Ukrayna vurulsa, Putin "era"sı bitəcək: NATO "çəmbəri" daraldacaq, Rusiyada iğtişaşlar başlayacaq
Ukrayna böhranı Rusiya üçün olduqca ağır nəticələr verməyə başlayıb. Hətta Kreml Ukraynaya hərbi müdaxilə etməsə belə, Rusiya bu böhranın mənfi təsirlərini hələ uzun müddət yaşamalı olacaq. Və bu, Rusiyanın gələcək taleyini müəyyən edə biləcək qədər həlledici faktordur. Birincisi ABŞ və Qərb total informasiya savaşı ilə Rusiyanın beynəlxalq imicini ciddi şəkildə dəyişməyə nail oldu. İndi Rusiyanın beynəlxalq imici sadəcə, korlanmaqla, qalmayıb. Hazırda Rusiya bütün dünyaya qarşı böyük təhlükə törədən aqressiv dövlət kimi qəbul edilir. Bu baxımdan, Kreml hərbi təhdid metodunu ön plana çıxarymaqla, əslində, Rusiyanın özünə ağır zərbə endirib. Digər tərəfdən, Rusiya MDB məkanında tarixi yaddaşı yeniləyib. Bu məkanda yaşayan xalqlar vaxtilə Rusiya İmperiyasının və keçmiş SSRİ-nin necə yarandığını yenicə unutmağa başlamışdılar. Hətta tam unutmasalar belə, hər halda, "Rusiya bir daha öz qonşularını işğal etməz" qənaəti üzərindən keçmişə daha tolerant yanaşmağa üstünlük verirdilər.
Ancaq Ukrayna böhranı ətrafında yaranmış vəziyyət, Rusiyanın aqressiv davranışları həmin qənaətləri böyük ölçüdə dağıtdı. İndi MDB məkanında keçmişi yenidən narahatlıqla xatırlayırlar. Çünki Rusiyanın dəyişmədiyinə, qonşu ölkələri işğal etmək vərdişlərinə sadiq qaldığına əmin oldular. Və bütün bunların qarşılığında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun son dedikləri artıq heç kimə inandırıcı görünməz. Məsələ ondadır ki, Kreml sözçüsü Dmitri Peskov Rusiyanın bütün tarix boyu heç vaxt, heç kimə hücum etmədiyini vurğulayıb. Halbuki, MDB məkanı dövlətlərinin tarixi demək olar ki, elə Rusiyanın hücumlarından ibarətdir. Əgər, Rusiya qonşu ölkələrə hücum etməsəydi, Çar Rusiyası da, keçmiş SSRİ də olmazdı. Hətta Rusiyanın indiki sərhədləri də başqa xalqların torpaqlarının işğalı sayəsində formalaşıb. Və bu baxımdan, "Rusiya heç kimə hücum etməyib" demək vaxtilə Kremlin işğalçılıq siyasətinə məruz qalmış xalqlara qarşı böyük hörmətsizlikdir. İndi dünyada əsas sual Rusiyanın Ukraynaya hücum edib-etməyəcəyi ilə bağlıdır. Qərbdə anlayırlar ki, bu hücum əslində, artıq başlayıb. Kremlin Donbasdan əhalini Rusiyaya köçürməyə başlaması, Ukraynanın bu bölgədəki separatçılara zərbə endirməsi barədə rus mətbuatının dezinformasiya kampaniyası və s. savaşın ilkin mərhələsidir. Rusiya hazırda bu savaşı daha aktiv fazaya keçirtməyə hazırlaşır. Yəni, Rusiya prosesləri Ukraynaya qoşun yeritmək mərhələsinə yaxınlaşdırır. Təbii ki, Rusiyanın Ukraynaya savaş açacağı təqdirdə, müharibədə qalib gələcəyinə heç kim şübhə etmir. Ancaq bu qələbənin Rusiya üçün böyük itkilər hesabına başa gələcəyini elə Kremldə də çox gözəl anlayırlar. ABŞ və Qərbin Rusiyaya qarşı hazırladığı dağıdıcı beynəlxalq sanksiyalarla Kremlin Ukrayna üzərindəki hərbi qələbəsi əslində, yekun nəticədə ağır məğlubiyyətə də çevrilə bilər.
Məhz bu məqamı nəzərə aldıqda, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ və Qərbə kəskin etirazları tamamilə məntiqli görünür. Çünki, prezident V.Zelenski ABŞ və Qərbi Rusiyaya qarşı sanksiyaları gecikdirməkdə qınayır. Onun fikrincə, əgər, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcəksə, bunu Ukraynanın işğal edilib, dağıdılmasını gözləmədən etmək daha məntiqlidir. Və Ukrayna prezidenti bu məsələdə tamamilə haqlıdır. Prezident V.Zelenski Münhen forumunda istirakçıların ayaqüstə alqışları ilə qarşılansa da, Qərbin Ukraynanı Avropa və Rusiya arasında bufer məkana çevirmək cəhdlərindən ciddi şəkildə narazıdır. O, Avropanı Rusiya ilə hərbi-siyasi qarşıdurmada Ukraynanın qurban verilməsindən imtina edib, Kremllə açıq və birbaşa mübarizə aparmağa çağırır. Və Ukraynanın Avropanın qorunması naminə xarabalığa çevrilməsini istəmədiyini qətiyyən gizlətmir. Halbuki, Ukrayna indi yalnız Avropa üçün deyil, həm də MDB məkanı ölkələrinin suverenliyi baxımından da olduqca, əhəmiyyətli ölkədir. Belarus istisna olmaqla, bu məkana daxil olunan ölkələr Rusiyanın Ukrayna üzərində hərbi qələbəsində qətiyyən maraqlı deyil. Çünki, Ukraynanın məğlubiyyəti yaxın gələcəkdə digər MDB dövlətlərinin suverenliyinə də ciddi şəkildə təsir göstərə bilər. Və bu, Rusiyanın postsovet məkanında xof, qorxu yaratsa da, rəğbət qazanmaq şanslarını uzun müddət üçün itirdiyi anlamına gəlir. Ancaq Ukrayna məğlub olarsa, Avropa ölkələri də ciddi itkilərlə üzləşə bilərlər. Bəzi Avropa ölkələrinin, xüsusilə də, Almaniya və Fransanın Ukrayna böhranı ilə bağlı Rusiyanın əlinə oynaması yəqin ki, unudulmayacaq. Həmin ölkələr öz maliyyə-iqtisadi, enerji maraqlarını, şirkətlərinə yönəlik mənfəətləri Ukraynanın gələcək taleyindən üstün tutdular. Və bu, Avropa dövlətlərini yalnız Rusiyadan deyil, elə ABŞ-dan da ciddi şəkildə asılı vəziyyətə sala bilər.
