SEPARATÇILARIN MİSGİN DURUMU... – Yaxud Rusiya Ukraynanı şərləmək üçün “LNR” və “DNR” əhalisini necə qurban verir?
“Donbassın işğal olunmuş ərazisindəki əhali arasında panika müşahidə olunur. Öncədən hazırlanmış siyahı əsasında yerli əhalinin dəmir yolu vasitəsi ilə evakuasiyası planlaşdırılır. Yaşlı insanları və uşaq evlərindəki uşaqları faktiki olaraq, güc tətbiq edərək aparırlar”. “AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukraynanın Ombudsmanı Lyudmila Denisova söyləyib. O, ərazidə fəaliyyət göstərən insan haqları təşkilatlarından aldığı məlumatlara əsaslanaraq deyib ki, işğal olunmuş ərazilərdəki şəhərlərin əksəriyyətində vəziyyət sakitdir, əhalinin böyük qismi öz evlərini tərk etmək və harasa getmək istəmir, çünki evakuasiya üçün heç bir əsas olmadığını, bütün bunların düşünülmüş təxribat olduğunu anlayırlar. Ombudsman deyib ki, Rusiya işğal olunmuş ərazilərdə yaşayan Ukrayna vətəndaşlarından alət kimi istifadə edir. O, həmin ərazilərdə yaşayan əhalini təxribatlara getməməyə, sakitliyi qorumağa çağırıb: “Rusiya Ukrayna vətəndaşlarının zorla köçürülməsini silahlı münaqişənin qızışdırılması üçün istifadə edir”. Bu arada qondarma Luqansk və Donetsk “respublika”larının “rəhbərləri” ümumi səfərbərlik elan ediblər. “DNR”-in başçısı və Ukraynada terrorçu elan olunan Denis Puşilin guya Volodimir Zelenskinin orduya hücum əmri verdiyini deyib və bunu bəhanə gətirərək, 700 minə yaxın insanın Rusiyanın Rostov vilayətinə və digər ərazilərinə evakuasiya ediləcəyini bildirib. Hansı ki, həm Zelenski, həm ordu komandanı, general-leytenant Valeri Zalujnı dəfələrlə və açıq şəkildə bildiriblər ki, Ukraynanın hücum etmək niyyəti yoxdur. Zalujnı bununla bağlı xüsusi bəyanatında deyib: “Ukrayna Silahlı Qüvvələri Minsk razılaşmalarına və beynəlxalıq humanitar hüquqa tam sadiqdir, heç bir hücum əməliyyatı və dinc əhalinin atəşə tutulmasını planlaşdırmır. Bizim hərəkətlərimiz yalnız müdafiə xarakteri daşıyır”. Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov isə işğaldakı ərazilərin yalnız diplomatik yolla azad edilməsini planlaşdırdıqlarını deyib: “Bu ərazilərin hərbi yolla azad edilməsinə dair heç bir variant mövcud deyil”. V.Zelenskinin özü də dəfələrlə Ukraynanın hərbi güc tətbiq etmək fikrinin olmadığını bəyan edib. Lakin göründüyü kimi, qondarma qurumların başçıları Moskvadan aldıqları göstərişlər əsasında işğal olunmuş ərazilərdə özləri müxtəlif təxribatlar törədir, sonra da çoxdan alətə, girova çevirdikləri yerli əhalini panikaya, qorxuya salır və Rusiya çöllərinə daşımağa başlayır. O da maraqlıdır ki, qondarma qurumların başçılarının yuxarıda qeyd edilən və guya Ukraynanın hücuma başlaması səbəbindən əhalinin evakuasiyasına dair videoçıxışlarının hələ fevralın 16-da lentə alındığı, bundan iki gün sonra isə efirə verildiyi üzə çıxıb. Yəni ki, bu müraciətlər hələ heç bir ciddi atışma olmayan vaxtda, əvvəlcədən hazırlanıb. Bu isə hər şeyin öncədən planlaşdırılmış təxribat olduğunu bir daha sübut edir. Bir məqamı da qeyd edək ki, işğal olunmuş ərazidə yaşayan əhalinin özü də bugünkü durumun yaranmasında heç də az günahkar deyil. Ukrayna əsilli insanların böyük qisminin tərk etdiyi və əsasən rus əsillilərin və Rusiyapərəstlərin qaldığı həmin ərazidə yaşayan əhali işğaldan öncə Ukraynadan ayrılmağın onlara böyük fəzilətlər qazandıracağını, az qala Moskvadakı oliqarxlar kimi yaşayacaqlarını düşünürdülər. Lakin işğaldan sonrakı illər onların xəyallarını puç etdi və bu bölgə Rusiyanın