MÜDAFİƏ NAZİRLİYİNDƏ YÜKSƏK RÜTBƏLİ ZABİT MÜƏMMALI ŞƏKİLDƏ ÖLÜB - "Çox məsələləri onun üzərinə yükləməyə çalışırdılar..."

“Müdafiə Nazirliyindəki maliyyə mənimsəmələrinə görə çox yüksək rütbəli bir zabit həyatını itirib”.

Bu barədə "Bakupost.az"a açıqlamasında hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov məlumat verib. O, hələlik həmin şəxsin adını açıqlamaq istəməyib: “Zabitin ölümü açılıb-ağardılmadı, sakitcə ötüşdürüldü. Çünki çox məsələləri onun üzərinə yükləməyə çalışdılar və o insan da dünyasını dəyişdi”.

 

 

 

Nazirlikdəki yeyinti ilə bağlı DTX-nin keçirdiyi əməliyyat zamanı həbs olunanlardan danışan ekspert qeyd edib ki, iş bununla yekunlaşmayacaq: “Çünki hazırda ittiham olunan şəxslər sadəcə icraçılardır. Sənədi imzalayan şəxslər isə onların rəhbərləridir. Maliyyəçinin yeyintilər barədə rəhbərlərə hansı formada məruzə etməsi, hansısa sənədə imza çəkdirməsi və digər məsələlər, yəqin ki, araşdırmadan sonra məlum olacaq”.

Ü.Cəfərov konkret adlar da çəkib: “Bu məsələdə Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirovin adını çəkmək olar, çünki həbs olunanlardan biri Hərbi Dəniz Qüvvələrinin nümayəndəsidir. Daha sonra bu məsələdə general-leytenant Ənvər Əfəndiyevin adını çəkmək lazımdır. İlk növbədə isə ən böyük məsuliyyət Müdafiə Nazirliyinin Maliyyə və büdcə idarəsinin rəisi, general-mayor Nizami Məmmədovun üzərindədir. Bildiyim qədəri ilə onun da bu məsələdə ifadəsi alınıb

Amma saxlanılanlar arasında deyil. Yəqin ki, bu şəxslərin hər birinin hərəkətlərinə hüquqi qiymət veriləcək. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, rəhbər şəxslər məsuliyyət daşımalıdırlar”. 

Ehtiyatda olan zabitin sözlərinə görə, bu məsələyə görə Hesablama Palatası da sorğulanacaq: “Çünki bu illər ərzində onlar Müdafiə Nazirliyini bir neçə dəfə yoxlayıblar. Necə olub ki, maliyyə yeyintilərini görməyiblər, yaxud görmək istəməyiblər? Maliyyə rəisləri qanunu pozublarsa, ən sərt şəkildə cəzalandırılmalıdırlar. Kimin həddi çatar ki, bu qədər faktdan sonra məsələni ört-basdır etsin? Heç kimin həddi üçün deyil”.

Hərbi ekspert düşünür ki, bu məsələdə həbslərin davamı olacaq: “Çox sərt qərarlar veriləcək və addımlar atılacaq. Bu işləri həyata keçirən insanların arxasında dayanan adamlar ifşa edilməli, ordudan qovulmalı və məsuliyyətə cəlb olunmalıdır. Yaxın günlərdə bu məsələ ilə əlaqəli başqa şəxslər – daha yüksək rütbəli şəxslər həbs oluna bilər. Araşdırılandan sonra hər şey aydın olacaq”.

 

 

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. Müdafiə Nazirliyinin Maliyyə idarəsinin rəisi Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov, Müdafiə Nazirliyinin zabiti Vüsal Əlizadə maliyyə yeyintisi ittihamları ilə həbs olunublar. 

Polkovnik Xəlilov yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Bayram Bayramov 2 milyon 635 min, Fərahim Sərkərov 450 min, Vüsal Əlizadə isə 1 milyon 800 min manatı mənimsəməkdə ittiham olunur.






Fikirlər