Ağ Evdəkilərin yuxusunu qaçıran dəhşətli "qara ssenari": Rusiya və Çin ABŞ-ın hegemonluğunu bitirə bilər

ABŞ Rusiyadan maliyyə-iqtisadi, Çindən isə hərbi potensial baxımından, üstündür; Çinin maliyyə-iqtisadi gücü Rusiyanın "strateji nüvə çətiri" altında qorunarsa, ABŞ-ın dünya hegemonluğu sona çata bilər...

Dünya nəhəngləri arasında hegemonluq savaşı yeni mərhələyə keçmək üzrədir. Hazırda bu savaşın nəticəsiz qarşıdurma mərhələsi demək olar ki, yekunlaşıb. Və dünya nəhəngləri arasında qüvvələr nisbəti dəyişməz olaraq, qalmaqdadır.

Belə anlaşılır ki, superdövlətlərdən heç birisi öz beynəlxalq mövqelərində elə bir ciddi itki ilə üzləşmədilər. Ancaq bütün cəhdlərə baxmayaraq, onlardan heç birisi öz təsir dairəsini genişləndirməyə də nail olmadı. Nəticədə "nə qələbə, nə məğlubiyyət" durumu ilə barışmalı oldular.

Onu da qeyd edək ki, dünya nəhənglərinin qüvvələr nisbətini dəyişməyə yönəlik cəhdləri məhz Bayden-Putin görüşü ilə sona çatmış oldu. İndi yeni həmləyə hazırlaşma, fərqli və gözlənilməz hərbi-siyasi manevrlərin reallaşdırılması üçün daha uyğun "poliqon"u dəqiqləşdirmə dövrüdür. Və bu, yeni hesablaşma mərhələsinin o qədər də uzaqda olmadığını göstərir.

original-1fw4-800x480.jpg (92 KB)

Maraqlıdır ki, Bayden administrasiyası bu müddət ərzində qarşıya qoyulan heç bir hədəfə çata bilmədi. Halbuki, prezident Co Bayden səlahiyyətlərinin icrasına başlar-başlamaz hər kəsə öz yerini göstərməyi vəd etmişdi. ABŞ-ın son illərdə, xüsusilə də, Tramp administrasiyası dövründə əldən verilmiş beynəlxalq mövqelərini böyük sürətlə geri qaytaracağını bəyanlamışdı.

Əlbəttə, prezident Co Bayden öz vədinə əməl etməyə cəhd göstərdi. ABŞ-ın bütün beynəlxalq hərbi-siyasi təzyiq potensialını işə salmağa çalışdı. Əvvəlcə Rusiya və Çin ABŞ-ın əsas düşməni elan olundu. Ardınca onlardan birinin üzərində hərbi-siyasi təzyiq kampaniyası quruldu.

Hərbi-siyasi hesablaşma üçün isə Rusiya ilə ciddi problemləri olan həmsərhəd Ukrayna poliqon olaraq, seçildi. Eyni zamanda, Ağ Ev ABŞ-ın əsas hərbi-siyasi resursu olan NATO-nu da hesablaşma məkanına yeritdi.

İlk baxışdan, Ağ Evin həlledici qələbə üçün yetərli resurslara malik olduğunu düşünmək olardı. Çünki, ABŞ güclü NATO ölkələrini də yanına alıb, Rusiya ilə həmsərhəd Ukrayna coğrafiyasında Kremli təkləməyə nail olmuşdu. Ancaq qalib gələ bilmədi, böyük sürətlə geri çəkilmək məcburiyyətində qaldı.

Deməli, Ağ Evin əsas düşmənlərdən biri - Rusiya üzərində sürətli qələbə məqsədilə verilən tələsik qərar strateji planın doğru hazırlanmasına əngəl törətmiş olmalıdır. Ən azından Ağ Ev Kremlin eyni sürətlə Rusiyanın qərb sərhədlərinə yetərli sayda canlı qüvvə və hərbi texnika cəmləşdirə biləcəyini dəqiq hesablaya bilməmişdi.

putin-biden-1541156_2.jpg (57 KB)

Üstəlik, Kremlin Rusiya üçün taleyüklü anda nüvə silahından istifadə etməkdən qətiyyən çəkinməyəcəyini açıq şəkildə qərara bağlayacağını da gözləmirdi. Buna hazır olmayan Ağ Ev hərbi-siyasi təşəbbüsün Rusiyanın əlinə keçməsi ilə barışmalı oldu. Və geri çəkilməkdən başqa çıxış yolu qalmadı.

Göründüyü kimi, Bayden administrasiyasının son bir neçə ayda buraxdığı kobud hərbi-siyasi səhvlər ABŞ-ı uğursuz vəziyyətə salıb. Xüsusilə də, Ağ Evin Rusiya və Çini ABŞ-ın əsas düşməni elan etməsi daha ağır nəticələr verə bilər. Çünki bu, həm Rusiyaya, həm də Çinə öz əsas beynəlxalq düşmənlərini dəqiqləşdirməyə yardım edir. Hər halda, Ağ Evin mövqeyi bu dövlətlərin də ABŞ-ı öz düşmənləri hesab etməsinə tamamilə əsas verir.

