Azərbaycan ordusu tarixi yenidən yazdı: Cənubi Qafqazın taleyi NECƏ DƏYİŞDİ...

Rəsmi Bakı “Dağlıq Qarabağ münaqişəsi”nin hərbi yolla həll yoxdur” bəyanatları ilə problemi 30 ilə yaxın bir müddətdə uzadan Minsk Qrupu həmsədrlərinə bunun tam əksini sübut etdi... Azərbaycan ordusu cəmisi 44 gün ərzində Ermənistan üzərində tarixi zəfər qazanmaqla, Cənubi Qafqazın dinc inkişaf perspektivləri qarşısındakı əsas əngəli aradan qaldırdı, regiona sülh və sabitlik şəraitində iqtisadi yüksəliş şans açdı...

27 sentyabr 2020-ci il Azərbaycan tarxinin ən parlaq səhifələrindən biridir. Məhz bu tarixdə Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyətli addımı atıb. Azərbaycan ordusu ölkəmizin 20 faiz ərazisini Ermənistanın işğalından azad etmək üçün hərəkət keçib və düşmən üzərində tarixi zəfər qazanıb. Və Azərbaycan ordusunun bu parlaq tarixi zəfəri bütün Cənubi Qafqaz regionunun gələcək taleyini dəyişib.

Məsələ ondadır ki, Azərbaycan bu tarixi günü artıq hər il təntənə ilə qeyd edir. Erməni toplumu üçün isə eyni fikirləri söyləmək qətiyyən mümkün deyil. Belə ki, Ermənistan cəmiyyətində, eləcə də, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarının arxasına sığınmış erməni terrorçu-separatçılar 27 sentyabrı hər dəfə bir neçə dəqiqəlik sükutla qeyd etmək məcburiyyətində qalıblar. Çünki məhz həmin tarixi gündə Azərbaycan ordusu “erməni xəyalları”nı həmişəlik puça çıxarıb.

6f4b4ed77c899cb0ca4a70591b7bad2c.jpg (180 KB)

Erməni toplumunun Azərbaycana qarşı ənənəvi düşmənçiliyinin nə az, nə çox, düz 200 illik tarixi var. Belə ki, Çar Rusiyası tərəfindən Azərbaycan ərazilərinə köçürüldükləri gündən ermənilər bir qayda olaraq, yalnız düşmənçilik və terrorçuluqla məşğul olublar. Ermənilər davamlı olaraq, Azərbaycanlılara qarşı kütləvi qətliamlar törətməklə yanaşı, Çar Rusiyası tərəfindən məskunlaşdırıldıqları Azərbaycan ərazilərində milli toponimlərimizi dəyişməyə, yaşayış məntəqələrimizi ələ keçirtməyə çalışıblar.

Keçmiş SSRİ dönəmində də erməni toplumu Azərbaycanın tarixi ərazilərində milli-etnik təmizləmə prosesini davam etdirib. 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı, indi Ermənistan adlanan öz tarixi dədə-baba yurdlarından deportasiya olunub və Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildəsə, daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulub və nəticədə Ermənistan monoetnik dövlətə çevrilib.

Elə həmin 1988-ci ildə başlayan Qarabağ hadisələri, “erməni ideoloqları”nın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyanı reallaşdırmaq cəhdiləri ucbatından kəndlər, şəhərlər dağıdılıb, on minlərə günahsız insan həyatını itirib, yüz minlərlə azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşüb. Üstəlik, Azərbaycan ərazilərinin 20 faizi xarici himayədarlarının dəstəyi ilə Ermənistan tərəfindən işğal olunub. Və beynəlxalq qurumlar bütün erməni cinayətlərinə sadəcə, “göz yummaq”la kifayətləniblər.

