni, rus əsgərinin də yaşından asılı olmayaraq, hər hansı erməni qızı Azərbaycan ordusundan qorumasına qətiyyən ehtiyac yoxdur. Əksinə, azyaşlı erməni qızlarını Azərbaycan əsgərləri rus hərbçilərdən daha yaxşı qoruya bilərlər. Və Kremldə də qətiyyən unutmasınlar ki, rus hərbçilərin yaşından asılı olmayaraq, erməni qızlarını Xankəndidə fəaliyyət göstərən pritonlarda necə "qoruduqlarını" artıq hər kəs bilir. Ona görə də, Kremlin rus əsgərinə ucatldığı həmin qeyri-etik abidə ilə verməyə çalışdığı mesaj yenə də dünyanın ən böyük yalanlarından biridir. Çünki son hadisələr də göstərir ki, rus sülhməramlılar müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazisində dinc əhalini deyil, məhz yaxşı təlim keçmiş erməni terrorçu-diversantları qoruyurlar. Əli silahlı erməni terrorçuların Azərbaycan torpaqlarında toxunulmazlığını təmin edirlər. Sübutların axtarılmasına isə qətiyyən ehtiyac yoxdur, hər şey açıqda, aşkardadır. Bir müddət öncə, yəni rus əsgərinə qeyri-etik abidənin ucaldıldığı ərəfədə Xankəndi və ətraf bölgədə hələ də fəaliyyət göstərən separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan xüsusi “proqram” əsasında yerli əhalini silahlandıracağını bildirmişdi. Üstəlik, Rusiya prezidenti Vladimir Putinə minnətdarlıq edən Araik Arutyunyan “Rusiya sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik” demişdi.
Göründüyü kimi, separatçı-terrorçu kütləvi silahlanmadan bəhs edir və bu məsələdə rus sülhməramlılardan dəstək aldıqlarına da eyham vurur. Əslində isə terrorçu demək istəyir ki, rus sülhməramlıların əsas missiyası qeyri-qanuni silahlı erməni diversiya dəstələrini himayə etməkdən ibarətdir. Ermənistan baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalamasından artıq bir il ötsə də, rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə gizlənən erməni quldur dəstələrinin hələ də tərk-silah edilməməsi də terrorçunun eyhamını təsdiqləmiş olur. Deməli, rus sülhməramlılar ya öz missiyalarının öhdəsindən gələ bilmirlər, ya da deyildiyi kimi, sadəcə, məhz terrorçuları himayə edirlər. Bir müddət öncə Şuşa ətrafında erməni terrorçuların su borularını təmir etmək bəhanəsi ilə diversiya aktı törətməyə cəhd göstərmərmələri də bunu təsdiqləyir. Həm də bu cəhd Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində dövlət tədbirlərinin keçirildiyi günə "təsadüf" etmişdi. Və nə qədər qəribə də olsa, rus sülhməramlıların diqqətini cəlb etməyən diversiya aktının qarşısı məhz Azərbaycan əsgərlərinin ayıq-sayıqlığı sayəsində alınmışdı. Ancaq rus sülhməramlılar hələ də rəsmən izah edə bilməyiblər ki, Azərbaycanın dövlət başçısının iştirakı ilə tədbirlərin keçirildiyi bir vaxtda "su borusu təmir edən" erməni terrorçuların həmin ərazidə nə işi var idi? Niyə "su borularını məhz həmin gün və həmin saatda təmir etmək" niyyətinə düşmüşdülər? Rus sülhməramlılar missiyalarının müddəti bitmədən, yəni vaxtından əvvəl bölgədən çıxarılmalarını istəmirlərsə, mütləq bu suallara cavab verməlidirlər və gələcəkdə onların yenidən gündəmə gəlməməsinə çalışmalıdırlar.
