ABŞ-Avropa Birliyi ziddiyyətləri dərinləşir: Rusiya əleyhinə ittifaq parçalanır...

AUKUS blokunun yaradılmasından sonrakı dövrdə Avropa Birliyi bu anqlosaks hərbi blokunun üzvlərinə şübhə ilə yanaşır; ABŞ və Avropa Birliyi arasında münasibətlər daha da kəskinləşərsə, yaxın gələcəkdə açıq siyasi münaqişə qaçılmaz ola bilər...

ABŞ yeni dünya düzəninin qurulması prosesində avanqard ölkə rolunu öz üzərinə götürməyə cəhd göstərir. Hazırda Ağ Ev beynəlxalq siyasət məkanında hələlik "parçala, hökm sür" prinsipinə üstünlük verir. Və bu prinsipi bir çox istiqamətlər üzrə tətbiq etməyə çalışır.

Ona görə də, indi dünyada nəhəng dövlətlər arasında uzlaşan maraqlar mənafe ziddiyyətlərinin arxasında qalıb. Beynəlxalq məkanda müttəfiqlik sadəcə, formal xarakter daşımağa başlayıb. Və nəhəng dövlətlərin maraqlarının uzlaşdırılmasına məhz Ağ Evdən edilən kobud müdaxilə beynəlxalq xaosun çox da uzaqda olmadığını göstərir.

Məsələ ondadır ki, Bayden administrasiyasının çoxqütblü parçalanma ssenariləri normal siyasi-iqtisadi münasibətləri bloklayır. Böyük ehtimalla Ağ Evdə ABŞ-ın süquta uğrama təhlükəsini yalnız bu yolla əngəlləyə biləcəkləri qənaətə gəlməyə başlayıblar. Yəni, beynəlxalq ortaqlıqların pozulması nəhəng ölkələri birgə inkişaf perspektivlərindən uzaqlaşdırdıqca, ABŞ-ın öz daxilindəki parçalanmadan xilas olana qədər superdövlət statusunu da qorumasına imkan verə bilər.

ae13c3089dac89aed95233a64413986d.jpg (198 KB)

Bayden administrasiyası hazırda ABŞ-ın daxili problemlərini və süquta doğru istiqamət almasını Rusiya və Çinə qarşı düşmənçilik siyasəti altında gizlətməyə çalışır. Ağ Ev "demokratiya sammiti" keçirməklə, dünyanı siyasi-ideoloji cəhətdən iki yerə parçalamaq xəttini ön plana çıxarıb. Rusiyanı açıq hədəf vəziyyəti ilə üzləşdirnək niyyəti açıq aşkar nəzərə çarpır. Və bütün bunlar ABŞ-ın bütün "dostlar"ının maraqlarını ifadə etmədiyi də açıq şəkildə nəzərə çarpır.

Məsələ ondadır ki, Almaniya və Fransa Rusiyanın sıxışdırılmasına müsbət yanaşsa da, ABŞ və NATO-nun himayəsinə ümid bəsləyən Ukraynanın  Donbas siyasətinə də qarşı çıxır. Hər iki ölkə Rusiya əleyhinə beynəlxalq sanksiyalara qarşı olmasa da, Donbas böhranının məhz Minsk Qrupu çərçivəsində həlli olunmasında israrlı mövqe tutur. Və bu, Rusiyanın maraqları böyük ölçüdə ilə uzlaşır.

Digər tərəfdən, Almaniya və Fransa ABŞ-ın Rusiya enerji resurslarının Avropa məkanına nəqlinin bloklanması siyasətini də dəstəkləmir. Çünki hələlik Avropa məkanı üçün Rusiya enerji resurslarının alternativi mövcud deyil. Ona görə də, bu iki ölkə ABŞ-ın strateji maraqları ucbatından Avropa Birliyinin enerji resurslarından məhrum qalmasını istəmirlər. Və Avropa məkanında yaşanan təbii qaz böhranı Ağ Evin bu siyasətinin nə qədər təhlükəli olduğunu bir daha göstərmiş oldu.

Ancaq ABŞ və Avropa nəhəngləri arasında olan ziddiyyətlər yalnız bunlarla da məhdudlaşmır. Ağ Evin Böyük Britaniyanı Avropa Birliyindən uzaqlaşdırmasından sonra bu qurumun gələcək taleyi ilə bağlı müəyyən şübhələrin yarandığı da inkaredilməz reallıqdır. Ağ Evin ABŞ qarşısında ən ciddi siyasi-iqtisadi rəqib rolunu oynayan Avropa Birliyini demontaj etməyə çalışdığını anlamaq o qədər də çətin deyil.

1632220872256.jpg (64 KB)

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev Almaniyadakı hərbi bazaların Polşaya daşına biləcəyi ilə bağlı eyhamlar vurmaqla, Rusiya enerji resurslarının əsas alıcılarından olan bu ölkəyə təzyiq göstərir. Həmin hərbi bazalar Almaniya iqtisadiyyatında önəmli paya sahibdir. Çünki Almaniyanın bir çox nəhəng şirkətləri üçün xarici hərbi bazalardan alınan istehsal sifarişlərinin icrası əsas maliyyə qaynağı rolunu oynayır. Və bu sifarişlər olmazsa, Almaniya şirkətlərində kütləvi ixtisarlar qaçılmaz xarakter daşıya bilər.

Fransanı ABŞ-dan incik salan səbəblərin sırası isə daha genişdir. Ən sonuncu səbəb kimi isə ABŞ-ın Fransanın əlindən 66 milyard dollar dəyərində hərbi-ticarət müqaviləsini almasını göstərmək olar. Belə ki, Avstraliya hökuməti Fransadan sualtı qayıqların alınmasından imtina etdi. Və əvəzində analoji hərbi texnikanın ABŞ-dan alacağını bəyanladı.