Məhz bu məqam ABŞ üçün ən arzuolunmaz nəticələr doğura bilər. Çünki indi Ağ Evin düşmən hesab etdiyi bu iki ölkənin də ortaq düşməni var. Rusiya və Çinin ortaq düşmənə - ABŞ-a qarşı ittifaq qurmaları da qətiyyən gözlənilməz olmayacaq.

Məsələ ondadır ki, klassik strategiya anlayışına görə, zəiflərin daha güclü olana qarşı birləşməsi normal özünüqoruma cəhdidir. Üstəlik, güclü hesab edilən tərəf aqressiv və məsuliyyətsiz olanda zəiflərin birləşməkdən başqa çıxış yolu qalmır. Deməli, əslində, qətiyyən zəif dövlətlər hesab edilməsələr də, indiki geopolitik şərtlər daxilində Rusiya və Çinin ABŞ-a qarşı ittifaq içərisinə girməsi artıq qaçılmaz xarakter daşıyır.

cropped putin xi-min.jpg (949 KB)

Heç şübhəsiz ki, Rusiyanın "strateji nüvə çətiri" altında təhlükəsizliyə nail olmuş Çinin maliyyə-iqtisadi qüdrəti Ağ Evin sıxışdırılmasında önəmli rol oynaya bilər. Hər halda, belə bir ortaq güc mərkəzi ABŞ-ın şəriksiz dünya hegemonluğu planları qarşısında keçilməz səddə çevrilməyə də qadirdir.

Ona görə də, buradan belə nəticə çıxarmaq olar ki, Rusiya və Çin öz aralarında hərbi müttəfiqlik müqaviləsi imzalamadıqca, ABŞ-ın dünya üzərindəki hegemonluq mexanizmləri də öz təsirini qoruyacaq. Çünki, ABŞ hərbi imkanlar baxımdan, Çini qat-qat üstələyir.

Eyni zamanda, ABŞ-ın maliyyə-iqtisadi gücü Rusiya ilə müqayisə edilməyəcək qədər üstündür. Bu isə o deməkdir ki, ABŞ-la qüvvələr nisbətini ən azından balanslaşdırmaq üçün Rusiyanın hərbi qüdrəti ilə Çinin maliyyə-iqtisadi gücünü vahid ittifaqda birləşdirmək indiki situasiyada yeganə çıxış yoludur.

Ancaq bu məsələni həll etmək o qədər də asan deyil. Çünki Rusiya-Çin ittifaqı üçün bərabərhüquqlu və paralel faydalı ola biləcək formatı tapmaq da çox çətin məsələdir. Çünki Rusiyanın Çinlə birləşərək, gələcəkdə mütləq rəqibinə çevriləcəyi qətiyyən şübhə doğurmayan bu ölkəni gücləndirməyə hələlik həvəsi yoxdur.

Üstəlik, nəzərə almaq lazımdır ki, Çin sahillərinin hələ toxunulmamış neft-qaz yataqları ilə zəngin olduğu da bildirilir. Əgər, Çin Rusiya ilə birləşib, ABŞ-ı həmin bölgədən çıxartmağa olarsa və bu resurslardan istifadə imkan qazanarsa, yaxın gələcəkdə bu ölkənin maliyyə-iqtisadi qüdrəti rəqabət edilməz səviyyəyə yüksələ bilər. Bu səbəbdən də, Rusiya bir düşməni zəiflətmək üçün özünə gələcəyin düşmənini yaratmağa qətiyyən həvəsli deyil.

44122307_303.jpg (56 KB)

Maraqlıdır ki, Çin də Rusiya ilə ittifaqda ABŞ və NATO-ya qarşı savaşmaq niyyətindən uzaqdır. Çünki Çin öz sənayesinin istehsal etdiyi məhsulların ixracı ilə bağlı ABŞ və NATO ölkələrindən birbaşa asılı vəziyyətdədir. Əgər, münasibətlər gərginləşsə, ABŞ və NATO üzvü olan ölkələr Çin məhsullarının idxalını tamamilə dayandıra bilər. Çin iqtisadiyyatının çökdürülməsi üçün isə bundan yaxşı variant tapmaq çətin olardı.

Göründüyü kimi, ABŞ-ın düşmən elan etdiyi iki ölkənin ittifaq quraraq, özlərini qorumaq şansları var. Ancaq fərqli strateji və iqtisadi maraqlar buna qətiyyən imkan vermir. Nəticədə ABŞ-ın beynəlxalq hegemonluğunun ömrü uzanmış olur.

Ona görə də, ABŞ-ın iki düşməni - Rusiya və Çin hələlik özlərini təkbaşına müdafiə etmək məcburiyyətindədir. Bu durumdan əlbəttə ki, Ağ Evdə məmnundurlar. Halbuki, Ağ Evin aqressiv davranışları, hətta hərbi toqquşma ehtimalını belə, aktuallaşdıran addımları vəziyyəti ciddi şəkildə dəyişdirə də bilər.

Təbii ki, Ağ Evdə Rusiya və Çinin diz çökdürülməsi ssenariləri üzərində işləməyi davam etdirirlər. Halbuki bir ehtiyatsız addımın hər an bu iki dövləti ittifaqa sürükləyə biləcəyini də anlamamış deyillər. Və bu, Ağ Evdəkilərin yuxusunu qaçıra biləcək ən dəhşətli "qara ssenari"dir.  /"Yeni Müsavat" Media Qrupu

 
 

 






Fikirlər