23.05.2014. - Nəcməddin Sadıqov yola salınır...
"AzerTaym.az" xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə Müdafiə Nazirliyindəki hərbi mənbələrdən məlumat verilib.
Verilən məlumata görə, Sadıqovun yerinə əsas namizəd hazırda Şəmkir hərbi birləşməsinin komandiri olan general-leytenant Rövşən Əkbərovdur. Mənbə bildirib ki, məsələ nazir Zakir Həsənovla Rövşən Əkbərov arasında bir neçə dəfə müzakirə olunub. N.Sadıqovun bu dəyişikliyə etiraz etmədiyi bildirilir.
Digər məlumata görə, N.Sadıqov prezidentin hərbi müşaviri, general Vahid Əliyevin yerinə təyin olunacaq. V.Əliyevin sonrakı taleyinin necə olacağı barədə məlumat yoxdur.
Eyni zamanda ehtiyatda olan generallar Talıb Məmmədov və Qabil Məmmədovun yenidən Müdafiə Nazirliyi sisteminə qaytarılması barədə danışıqlar gedir. Xatırladaq ki, T.Məmmədov uzun illər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edib, müharibə illərində isə Milli Ordunun 708-ci briqadasının komandanı olub. Vaxtilə MN-də ən məlumatlı və təcrübəli zabitlərdən biri kimi tanınıb. Lakin 2003-cü ildən başlayaraq MN-in rəhbərliyi ilə aralarında yaranmış bəzi narazılıqlara görə MN mərkəzi aparatından uzaqlaşdırılaraq əvvəl Pakistandakı səfirlikdə hərbi attaşe vəzifəsinə, daha sonra isə nazirliyin Hərbi-Elmi Mərkəzinə (HEM) aşağı vəzifəyə təyin olunub.
General-mayor Qabil Məmmədov isə Bərdə hərbi birləşməsinin komandiri kimi mühüm bir vəzifədən çıxarılaraq əvvəl Qazaxıstandakı səfirlikdə hərbi attaşe, sonra isə MN HEM-də şöbə rəisi vəzifəsinə təyin olunub.
“Doktrina” JHAM-a verilən məlumata görə, yaxın günlərdə polkovnik Rüfət Əmirovun da vəzifəsinin artırılması, onun SQ Baş Qərargahında mühüm vəzifəyə gətirilməsi gözlənilir. Xatırladaq ki, Əbiyev dövründə mülki olaraq Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi vəzifəsində çalışmış R.Əmirov bu yaxınlarda müdafiə naziri Z.Həsənovun əmri ilə yenidən hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsində təyin edilib.