İRƏVAN QƏRBİN VASİTƏÇİLİYİNDƏN VƏ SÜLHDƏN İMTİNA EDİR – Azərbaycanın cavabı nə olacaq?

Ermənistan Baş nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün rəsmi Bakıya təklif etdiyi 6 bənddən ibarət paketi açıqlayıb.

Edmon Marukyan 6 bəndi aşağıdakı kimi sıralayıb:

1. Martın 11-də İrəvan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb və ona cavab verir.

2. Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. Burada deyilir ki, Ermənistan MDB-nin yaradılması haqqında Azərbaycan Respublikası ilə 8 dekabr 1991-ci il tarixli sazişə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb. Ermənistan onu 1992-ci il fevralın 18-də ratifikasiya edib (Yəni imzalanan zaman tərəflər bu struktura qoşularaq bir-birini tanıyıblar).

3. Erməni tərəfi üçün “Dağlıq Qarabağ” ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də “Dağlıq Qarabağ”ın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.

4. Erməni tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında göstərilən öhdəliklərin (müharibə əsirlərinin qaytarılması, kommunikasiyaların açılması) yerinə yetirilməsini vacib hesab edir.

5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.

6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.

 

 

Xatırladaq ki, rəsmi Bakı hələ fevral ayında Ermənistana sülh müqaviləsinin aşağıdakı 5 baza prinsip əsasında hazırlanmasına dair sənəd vermişdi:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Rəsmi Bakı qeyd edir ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

Bəs, iki ölkə hökumətinin açıqladığı sənədlər bölgə üçün hansı perspektivi vəd edir?

İlk növbədə qeyd edək ki, Ermənistanın açıqladığı 6 bəndlik təkliflər paketi Azərbaycanın irəli sürdüyü 5 əsas baza prinsipindən müəyyən qədər fərqlənir. Əsas fərqlər bundan ibarətdir:

Əvvala, Ermənistan Qarabağda qalan azsaylı ermələr üçün status müəyyənləşdirilməsini istəyir. Rəsmi Bakı müharibədən dərhal sonra bəyan edib ki, bölgədə yaşayan ermənilərə hər hansı status verilməyəcək, amma Azərbaycan vətəndaşları kimi, onların bütün hüquqlarının qorunmasına təminat verməyə hazırdı.

İkincisi, Ermənistan danışıqlar prosesinin hələ də artıq mövcud olmayan ATƏT-in Minsk Qrupunun egidası altında aparılmasını istəyir. Azərbaycanın mövqeyi belədir: vasitəçilər ancaq Azərbaycan və Ermənistan arasında aparılacaq sülh danışıqlarına töhfə verə bilərlər. Müharibədən əvvəlki danışıqlar formatına heç bir halda qayıdılmayacaq və Qarabağla bağlı məsələ müzakirə predmeti ola bilməz. Proses ancaq 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlar tamamilə nəzərə alınmaqla davam etdirilə bilər.

Üçüncüsü, Ermənistan Azərbaycanın “Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi” təklifinə aydın cavab vermir.

Nəhayət, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Qarabağın yuxarı hissəsi ilə bağlı iddialarından əl çəkdiyini açıqlamır. Bu da rəsmi Bakı üçün qəbuledilməzdir. Azərbaycan BMT-nin qəbul etdiyi ərazi bütövlüyü və suverenliyin qeyd-şərtsiz qəbul edilməsini istəyir.

 

 

Diqqətçəkən məqamlardan biri də Ermənistanın ancaq Rusiyanın patronajlığı altında qəbul edilən bəyanatlara istinad etməsidir. 15 dekabr 2021 və 6 aprel 2002-ci ildə Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə ölkə rəhbərləri tərəfindən razılaşdırılan bəyanatlar xatırlanmır. Bu da kifayət qədər ziddiyətli məqamdır.

Təkliflərdə üst-üstə düşən bəzi maddələr də var. Azərbaycan və Ermənistan müharibədən sonra qəbul edilən bəyanatlarda yer alan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edirlər. Amma bu günə qədər sərhədlərin açılması, kommunikasiyaların bərpası ilə bağlı hər hansı addım atılmayıb. Azərbaycan dəfələrlə bu məsələni qaldırıb, amma Rusiya və Ermənistan öhdəliklərin icrası ilə bağlı əməli iş görməyib.

Hər iki tərəf sülh danışıqlarının başlanmasını zəruri sayır. Amma Ermənistan “Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı”-nı xüsusi vurğulamaqla erməni azlığının öz müqəddəratını təyinetmə iddialarından əl çəkmədiyini göstərir. Xatırladaq ki, rəsmi Bakı onlara hər hansı status verilməyəcəyini bəyan edib.

 

 

Beləliklə, Ermənistanın açıqladığı 6 bəndlik təkliflər İrəvanın ədalətli sülh prosesinə başlamaq niyyətindən uzaq olduğunu göstərir. Rusiyanın və onun dəstəklədiyi müxalifətin təzyiqləri altında olan Paşinyan hakimiyyəti danışıqları uzatmağa, vaxt qazanmağa çalışır.

Azərbaycan rəhbərliyi isə prosesin sonsuza qədər uzana bilməyəcəyi mesajını verib. Rəsmi Bakının addımlarının nələrdən ibarət olacağı yaxın zamanlarda bilinəcək: Paşinyana zaman tanınacaq, yoxsa Ermənistanı yekun sülhə məcburetmə tədbirlərinə start veriləcək?

“AzPolitika.info”

 

 






Fikirlər