HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNDƏ YENİ KOMANDAN – Rəsmi təsdiq (Yeniləndi)

hdq-main02

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin olunub. Hərbi mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumata görə, polkovnik Hicran Rüstəmzadə bir neçə gündür Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinin səlahiyyətlərinin icrasına başlayıb, bugünlərdə onun komandan təyin olunması barədə Prezident sərəncamının veriləcəyi gözlənilir.

Polkovnik Rüstəmzadə indiyədək Müdafiə Nazirliyinin Təhlükəsizlik İdarəsində xidmət edib.

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar zamanı ciddi nöqsanlar aşkar olunmuş, komandan Şahin Sultanov tutduğu vəzifədən uzaqlaşdırılaraq həbs olunmuşdu. Bundan sonra HDQ-nın komandanı vəzifəsini qərargah rəisi Şahin Məmmədov icra edirdi.

Bizə verilən məlumata görə, HDQ komandanı vəzifəsinə 2 real namizəd olub –H.Rüstəmzadə və Naxçıvanski adına Hərbi Lisdeyin rəisi general-mayor Mirzə Almasov. Lakin son vaxtlar M.Almasovla bağlı Prezidentə şikayətlər daxil olduğundan onun namizədliyi üzərindən xətt çəkilib.

Hərbi ekspert Üzeyir Cəfərov əməkdaşımızla söhbətdə HDQ komandanı vəzifəsinin H.Rüstəmzadəyə həvalə olunmasını “uğurlu seçim” adlandırıb. Ekspert deyib ki, polkovnik Rüstəmzadə ixtisasca hərbi dənizçidir və savadlı kadrdır.

Onu da qeyd edək ki, H.Rüstəmzadə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqova yaxın zabitlərdən biri kimi tanınır.

***

Müdafiə Nazirliyi Hicran Rüstəmzadənin Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinin səlahiyyətlərinin icrasına başladığını tədsiq edib. “Həqiqətən birinci dərəcəli kapitan Hicran Rüstəmzadə Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrinin icrasına buraxılıb”, deyə, nazirliyin sorğumuza cavabında bildirilir.






Fikirlər