Sonradan məlum oldu ki, bu addımın atılmasında yeni üçtərəfli hərbi blokun - AUKUS-un (Avstraliya, Böyük Britaniya və ABŞ) yaradılmasının xüsusi rolu var. Nəzərə almaq lazımdır ki, Ağ Evin yeni hərbi-siyasi ittifaqlar yaratmaqda əsas hədəfi ilk növbədə ABŞ-ın hərbi-sənaye kompleksinin istehsal etdiyi döyüş texnikası üçün əlavə bazar qazanmaq məqsədi daşıyır. Fransa da növbəti belə hərbi ittifaqın qurbanına çevrilmiş oldu.

Göründüyü kimi, Ağ Ev ABŞ-ın strateji maraqlarının təmin olunmasında xüsusi rol ayırmağa çalışdığı Avropa Birliyi ölkələri ilə kifayət qədər ciddi ziddiyyətlər də yaşayır. Son illərdə belə ziddiyyətlərə daha tez-tez təsadüf edilir. Hesab etmək olar ki, hazırda ABŞ bu qurumun üzvləri ilə əslində, olduqca ciddi münaqişə içərisindədir. Və bu ziddiyyətlərin ABŞ-ın Rusiyaya qarşı başlamağa çalışdığı beynəlxalq siyasi savaşın nəticələrinə neçə təsir göstərə biləcəyi də hələlik müəmmalı xarakter daşıyır.

896a24f52c9a8173cafbe79765744ca2.jpg (175 KB)

Əslində, Ağ Ev Avropa ölkələri ilə belə ziddiyyətləri yaxın keçmişdə iki dəfə yaşayıb. Vaxtilə ABŞ İraqa hərbi müdaxilə etmək istəyərkən, Avropa Birliyi ölkələri buna qarşı çıxmışdılar. Daha sonra isə Avropa Birliyi ölkələri İranın nüvə proqramının ləğvi ilə bağlı müzakirələrdə Ağ Evin sanksiya paketini müdafiə etməmişdilər. Və İran enerji resurslarının Avropaya nəqli məsələsində rəsmi Tehran ilə səhnəarxası anlaşmaya üstünlük vermişdilər.

Hazırda Avropa Birliyi ölkələri Ağ Evin yeni hərbi-strateji AUKUS blokunun yaradılmasından narazıdırlar və hələ də buna kəskin şəkildə etirazları davam etdirirlər. Avropa Birliyində hesab edirlər ki, bu ittifaq anqlosaks hərbi blokudur. Və bu səbəbdən də, anqlosakslara şübhə ilə yanaşmağa səbəblər var.

Maraqlıdır ki, son vaxtlar Avropada ABŞ-a qarşı etiraz dalğasının təşkilatçısı rolunda da məhz AUKUS-un ilk qurbanı Fransa çıxış edir. Eyni zamanda, ABŞ və Avropa Birliyi arasında belə qarşıdurma Fransa prezidenti Emmanuel Makaronun özəl siyasi maraqlarına da cavab verir. Çünki Fransada prezident seçkiləri yaxınlaşır. Bu ərəfədə ABŞ-la qarşıdurmaya öndərlik etmək prezident E.Makrona Ağ Evin təlimatlarını yerinə yetirən dövlət başçısı imicini təmizləmək imkanı verə bilər.

Digər tərəfdən, Avropa Birliyi ABŞ və Böyük Britaniyanın NATO üzrə müttəfiqlərlə məsləhətləşmədən yeni hərbi ittifaq yaratmalarından da ciddi şəkildə narahatdır. ABŞ-ın Əfqanıstanı tərk edərkən də belə davrandığını qətiyyən unuda bilməyən Avropa Birliyi baş verənləri növbəti aşağılama kimi qəbul edir. Üstəlik, AUKUS-un Çinə qarşı qurulmuş ola biləcəyi də istisna deyil.

1591169274_avropa-ittifaqicn.jpg (131 KB)

Ağ Ev isə artıq Avropa Birliyindən Çinlə olan sərfəli əməkdaşlıq layihələrinin ləğvini tələb edir. Ona görə də, indi bu qurum həm də müstəqil Çin siyasətinə malik olmaq hüququ və perspektivdə gözlənilən milyardlarla dollar qazanc qaynağının itirilməməsi uğurunda da mübarizə aparmalıdır. Və mövcud ziddiyyətlərin sırasında ABŞ tərəfindən Böyük Britaniyanın Avropa Birliyindən qoparılması da yer alır.

Maraqlıdır ki, bütün bunlar ABŞ-ın liderliyi altında olan anqlosaks bloku ilə Avropa Birliyi arasında münasibətlərin kəskinləşmə ehtimalını artırır. Bu, yaxın gələcəkdə açıq münaqişə formatında ortaya çıxa biləcək qarşıdurma vəd edir.

İndiki halda, belə vəziyyət ilk növbədə Rusiyanın maraqlarına cavab verir. Çünki, ABŞ və Avropa Birliyi arasında ziddiyyətlər dərinləşərsə, bu, Kremlə Rusiya əleyhinə beynəlxalq düşərgəni parçalamaq şansı verə bilər. Və ona görə də, Rusiya müxtəlif manevrlər ilə öz rəqibləri arasında nifaqın dərinləşməsinə dəstək verməyə çalışır. \"Yeni Müsavat" 

 






Fikirlər