Məsələ ondadır ki, Almaniya və Fransa kimi bəzi "sürüşkən" Avropa ölkələri öz maliyyə-iqtisadi, enerji və s. maraqlarını müvəqqəti olaraq, qoruya bilsələr də, Ukraynanın hərbi məğlubiyyətindən sonra həm də Rusiya ilə birbaşa üz-üzə qalmış olacaqlar. Nəticədə perspektiv hərbi təhlükə həmin ölkələri istənilən halda, ABŞ və NATO-nun hərbi himayəsinə sığınmaq məcburiyyətində qoyacaq. Və bu halda, ABŞ-ın Rusiyaya qarşı hazırladığı beynəlxalq sanksiyaların tətbiq olunmasında istəməsələr belə, əsas yük həmin ölkələrin üzərində qalacaq. Bütün bunlardan belə anlaşılır ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi hamıdan daha çox məhz ABŞ-ın maraqlarına cavab verir. Bir tərəfdən Avropa Birliyi tamamilə Ağ Evin təlimatlarına davamsız vəziyyətə düşəcək. Digər tərəfdən isə, ABŞ əsas beynəlxalq düşməni elan etdiyi Rusiyanı sanksiyalar ilə zəiflətmək imkanları qazanmış olacaq. Bu baxımdan, ABŞ dövlət katibi Entoni Blinkenin "Ukraynada hadisələr ABŞ-ın müəyyən etdiyi ssenari üzrə cərəyan edir" məzmunlu açıqlaması tamamilə məntiqli görünür. Çünki, bu savaşda hamı məğlub duruma düşsə də, yalnız ABŞ mənfəətli çıxmaq şansına sahibdir. Yəni, əgər, bu savaşda kimsə qalib olacaqsa, həmin ölkə məhz ABŞ-dan başqası deyil. NATO baş katibi Yens Stoltenberqin Rusiyadan qorunmaq üçün bütün Qərb dövlətlərini ABŞ-ın ətrafında birləşməyə çağırması da baş verənlərin əsas hədəflərini anlamağa imkan verir.
Böyük Britaniya baş naziri Boris Consonun son açıqlamasına diqqət etdikdə Rusiyanın gələcək taleyinin necə ssenariləşdirildiyini də anlamaq çətin deyil. O, bildirib ki, prezident Vladimir Putin NATO-nun Rusiya sərhədlərindən uzaq olmasını istəyir: "Ancaq o, bunun tamamilə əksini görəcək. Əgər o, NATO-nun Rusiya sərhədlərindən uzaqlaşacağı ilə bağlı ümidlərə qapılıbsa, böyük səhv edir. Putin bundan sonra NATO-nu Rusiya sərhədlərinə daha yaxın bölgələrdə görməli olacaq". Göründüyü kimi, Böyük Britaniya baş naziri Rusiya ətrafında çəmbəri daha da daraltmaq planlarına yönəlik eyhamlar vurur. Belə anlaşılır ki, NATO Rusiya sərhədlərinə daha da yaxınlaşacaq, ABŞ və Qərbin dağıdıcı sanksiyaları qarşısında Kreml bütün bunlara kəskin reaksiya verə bilməyəcək. Və prezident V.Putin sonrakı mərhələdə sosial-iqtisadi problemlərin böhranlı həddə çatma ehtimalı olduğundan Rusiya daxilində baş qaldıracaq etiraz dalğasını yatırtmaqla məşğul olmaq məcburiyyətində qalacaq. Bütün bunlar onu göstərir ki, Rusiyanı və prezident Vladimir Putini daha ağır dövr gözləyir. Prezident Vladimir Putinin reytinqinin aşağı düşmə ehtimalı tamamilə realdır. Və belə vəziyyətdə həm Rusiyanı, həm də hakimiyyəti qorumaq prezident Vladimir Putin üçün elə də asan başa gəlməyəcək. Elçin XALİDBƏYLİ,ABŞ dövlət katibi Entoni Blinkenin "Ukraynada hadisələr ABŞ-ın müəyyən etdiyi ssenari üzrə cərəyan edir" məzmunlu açıqlaması tamamilə məntiqli görünür; "Rusiya xofu" Avropa ölkələrini ABŞ-ın hərbi himayəsi altına sala, beynəlxalq sanksiyalar Kremli zəiflədə, NATO isə Şərqə doğru irəliləmək şansı qazana bilər...
Siyasi ekspert,
"Yeni Müsavat"