Ancaq görünən odur ki, hələlik rus sülhməramlılar bu işin öhdəsindən ya gəlmirlər, ya da sadəcə, gəlmək istəmirlər. Çünki rus sülhməramlı qüvvələrin müvəqqəti dislokasiya olunduğu bölgədə növbəti terror aktı törədilib. Erməni terrorçu Azərbaycan əsgərlərinin blok-postuna əl qumbarası atıb. Terror hadisəsi nəticəsində bir neçə əsgərimiz yaralanıb. Erməni terroru rus sülhməramlılar tərəfindən tutulub. Ancaq qəribə də olsa, erməni terrorçu Azərbaycan tərəfinə deyil, məhz separatçılara təhvil verilib. Yəni, terrorçunu elə terrorçuların özlərinə qaytarıblar. Yəqin ki, Ermənistan mediasında artıq "qəhrəman" kimi təqdim olunan bu terrorçunu bir müddət sonra ümumiyyətlə, azadlığa buraxacaqlar. Və erməni terrorçu cəzasızlıqdan ruhlanaraq, növbəti diversiya aktları planlaıdıracaq. Bu terror aktı da sübut edir ki, 8 noyabrda "su borularını təmir etdiklərini iddia edən" ermənilər də diversiya planı ilə Şuşa şəhərinə yaxınlaşmışdılar. Məhz Azərbaycan hərbçiləri ən doğru qərarı qəbul edərək, erməni terrorçu-diversantlarını tam vaxtında zərərsizləşdirmişdilər. Əgər, bu məsələ rus sülhməramlıların öhdəsinə buraxılmış olsaydı, hansı hadisələrin baş verə biləcəyi qeyri-müəyyəndir. Təbii ki, bütün bunlar planlı və eyni mərkəzdən idarə olunmaqla, baş verir. Belə ki, son vaxtlar rəsmi İrəvan da oxşar diversiya-təxribatlar törətməyə çalışır. Əvvəlcə, ordusu olmayan Ermənistanın müdafiə naziri Azərbaycan ərazinə göndərilir. Sonra 60 nəfər erməni hərbçi sərhəd bölgəsində Azərbaycan əsgərlərinin postu yaxınlığında peyda olur. Onlar tərksilah olunsalar da, təxribatlara gözlərini qapadan rus hərbçilərin xahişi ilə geri qaytarılır. İndisə Azərbaycan blok-postuna erməni terrorçu əl qumbarası atır.
Təbii ki, bu qədər təsadüf ola bilməz. Ermənistanın terror, diversiya və təxribatdan başqa ümid bəsləyə biləcəyi heç nə qalmayıb. Ona görə də, bacardıqları bu yeganə vasitədən istifadə etməyə çalışırlar. Və ermənilərə terror dalğasını genişləndirmək imkanı vermək olmaz. İndi Azərbaycanın sürətlə əks addımlar atmasına ehtiyac var. İlk növbədə Laçın dəhlizi ilə bağlı məsələni həll etmək vacibdir. Ermənilər Laçın dəhlizindən Azərbaycana qarşı terror üçün istifadə edilə bilməyəcəyini anlamalıdırlar. Ümumiyyətlə, həmin dəhlizin Azərbaycan ərazisi olduğu və istənilən vaxt rəsmi Bakının siyasi iradəsi ilə qapdıla biləcəyinin sərt mesajı verilməlidir. Erməni terrorçunun son cinayəti də buna tamamilə əsas verir. Bu terror aktından sonra rəsmi Bakının Laçın dəhlizini ya tam qapatmaq, ya rus sülhməramlılar ilə birgə nəzarət etmək barədə düşüncəyi qətiyyən istisna deyil. Çünki, ermənilər bölgəni xaos məkanına çevirməyə cəhd göstərirlər. Və ermənilərə belə imkanı vermək olmaz. Nəhayət, rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisində qalan silahlı erməni terror dəstələri ilə bağlı problemin həll edilməsinin də vaxtı çatıb. Ya rus sülhməramlılar üçtərəfli anlaşmalara uyğun şəkildə öz missiyalarını icra etməlidirlər və erməni terror dəstələrindən silahları yığıb, onları Azərbaycan ərazisindən çıxartmalıdırlar. Ya da Azərbaycan ordusu antiterror əməliyyatlarına başlayaraq, bu məsələni rus sülhməramlıların iştirakı olmadan, özü birdəfəlik həll etməlidir. /"Yeni Müsavat" Ermənilər rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisində terror və xaos məkanı yaratmağa can atırlar; Rus sülhməramlılar öz missiyalarına uyğun olaraq, erməni terror dəstələrini tərksilah edib, Azərbaycan ərazisindən çıxartmalıdırlar, əks halda, Azərbaycan ordusu antiterror əməliyyatlarına başlamaq məcburiyyətində qala bilər...