digər bir çox kasıb əyalətləri kimi, hələ onlardan da artıq dərəcədə geridə qalmış vəziyyətdə, səfalət içində yaşamağa məhkum oldu. Bu da daha çox həmin ərazilərin tanınmaması ilə bağlıdır. Təsəvvür edin ki, beynəlxalq maliyyə sanksiyalarından qorxduqları üçün bir dənə də olsun Rusiya bankı bu ərazilərdə fəaliyyət göstərmir. Əhali yalnız “Cənubi Osetiya beynalxalq hesablaşma bankı” adlı qondarma bir qurumun ümidinə qalıb. Bu üzdən onun bankomatlarının qarşısında daim növbələr durur, insanlar adi kommunal xidmətlərə görə ödəniş etmək üçün zülm çəkirlər. Apteklərdəki dərmanlardan mağazalardakı ərzaqlara qədər hər şey qaçaqmalçılıqla gətirilmiş məhsullar hesab olunur və onlar həm çeşidləri, həm də keyfiyyətləri baxımından ürəkaçan deyillər. Burada vaxtilə Ukraynadan müstəqillik tələb edənlər ən azından Rusiyadakılar qədər pensiya almağa ümid edirdi. Ancaq Rusiya bunu da onlara vermədi və indi buradakı pensiyaçıların böyük əksəriyyətinin pensiyası Ukraynadakından aşağıdır, qiymətlər isə xeyli baha. COVİD-ə qarşı peyvəndlər yalnız Rusiyanın “Sputnik”idir, onu da bir dozadan artıq vurmurlar, çünki yoxdur. Həkimlər də daxil olmaqla, mütəxəssislərin böyük əksəriyyəti buraları tərk edib. Tanınmamış ərazi olduğundan nəinki xarici, heç rusiyalı biznesmenlərin də çoxu bu bölgəyə yaxın gəlmir, sərmayə qoymur. Separatçı hakimiyyətlərin özbaşınalıqları, korrupsiya, Moskvanın xüsusi xidmət orqanlarının total nəzarəti, repressiyalar, özbaşınalıqlar da öz yerində. Üstəgəl, bu gün də Moskva həmin insanları öz ev-eşiyindən didərgin salır, qışın ortasında çöllərdəki çadır şəhərciklərində yerləşdirir və hərəsinə dilənçi payı kimi 10 min rubl(100 dollardan bir qədər artıq) vəd edir, yaşı 55-dən aşağı olan kişiləri işğal ərazisini tərk etməyə qoymur və s. Bir sözlə, Ukraynadan müstəqillik istəyənlər bu gün həmin “müstəqilliyin dadını çıxarmaqla” məşğuldurlar... Qərb liderləri, xüsusilə də ABŞ Prezidenti və Böyük Britaniya Baş naziri, Ukraynanın hərbi rəhbərliyi, eləcə də bir çox mətbu orqanlar Rusiyanın sözügedən ərazidə təxribat törədərək, günahı Ukraynanın üstünə atmaqla bağlı bir neçə varianta əl atacağını əvvəlcədən xəbər vermişdilər. Bu ssenarilərdən biri də Rusiyanın özünün təşkil etdiyi evakuasiya zamanı dinc əhalini daşıyan kolonlara zərbə endirilməsi və bunun guya Ukrayna tərəfindən törədildiyinin iddia olunması planıdır. Nə qədər dəhşətli və alçaq təxribat kimi görünsə də, kifayət qədər inandırıcı gəlir. Çünki qışın ortasında, şaxtada, boranda onsuz da acınacaqlı vəziyyətdə yaşayan qocaları, uşaqları, qadınları Ukraynanın hücum edəcəyilə bağlı saxta bəhanələrlə, zorla küçələrə salıb, sonra da çadılr şəhərciklərinə yerləşdirməyi planlaşdıran zehniyyət öz çirkin siyasi maraqları üçün onları bombalaya da, qətlə yetirə də bilər! Öz hakimiyyətinin ömrünü uzatmaq xatirinə yalançı xarici düşmən obrazı yaradan Rusiya rəhbərliyi bir daha göstərir ki, işğalçı üçün nə öz vətəndaşının, millətinin, nə də digər xalqın nümayəndələrinin həyatı bir “qara qəpiklik” əhəmiyyət kəsb etmir. İşğalçı və hakimiyyət hərisi olan bu adamlar əsrlər boyu dini, məshəbi bir qan qardaşı olan iki slavyan xalqını qarşı-qarşıya qoyaraq, bir-birinə qırdıracaq qədər miskin və amansız ola bilir. Odur ki, bu zehniyyətin idarə etdiyi dövlətdən Ukraynada olduğu kimi, Qarabğda və onun burnunu soxduğu digər bölgələrdə də sülh, ədalət və s. yox, yalnız qan-qada, ədalətsizlik, təkəbbür, yaramazlıq və digər çirkin əməllər gözləmək olar...