ABŞ, Rusiya və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu problemin həllini məqsədli şəkildə 30 ilə yaxın bir müddətdə uzatmağa nail olub. Ermənipərəst mövqe tutan hər üç ölkə işğalçı və işğala məruz qalmış tərəfi eyniləşdirməyə çalışdığından sülh danışıqları prosesi uğursuz olub. Halbuki, Minsk Qrupunun fəaliyyət göstərdiyi onilliklər ərzində Ermənistan hərbi təxribatları həmişə davam etdirib, atəşkəsi hər gün pozub.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Əslində, 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunun hərbi əməliyyatlara başlaması da məhz Ermənistanın atəşkəsi pozması, silahlı təxribatlar törətməsi ilə bağlıydı. Belə ki, Ermənistan ordusunun Azərbaycanın dinc yaşayış məntəqələrinə ağır silahlardan atəş açması nəticəsində çoxlu sayda insan həyatını itirdi. Ermənistanın bu hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Prezident İlham Əliyev dərhal Azərbaycan ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmri verməli oldu.

Məhz Azərbaycan liderinin həmin əks-hücum əmri və Azərbaycan ordusunun parlaq hərbi zəfəri Cənubi Qafqazın həm tarixini dəyişdi, həm də regionun gələcək taleyində yeni mərhələ açdı. İndi Cənubi Qafqazın şəriksiz geopolitik iradə sahibi olan lider dövləti Azərbaycandır. Bu regionda geopolitik proseslər məhz rəsmi Bakının qərarları ilə istiqamət alır.

Ermənistan isə II Qarabağ savaşında biabırçı məğlubiyyətə uğramasından sonra şikayətçi dövlətə çevrilib. Bu düşmən ölkənin bir neçə həftə ərzində darmadağın edilmiş ordusu hələ də bərpa edilməyib. Azərbaycanın “dəmir yumruq” zərbəsi ilə vaxtaşırı üzləşən Ermənistan yəqin ki, hələ uzun müddət normal döyüş qabiliyyətinə malik orduya sahib olmayacaq.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Azərbaycan ordusu 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatlarına başlamaqla, Ermənistanın beynəlxalq himayədarlarının – Minsk Qrupu həmsədrləri ABŞ, Rusiya və Fransanın riyakar vasitəçilik missiyasını da ifşa etməyi bacardı. Belə ki, Minsk Qrupu həmsədrləri son 30 ilə yaxın bir müddətdə israrla vurğulayırdılar ki, “Dağlıq Qarabağ münaqişəsi”nin hərbi yolla həlli yoxdur. Azərbaycan ordusu isə bunun əksini – bu problemin sülh yolu ilə həllinin olmadığını sübuta yetirdi. Minsk Qrupu həmsədrlərinin 30 il ərzində sülh danışıqları ilə həll edə bilmədiyi problemi cəmisi 44 gündə hərbi yolla nizamladı.

İndi bu səbəbdən də, Minsk Qrupu öz fəaliyyətini dayandırıb. ABŞ və Fransa bu qurumu yenidən bərpa etməyə çalışsa da, Azərbaycan buna imkan vermək niyyətində deyil. Rəsmi Bakı Azərbaycan ordusunun 44 günlük savaşda qazandığı zəfərin yaratdığı yeni geopolitik situasiyanı və şərtləri qorumağa üstünlük verir. Hazırda regionda geopolitik proseslər Azərbaycanın nəzarəti altındadır. Və rəsmi Bakı beynəlxalq ermənipərəst dairələrin regionu öz maraqlarının girovuna çevirmək cəhdlərini qətiyyətlə bloklamaqda davam edir.

Təbii ki, rəsmi Bakı tamamilə doğru addımlar atır. Çünki, Ermənistana revanşist mövqedən çıxış etmək imkanı vermək yolverilməzdir. Cənubi Qafqazın yenidən 27 sentyabr 2020-ci il tarixindən əvvəlki dönəmə - keçmişə qaytarılması region üçün böyük fəlakətlərə səbəb ola bilər. Azərbaycan ordusunun tarixi zəfəri regionun dinc inkişaf perspektivlərinin önündəki əsas əngəli – Ermənistanın işğalçılıq siyasətini aradan qaldırıb. Bu yeni situasiya Cənubi Qafqazın sülh və əminamanlıq, sabitlik şəraitində iqtisadi cəhətdən inkişafı üçün böyük bir şansdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər