Azərbaycanda rüşvət yarası: cəzalar daha da artacaq

"Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır".

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxış edərkən belə deyib.
Dövlət başçısı məhkəmə sistemində islahatların davam etdiriləcəyini vurğulamaqla yanaşı, demokratik dövlətlərdə hakimiyyətinin əsas qollarından birini təşkil edən sistemdəki yeniliklərin sürətləndirilməsi ilə yanaşı, mövcud nöqsanların aradan qaldırılması istiqamətindəki işlərin daha da ciddiləşdirilməsinə zərurət duyulduğunu cəmiyyətin nəzərinə çatdırıb.
Məhkəmə sistemindəki nöqsanların aradan qaldırılması istiqamətində effektiv vasitələrdən biri də "Elektron məhkəmə" informasiya sistemidir.
Şəkidəki məhkəmə kompleksində bu sistem var və deməli, vətəndaşlar həm məhkəmənin işinin şəffaflığının, transparentliyinin təminatı istiqamətində dövlətin maraqlı olduğunu görürlər, həm də bürokratik əngəllərin azalmasının şahidi olurlar.
Dövlət başçısı da bunu deyir: "Məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə "Elektron məhkəmə" informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcəkdir.
Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində "Elektron məhkəmə" informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür".
Azərbaycan məhkəmələrində qərəzli yanaşma, ədalətin pozulması, qeyri-obyektiv hökmlərin verilməsi, yanlış qərarların çıxarılması ilə bağlı faktların ümumiyyətlə geridə qalması gərəkdir. Bunun üçünsə ən əsas məsələ qərəzli yanaşmanın aradan qaldırılması, korrupsiya hallarına qarşı mübarizənin daha ciddi aparılmasıdır.

Yəni məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır və bunun üçün də beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsi sürətləndirilməlidir.
Təbii ki, bütün ölkələrdə məhkəmə qərarları arasında ədalətsiz, yanlış hökmlər olur. ABŞ və Avropa Birliyindəki məhkəmələrlə bağlı yetərincə belə faktlar, presedentlər var.
Di gəl, bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. 
Azərbaycanda da belə olmalıdır. Çünki ədalətli məhkəmə, daha doğrusu, məhkəmə ədaləti demokratik inkişaf və cəmiyyətin tərəqqisi üçün olduqca önəmli məsələdir.
Heç bir ölkədə məhkəmə sistemi ideal deyil, qüsursuz sayıla bilməz. Buna rəğmən, Avropa ölkələrindəki məhkəmə sistemi Azərbaycan üçün nümunə ola bilər və olmalıdır da. Avropa Birliyi dövlətlərindəki müsbət təcrübəni, proqressiv halları və məqamları mütləq şəkildə Azərbaycan məhkəmələrində tətbiq etməliyik.
Bunun üçün "velosiped icad etmək", araşdırmalar aparmaq, fundamental təhqiqatlara varmaq gərək deyil. Hər şey göz qabağındadır. Özünü doğrultmuş təcrübə, praktika var və onları ölkəmizdə tətbiq edərkən real addımlar atılmalıdır.
Yalnız belə olarsa Azərbaycanda məhkəmə sisteminin şəffaflığı artacaq, xoşagəlməz hallara qarşı yürüdülən siyasət daha effektiv olacaq.
İlham Əliyev daha sonra bildirib: "Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilmişdir. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılırlar. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək".

Prezident korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə həddən ziyadə iradəli, qətiyyətlidir və bu, cəmiyyətə verilmiş aşkar messicdir.
"Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün" - deyən dövlət başçısı məhkəmə-hüquq sistemindəki rüşvətxorluqla korrupsiyanın kökünün kəsilməsində qərarlı olduğunu bir daha nümayiş etdirdi.
O, çıxışında söyləyib: "İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun".

Hər şey ədalətli olmalıdır

Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir.

Məhz belə - məhkəmələr postfaktum olsa da, sadalanan qanunsuzluqları, cinayətləri adekvat dəyərləndirməli və Azərbaycanda kimsənin qanunların fövqündə durmadığını anlamalıdır.
Qanun hamı üçündür, razıyam. Amma hamının da qanun üçün çalışması, qanunlara riayətin təmin olunmasına can atmağı, orta statistik vətəndaşdan tutmuş, yüksək vəzifəli məmura və nazirədək hər kəsin - istisnasız olaraq hər kəsin - qanun qarşısında məsuliyyət baxımından eyni müstəvidə, eyni mövqedə sayılması gərəkdir.
Gərəkdir, belə də olacaq. Əksini düşünənlər, puluna, vəzifəsinə, qohumlarına, tanışlarına və ya keçmiş xidmətlərinə güvənərək harınlayanlar, yolunu azanlar, xalqa yuxarıdan aşağı baxmağa başlayanlar dərhal cəzalarını almalıdırlar.
Azərbaycan prezidentinin nitqində daha bir önəmli məqam: "Heç bir cəmiyyət kamil deyil. Hər bir ölkədə pozuntular var. Misal üçün, inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılırlar. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır. Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir.

Ona görə də məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlar və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq. Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik".

Yetərincə aydın, konkret sözlərdir.
Bunu məhkəmə-hüquq sisteminidə çalışanlarla yanaşı, bütün məmurlar əzbərləməlidirlər. 
...Azərbaycan ölkədəki prosesləri xalqın müəyyənləşdirdiyi ölkələrdən biridir. Əsas prinsiplərimiz də təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasətdir.

Belədirsə, məhkəmə-hüquq sistemi daha sürətlə inkişaf etməli, xalqın ədalətini xalq üçün ədalətə çevirməlidir. 

 Orxan Hun

 






Fikirlər